Fərid Şəfiyev: İranın Naxçıvana dron hücumu qəsdən həyata keçirilmiş addım idi

BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev Azərbaycanın Naxçıvan bölgəsində mülki obyektlərə edilən dron hücumu ilə bağlı açıqlama verib. O bildirib ki, mövcud məlumatların təhlili hücumun təsadüfi deyil, qəsdən həyata keçirilmiş addım olduğunu göstərir.
Onun sözlərinə görə, qərarın Tehran səviyyəsində, yoxsa daha aşağı komandanlıq tərəfindən qəbul edildiyi hələ də dəqiq məlum deyil. Lakin İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqələndirilən qeyri-rəsmi mənbələr hücum qərarının məhz bu struktur tərəfindən verildiyini ehtimal etməyə əsas yaradır.
Şəfiyev qeyd edib ki, hücum tək bir pilotsuz uçuş aparatı ilə deyil, bir neçə dron vasitəsilə həyata keçirilib. Onların hədəfi Naxçıvanda iki mülki obyekt – beynəlxalq hava limanı və məktəb olub. Ekspert hesab edir ki, Türkiyəyə qarşı raket hücumu da təsadüfi deyil və qəsdən atılmış addım kimi qiymətləndirilməlidir.
BMTM sədri vurğulayıb ki, Türkiyə və Azərbaycan münaqişə zamanı neytral mövqe tutmalarına baxmayaraq, belə addımların atılması suallar doğurur. Onun fikrincə, Azərbaycanın guya ötən il İsrailə hərbi və ya digər formada yardım göstərməsi barədə yayılan məlumatlar saxta olub və heç bir ciddi sübutla təsdiqlənməyib.
Şəfiyev bildirib ki, bəzi radikal dairələr münaqişəni genişləndirməklə digər ölkələrə zərər vurmağa, həmin ölkələrdə ABŞ və İsrailin hərbi əməliyyatlarına qarşı narazılıq yaratmağa və beynəlxalq ictimaiyyətə meydan oxumağa çalışırlar.
Onun sözlərinə görə, **Abbas Əraqçi**nin açıqlamaları da göstərir ki, Tehran rəsmi olaraq müsəlman ölkələrini hədəf almadığını bildirsə də, ABŞ-la əlaqəli hesab etdiyi obyektləri vurduğunu iddia edir. Bu isə o deməkdir ki, İran qonşu ölkələrdə yerləşən bəzi obyektləri, o cümlədən hava limanlarını ABŞ-la əlaqəli hesab edə bilər.
Şəfiyev əlavə edib ki, İranın davranışlarını ənənəvi rasional məntiq çərçivəsində izah etmək hər zaman mümkün olmur. Onun fikrincə, bu yanaşma Tehranın regional layihələrdə, o cümlədən Şimal–Cənub nəqliyyat dəhlizi və Xəzər dənizinin hüquqi statusu ilə bağlı proseslərdə uzunmüddətli ləngimələr yaratması ilə də özünü göstərir.
Ekspert sonda qeyd edib ki, İranın daxili siyasətində də oxşar yanaşma müşahidə olunur: ölkə böyük enerji ehtiyatlarına malik olsa da, əhali tez-tez su və elektrik çatışmazlığı ilə üzləşir. Bu isə Tehranın regiondakı digər dövlətlərin maraqlarını nə dərəcədə nəzərə aldığı barədə suallar yaradır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.