AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Xələf Xələfovun XİN-ə dönüşünün pərdəarxası

  • + A
  • - A
  • 7-05-2019, 11:09

    Xələf Xələfovun XİN-ə dönüşünün pərdəarxası














    Ekspertlər “Xələf Xələfov kimi peşəkar diplomata böyük ehtiyacımız var” deyirlər

    Prezident İlham Əliyevin sərəncamı ilə Nazirlər Kabineti Aparatının rəhbəri Xələf Xələfovun yenidən xarici işlər nazirinin müavini təyin edilməsi geniş müzakirələr doğurub. Beş ay öncəyə qədər indiki vəzifəsində olan X.Xələfovun hansı səbəbdən geri qaytarıldığı yönündə müxtəlif mülahizələr irəli sürülür.

    Deputat Fəzail Ağamalı musavat.com-a X.Xələfova XİN-də ehtiyacın olduğunu söylədi: “Xələf Xələfov kifayət qədər təcrübəsi olan diplomatlarımızdan biridir. O, uzun illər XİN-də yüksək vəzifələrdə çalışıb, ən müxtəlif ciddi və mürəkkəb proseslərin içərisində olub, onun Azərbaycanın dövlət maraqlarına uyğun şəkildə həll edilməsinə öz töhfələrini verib. Sanki Xələf Xələfov getdikdən sonra artıq Gürcüstanla sərhəd məsələsi başladı. Gürcüstanla yaranan bu sərhəd məsələsi, bu ölkənin prezidentinin məsələyə gözləmədiyimiz şəkildə bu cür mövqe sərgiləməsi, Xəzərin statusu ilə bağlı İran və Türkmənistanın mövqeyi ilə Azərbaycanın mövqeyi arasında fərqli yanaşmaların olması və digər bu kimi məsələlər XİN-də Xələf Xələfov kimi diplomatın olmasına ehtiyac yaradır. Eyni zamanda biz işğal edilən ərazilərimizi azad etdikdən sonra münasibətlərimizi hansı bir səviyyədə, sərhədlər çərçivəsində müəyyənləşdirən zaman bizim Xələf Xələfov kimi peşəkar diplomata böyük ehtiyacımız var. Ona görə də düşünürəm ki, ölkə prezidentinin atdığı bu addım çox düzgündür.

    Hörmətli baş nazirimiz aparat rəhbərliyinə sınaqlardan keçmiş, kifayət qədər təcrübəsi olan istənilən bir şəxsi təyin edə bilər. Lakin o şəxs Xələf Xələfovun aparmış olduğu missiyanı yerinə yetirə bilməz. Çünki bunun üçün xüsusi bir qalibiyyət, istedad və uzun illərdən bəri toplanmış təcrübə lazımdır. Bu baxımdan düşünürəm ki, Xələf Xələfovun xarici işlər nazirinin müavini təyin edilməsi, eyni zamanda sərhədlərlə bağlı danışıqlarda prezidentimizin səlahiyyətli nümayəndəsi kimi təsdiq edilməsi çox uğurlu bir addımdır. Ölkə başçısının bu addımını birmənalı şəkildə dəstəkləyir, yüksək qiymətləndirirəm. Onun xarici işlər naziri təyin edilməsinin vacibliyi barədə verdiyiniz suala gəlincə, deyə bilərəm ki, bu məsələ ölkə prezidentinin səlahiyyətindədir. Cənab prezident belə bir addım atsa, bu onun konstitusion hüquqi kimi başa düşülməli və qəbul edilməlidir. Xələf Xələfovun dövlətçiliyimiz qarşısında çox böyük töhfələri var”.

    Deputat hakimiyyətin kadr potensialının az olması barədə deyilənlərlə razılaşmır: “Şübhəsiz ki, XİN-də bu işlərlə məşğul ola biləcək şəxslər var. Amma onların biliyi, bacarıqları, görünür, Xələf Xələfov səviyyədə deyil. Onun kimi diplomat olmaq üçün uzun illərə ehtiyac var. Diplomatik missiya elədir ki, orada bilik, savad, ağıl, dünyagörüşlə bərabər həm də təcrübəyə böyük ehtiyac var. XİN-in də ciddi kadr problemi içərisində olduğunu düşünmürəm. Orada yeni nəslin nümayəndələri də var. Onlar çox istedadlı və perspektivlidirlər. Bir neçə ay öncəyə qədər XİN-də mətbuat xidmətinin rəhbəri olan Hikmət Hacıyevi burada misal çəkə bilərəm”.

    “Atlas” Araşdırmalar Mərkəzi bu təyinatla bağlı analitik yazı ilə çıxış edib: “Prezident İlham Əliyevin sərəncamı ilə Xələf Xələfov yenidən xarici işlər nazirinin müavini vəzifəsinə təyin olundu. Nədən prezident Xələf Xələfovu yenidən öz vəzifəsinə qaytardı? Axı o, 5 ay bundan öncəyə qədər də bu vəzifədə idi.

    Baş nazir Novruz Məmmədovun sərəncamı ilə Xələf Xələfov 2018-ci ilin dekabr ayında Nazirlər Kabinetinin aparat rəhbəri təyin olunmuşdu. Aydındır ki, o zaman bu qərar prezidentlə razılaşdırılmışdı. Belə düşünülürdü ki, 25 ildən sonra Xəzərin hüquqi statusunu müəyyənləşdirən konvensiya imzalandı və Azərbaycanı bu illərdə danışıqlarda təmsil edən Xələf Xələfovun missiyası da uğurla yerkunlaşmış oldu. Ancaq bu arada yeni problemlər çıxdı. Prezidenti sərəncamı ilə Xələf Xələfov nazir müavini təyin olunmaqla yanaşı ona dövlət başçısının sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi vəzifəsi həvalə olundu. Elə təyinatın əsl mahiyyəti də bundadır.

    Birincisi, Xəzərin hüquqi statusu ilə bağlı yekun konvensiya imzalansa da, Azərbaycan bundan sonra dənizin dibinin bölüşdürülməsi ilə bağlı Türkmənistan və İranla danışıqları davam etdirməlidir. Çünki konvensiya bu məsələni həll etməyib.

    İkincisi, son günlərdə Gürcüstan-Azərbaycan sərhəddində baş verən insidentlər bu istiqamətdə də danışıqları zəruri edir. Sərhəd məsələsini müəyyənləşdirməli olan iki ölkənin Dövlət Komissiyasının sonuncu iclası 2011-ci ildə Bakıda keçirilib. Bundan sonra danışıqlar dayanıb. Komissiyanın işini yenidən canlandırmaq aktuallaşıb.

    Beləliklə, bu iki məsələnin həllində Azərbaycan prezidentinə peşəkar köməkçi lazımdır. Sərhəd mövzusunda təcrübəli diplomat Xələf Xələfov bu məsələlərin həllində əsas rol oynamalıdır. Sadəcə, Xələf Xələfovun yenidən köhnə vəzifəsinə qaytarılması həm də ondan xəbər verir ki, mövcud sahədə kadr çatışmazlığı var, yoxsa eyni diplomatı köhnə vəzifəsinə niyə qaytarırdılar ki?”


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR