""Facebook"da şərh yazmaq üçün şəxsiyyət vəsiqəsi tələb olunsun!" - Siyavuş Novruzovdan unikal təklif
Sosial şəbəkələrə şərh yazmaq üçün şəxsiyyət vəsiqəsi ilə qeydiyyatın tələb edilməsi zəruridir.
Bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov parlamentdə bu gün "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
S.Novruzov bildirib ki, ölkəmizdə internet tam şəkildə azaddır: "İstənilən adam istədiyini təhqir edir, amma başa düşmür ki, bunu hər kəs oxuyur. Saxta profil açıb istədiyi fikri yazır. Burada məsuliyyət müəyyənləşdirilməlidir. Xaricdə hər hansı bir portal yaradıb Azərbaycanın ordusu, əsgəri ilə bağlı yazılar yazırlar. Sonra oradan götürüb o xəbərləri verənlər var. Sonra bu yalan xəbərləri pozurlar. Görürsən ki, onlar hansısa bir formada ölkədən qaçanlardır. Bu informasiyalar cəmiyyətə təsir edir".
S.Novruzov hesab edir ki, informasiya təhlükəsizliyi vacib məsələdir: "Bu qanun layihəsini bir qədər də sərtləşdirməliyik".
S.Novruzov qeyd edib ki, dünyada intiharın sayına görə Avropa ölkələri var ki, birinci yerdədir: "Sovetlər birliyində intihar, avtomobil qəzası yox idi? İnternet saytlarında daha önəmli məsələni kənara qoyub, bu məsələləri populyarlığa görə önə çıxarırlar. Bunu etməklə digərlərini də buna təhrik edirlər. Televiziyalarımızda verilişlərin əksəriyyəti cinayət xronikası verir. Tələm-tələsik informasiyanı cəmiyyətə çatdırmaqla xal qazanmaq düzgün deyil. Bu informasiyalar bəzi insanları həmin mənfi istiqamətlərə yönəldir".
///Trend