Prezident İlham Əliyevin Brüsselə səfəri zamanı İspaniyanın El Pais qəzetinə verdiyi müsahibə Azərbaycan diplomatiyasının növbəti uğurudur.
Cənab İlham Əliyevin xarici ölkə kiv-lərinə verdiyi müsahibələri izləyəndə, şahidi oluruq ki, artıq milli maraqlarımızın fəal müdafiəsi üçün Azərbaycan hücum diplomatiyası yox, ictimayi diplomatiya yürüdür. Cənab Prezident dəfələrlə qeyd etmişdir ki müasir diplomatiyada ictimai diplomatiya adlanan istiqamət bu mənada böyük əhəmiyyət kəsb edir. Çünki ictimai diplomatiyanın vasitəsilə ölkənin maraqları xarici auditoriyalara və beynəlxalq ictimaiyyətə çatdırılır. İctimai diplomatiya nəticəsində ictimai rəydə ölkənin milli maraqları haqqında dürüst fikir yaranır və mahiyyət etibarilə beynəlxalq dəstək əldə edilir. Müasir dövrdə Azərbaycanın belə pozitiv beynəlxalq ictimai rəyə və dəstəyə ehtiyacı çoxdur. Vətən müharibəsində əldə etdiyimiz qələbənin nəticələrini beynəlxalq müstəvidə möhkəmləndirmək üçün hazırda diplomatiyanın ictimai istiqamətinə ehtiyac çoxdur. El Pais qəzeti ispan və ingilis dillərində yayımlanır. Qəzet təkcə İspaniyada deyil, həm də bütün Avropada geniş oxucu kütləsi olan nəşr hesab edilir. Məhz buna görə də Avropa ictimaiyyətinə çıxış baxımından El Pais qəzeti yaxşı platforma hesab olunur. Prezident İlham Əliyev də xarici diplomatiyanı peşəkar bildiyindən, yaradılan fürsətdən tam yararlanaraq hücum diplomatiyamızı ictimai diplomatiya müstəvisində növbəti dəfə nümayiş etdirdi.
Bu müsahibə informasiya sferasında fəaliyyətimizin beynəlxalq istiqamətinə əla töhfədir. El Pais qəzetinə müsahibə zamanı cənab Prezident Azərbaycan həqiqətlərinin, xüsusən post-müharibə dövründə yaranmış yeni reallıqların və ölkəmizin mövqeyinin beynəlxalq ictimaiyyətə birbaşa və açıq şəkildə çatdırdı. Son dövrdə Ermənistan-Azərbaycan sərhədində baş verən silahlı insidentlər, sərhədlərin açılması və Ermənistanla böyük sülh sazişinə dair danışıqların başlaması ilə bağlı suallara cavab verərkən cənab İlham Əliyev Azərbaycanın haqlı mövqeyini ortaya qoydu. Prezident İlham Əliyev bir daha sülh tərəfdarı olduğunu bildirərək qeyd etdi ki, “yetərincə müharibə oldu, biz sülh istəyirik”.
El Pais nəşrinin Azərbaycan Prezidentindən müsahibə alması Avropada ölkəmizə göstərilən maraq və verilən əhəmiyyətdən xəbər verir. Jurnalistin İsrail və Türkiyə istehsalı olan dronların Vətən müharibəsində tətbiqi ilə bağlı sualına İlham Əliyevin verdiyi cavab göstərdi ki, qələbə təkcə dronların sayəsində deyil, dronların digər hərbi texnika ilə koordinasiyalı şəkildə düzgün istifadəsinin və mükəmməl hərbi strategiyanın nəticəsidir. Bu cavab müharibəni və qələbəmizi yersiz müzakirə ptedmetinə çevirənlərə də qapaq cavab idi: “Motivasiya, ruh yüksəkliyi və cəsarət qələbəmizin əsas amili oldu. Bu, milli ləyaqət və qürur məsələsi idi. Bütün beynəlxalq təşkilatların sənədlərinə zidd olaraq bizim torpaqlarda oturmuşdu, torpaqlarımızı dağıdırdılar, iddia edirdilər ki, bu torpaq onlara məxsusdur. BMT Təhlükəsizlik Şurası, ATƏT, Avropa Şurası, Avropa Parlamenti - onların hamısı bizi dəstəkləyən qətnamələr qəbul etmişdi, lakin onlar, sadəcə orada oturmuşdular və bəyan edirdilər ki, həmişəlik orada oturacaqlar”.
Bu möhtəşəm cavabla İlham Əliyev həm də Avropa ictimaiyyətinin diqqətinə çatdırdı ki, qələbəmiz Avropa mediasında məqsədli şəkildə təqdim edilən kimi təkcə dronların hesabına baş vermədi. Daha önəmli amil xaqlımızın motivasiyası və ruh yüksəkliyidir ki, bunun da səbəbi Ermənistanın torpaqlarımızı işğal etməsi ilə 30 il ərzində barışmamağımızdır. Cənab Prezidentin bu müsahibəsi hələ çox müzakirə olunacaq. Əsas odur ki, Prezident diplomatik bacarığı ilə nüfuzlu media agentliklərinin və aparıcı ölkələrin dövlətimizə qarşı baxış bucağını və münasibətini dəyişməyi bacarıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.