AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Azərbaycanın informasiya təhlükəsizliyi regional və sosial media müstəvisində” adlı işgüzar konfrans keçirilib

  • + A
  • - A
  • 14-03-2022, 16:38

    “Azərbaycanın informasiya təhlükəsizliyi regional və sosial media müstəvisində” adlı işgüzar konfrans keçirilib
    Martın 14-də Baş Prokurorluğun təşkilatçılığı ilə Gəncə şəhər prokurorluğunun inzibati binasında “Azərbaycanın informasiya təhlükəsizliyi regional və sosial media müstəvisində” adlı işgüzar konfrans keçirilib.
    Konfransda Baş Prokurorluq, Daxili İşlər, Ədliyyə, Təhsil, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, habelə Dövlət Təhlükəsizliyi Xidmətinin, Medianın İnkişafı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi agentliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Mətbuat Şurasının nümayəndələri iştirak edib.
    Gəncə və Mingəçevir şəhər, Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Xocalı, Kəlbəcər, Qazax, Şəmkir, Tovuz, Yevlax rayon prokurorluqlarının media ilə işləməyə məsul əməkdaşlarının da olduğu konfrans iştirakçıları əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, daha sonra Ermənistan silahlı qüvvələri tərəfindən Gəncənin raket atəşinə tutulması nəticəsində dağılan ərazilərə baş çəkib, həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq, dağılmış evlərin ətrafına gül düzüb.
    Gəncə şəhər prokurorluğuna gələn tədbir iştirakçıları inzibati binanın foyesində müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin büstü önünə əklil qoyublar.
    Tədbir çərçivəsində, həmçinin, media qurumlarının çoxsaylı nümayəndələrinin də iştirakı ilə Gəncə şəhər prokurorluğunun inzibati binasına press-tur təşkil olunub. Prokurorluq orqanlarının infrastrukturunun yüksək dövlət qayğısı nəticəsində ən müasir tələblər səviyyəsində təkmilləşdirilməsi barədə məlumatlandırılan press-tur iştirakçıları inzibati binada əməkdaşlar üçün yaradılmış iş şəraiti ilə yerində tanış olub.
    Qonaqları salamlayan Gəncə şəhər prokuroru Azad Qarayev informasiya təhlükəsizliyinin təmin olunması məqsədilə təşkil olunmuş işgüzar konfransın əhəmiyyətindən bəhs edib.
    Tədbirdə çıxış edən Baş Prokurorun köməkçisi Saleh Hacıyev media ilə kommunikasiyanın gücləndirilməsinin zəruriliyi vurğulayıb, zamanın tələbinə uyğun olaraq prokurorluq orqanlarının sosial media fəaliyyətinin gücləndirilməsi istiqamətində mühüm addımlarım atıldığını, vətəndaş məmnunluğunun təmin olunması məqsədilə qurumun fəaliyyəti ilə bağlı aşkarlıq və hesabatlılığın ictimaiyyətə operativ şəkildə çatdırılmasının əhəmiyyətli olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
    Prokurorluq orqanlarının sosial media siyasəti barədə ətraflı çıxış edən Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov prokurorluğun sosial media platformalarında olan müraciət, sorğu və təkliflərə həssaslıqla yanaşıldığını qeyd etmiş, hazırkı vaxtadək prokurorluğun sosial media platformalarında olan 110-dan çox müraciətin qeydə alınaraq aidiyyəti üzrə göndərildiyi barədə məlumat vermişdir.
    Konfransda Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev informasiya təhlükəsizliyində konfidensiallığın təmin edilməsinin əhəmiyyətindən bəhs edib, Dövlət Təhlükəsizliyi Xidmətinin məsul əməkdaşı Tamerlan Rəhimov sosial mediada informasiya təhlükəsizliyinin önəmindən söz açıb.
    Tədbirdə, həmçinin, digər dövlət qurumlarının nümayəndələri də çıxışlar etməklə gələcəkdə də dəyirmi masa və görüşlərin təşkilinin əhəmiyyətli olacağı vurğulanmışdır.
    Daha sonra dövlət qurumları ilə bölgə mediası arasında operativ və səmərəli kommunikasiyanın qurulması ilə bağlı fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib, bu məzmunlu tədbirlərin informasiya mübadiləsində mühüm irəliləyişlərə səbəb olacağı qeyd edilib.
    Sonda xatirə fotoşəkli çəkilib.





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR