İlham Əliyevin buna ehtiyacı yox idi… — Müsahibə
Tanınmış jurnalist, sosioloq və seçki texnoloqu Taleh Şahsuvarlı Teleqraf.com-a müsahibə verib. Müsahibəni təqdim edirik.
– Taleh bəy, artıq prezident seçkilərinin təbliğat-təşviqat mərhələsi də arxada qalmaq üzrədir. Ayın 11-də xalq seçki məntəqələrinə gedərək növbəti 7 il üçün ölkə prezidentini seçəcək. Siz, bir sosioloq, həmçinin seçki texnoloqu kimi prosesinin indiyə qədərki mərhələsini necə qiymətləndirirsiniz?
– Bu günlərdə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Seçki Müşahidə Missiyası öz aralıq hesabatını təqdim etdi. Həmin hesabatda da seçkilərin gedişi ilə bağlı elə bir ciddi irad, qanun pozuntusu ifadə edilməmişdi. Bütün yerli və beynəlxalq müşahidəçilər kampaniyanı qənaətbəxş hesab edir. Mən də bu mövqeyi bölüşürəm. Düşünürən ki, seçki kampaniyasının hazırkı etapına ümumi seçki mühitinin tərkib hissəsi kimi baxmaq lazımdır. Hazırda, qeyd etdiyiniz kimi, seçkilərin təşviqat mərhələsi başa çatmaq üzrədir. Qeydə alınmış prezidentliyə səkkiz namizəd İctimai Televziyada ödənişsiz efir vaxtından tam istifadə ediblər. Bundan sonra seçicilərlə birbaşa təmas qurmağa çalışacaqlar. Ancaq YAP xaric heç bir partiyanın, yaxud bitərəf namizədin, məsələn, “Qapıdan-qapıya” kimi effektiv təşviqat praktikasından bəhrələnmək üçün resursu yoxdur. Məlum olduğu kimi, seçki üçün 3 əsas resurs var: insan, maliyyə və zaman. Sözün açığı, namizədlərin bəziləri şikayət etsələr də, mənim fikrimcə, seçkiyə qatılan siyasətçinin maliyyə problemi olmur. Birinin imkanı, topladığı ianələr digərindən az ola bilər, amma yaxşı siyasətçiyə yatırım qoyan biznes çevrələri həmişə tapılır. Mən zamanın azlığı, darlığı ilə də bağlı səslənən fikirləri qəbul etmirəm. Hesab edirəm ki, hazırkı prezidentin opponentlərinin əsas problemi tərəfdar çatışmazlığı, yəni insan resursunun azlığıdır.
– Ancaq seçkilərə qatılmayan siyasi qüvvələr də var, onlar mübarizədən kənarda qalmalarını seçki kampaniyasının müddətinin az olması ilə əsaslandırırlar…
– Əgər onlar doğrudan da qüvvə olsaydılar, seçkilərdə mütləq iştirak edərdilər. Bu cür “dəlillər” onların qüvvə olmadıqlarını ört-basdır etmək üçün səsləndirdikləri çox primitiv bəhanələrdir. Bir seçki kampaniyasının müddətinin yetərli olub-olmamasını dəyərləndirmək üçün iki əsas indikator var: a) Ölkənin sahəsi; b) Səsvermə hüququ olan vətəndaşların sayı. Bu parametrlər üzrə baxdıqda məlum olur ki, ölkəmizdə seçki prosesində rəsmi təbliğat-təşviqat üçün müəyyən edilmiş 23 günlük müddət də heç də az deyil. Müqayisə üçün deyək ki, əhali və ərazi faktorlarına görə Azərbaycandan böyüklüyünə görə qat-qat fərqlənən qardaş Türkiyədə rəsmi propoqanda müddəti 29 gündür. Seçkiqabağı təbliğat-təşviqat üçün ucsuz-bucaqsız və 147 milyonluq Rusiyanın qanunvericiliyində isə 28 gün nəzərdə tutulub. Ötən il Fransada sonda Emmanuel Makronun prezident seçilməsi ilə nəticələnən səsvermənin ilk turu üçün rəsmi təbliğat iki həftədən az çəkmişdi. Deməli, problem başqadır. İddialı siyasi qüvvələr, müstəqil namizədlər üçün növbəti seçki səsvermənin bitdiyi günün səhərindən başlayır. Məhz həmin gündən başlayaraq istər seçkilərdə iştirak