Azərbaycanın Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndələri "yerli mütəxəssislərin iştirakı ilə" Qarabağ iqtisadi rayonunda yerləşən Sərsəng su anbarına baxış keçiriblər, bu barədə qurumdan BBC-yə bildiriblər.
Məlumata əsasən, görüşdə əsasən iki məsələ müzakirə olunub: bunlar su bölgüsünün aparılması və Sərsəngdən "alt suvarma" ərazilərə suyun verilməsinin bərpasıdır.
"Görüş və danışıqlar qarşılıqlı anlaşma və konstruktiv şəraitdə baş tutub. Həmçinin belə görüşlərin və əraziyə baxışın mütəmadi olaraq gələcəkdə də davam etdirilməsi razılaşdırılıb", rəsmi açıqlamada deyilir.
Çərşənbə günü görüşlə bağlı məlumatı tanınmamış "Dağlıq Qarabağ Respublikası" hakimiyyəti də yayıb.
"Dağlıq Qarabağ İnformasiya Mərkəzi təsdiq edir ki, Dağlıq Qarabağ tərəfi su məsələlərini tənzimləmək üçün 2021-ci ildən Azərbaycan tərəfi ilə əlaqə saxlayıb. Dünən Sərsəng su anbarında keçirilən görüş bu proqram çərçivəsində olub: "Artsax Sərsəng su anbarına, Azərbaycan isə suvarma infrastrukturuna nəzarət edir", separatçı hakimiyyətin tvitində deyilir.
1976-cı ildə Tərtərçayın üzərində tikilən Sərsəng və ondan aşağıda yerləşən daha kiçik Suqovuşan rezervuarı Qarabağı və ətrafdakı rayonları içməli və suvarma suyu ilə təmin etməli idi. İkinci Qarabağ müharibəsindən sonra, Azərbaycan Suqovuşanı öz nəzarəti altına alıb, Sərsəng isə ermənilərin nəzarətində qalır.
Meliorasiya və Su Təsərrüfatı ASC-nin məlumatına əsasən, Qarabağ iqtisadi rayonunun ən iri su hövzəsi olan Sərsəng su anbarı vasitəsilə 96 min hektar ərazi (Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Yevlax və Goranboy) suvarılır.
Su anbarı bəndində ümumi gücü 50 mvt olan su elektrik stansiyası da tikilib.
Azərbaycan işğaldan azad olunmuş ərazilərdə suvarma və elektrifikasiya da daxil, geniş infrastruktur layihələrini elan edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.