etmiş, istərsə də iştirak etmək niyyətində olan iddiaçılar son seçkinin nəticələrini təhlil etməli, növbəti səsverməyə hazırlaşmalı, hədəflərini müəyyənləşdirərək təşkilatlanmalı, insan və maliyyə resurslarını artırmaq üçün məqsədyönlü fəaliyyət göstərməlidirlər. Seçki kampaniyası illəri əhatə edən bu uzun zaman kəsiminin son və final mərhələsidir. Adətən vətəndaşların əksəriyyəti bu final mərhələsinə qədər öz fikrini dəqiqləşdirir, bu və ya digər siyasi qüvvəyə meyl edərək istənilən anda səsvermə məntəqəsinə gedərək rəğbətini ifadə etməyə hazır olurlar. Final mərhələsində əsasən fikri dəqiqləşməmiş və tərəddüd edən seçici seqmentlərinə xitab edilir, onları bəlli bir namizədin lehinə hərəkətə keçirmək üçün addımlar atılır. Məhz bu səbəbdən final mərhələsi çoxillik, böyük və geniş kampaniya müddəti fonunda nəticələr baxımından tam həlledici səciyyə daşımır. Misal üçün, demokratiyaya beşik ölkələrdən sayılan ABŞ-da 4 ildən bir keçirilən prezident seçkilərinin final mərhələsi də Azərbaycanda olduğu kimi təxminən iki aydır. Hansının hakimiyyətdə, hansının müxalifətdə olmasından asılı olmayaraq Respublikaçı və Demokrat partiyaları növbəti səsverməyə məhz bu dörd il müddətində hazırlaşır, son iki ay müddətində isə öz mübarizələrini intensivləşdirirlər. Bizim müxalifət partiyaları isə seçkilərarası dövrdə təşkilatlanmır, xalqla birbaşa təmaslar qurmur, əksinə, parçalanırlar. Parçalanan qüvvələr seçkidə uğur qazana bilməz, rəsmi kampaniya dövrü nə qədər uzun olsa da!
– Əminik ki, prezidentliyə namizədlər arasında İTV-də keçirilən debatları izləyirdiniz. Bu debatlardan gəldiyiniz qənaət nədən ibarətdir?
– Bəli, bütün debatları izlədim. Hər şeydən öncə onu deməliyəm ki, İctimai Televiziya namizədlərin iştirakı ilə keçirilən dəyirmi masalar üçün bütün imkanları yaratmışdı. Anar Yusiofoğlu bir moderator kimi ona həvalə edilən işin öhdəsindən çox uğurla gəldi. Bir seçki texnoloqu kimi qənaətim budur ki, prezidentliyə ən real və şanslı iddiaçı olaraq İlham Əliyevin təşviqat baxımından bu efir vaxtına ehtiyacı yox idi. Çünki İlham Əliyevin liderlik keyfiyyətləri, siyasi xarakteri və dünyagörüşü, Azərbaycan qarşısındakı xidmətləri seçicilərə yaxşı məlumdur. Digər namizədlər üçün isə ödənişsiz efir vaxtından səmərəli istifadə etmək olduqca vacib idi.
– Sizcə, qalan 7 namizəd bu vaxtdan nə qədər səmərəli istifadə edə bildi?
– Seçki kampaniyasının planlaşdırılması və aparılması üçün xususi bilik və bacarıqlar lazımdır. 7 namizədin heç birinin mütəşəkkil, peşəkar seçki texnoloqlarının cəlb edildiyi seçki qərargahı yoxdur. Bu isə həm də ondan xəbər verir ki, namizədlər seçkiyə qələbə qazanmaq şanlarının olmadığını bilə-bilə qatılıblar. Sual oluna bilər ki, əgər bir namizəd qələbə qazanacağına əmin deyilsə, onda niyə seçkiyə niyə qatılır? Bu normal haldır. Çünki seçkidə iştirak müxtəlif məqsədlərə xidmət edə bilər, məsələn növbəti parlament seçkilərində uğur qazanmağa. Əsas məsələ odur ki, namizəd məhz həmin məqsəd baxımından nə qədər səmərəli kampaniya aparıb. Ümumiyyətlə, bütün siyasi və qeyri-siyasi reklam kampaniyalarının sonucunu dəyərləndirmək üçün dörd suala cavabdan çıxış etmək lazımdır. Birincisi, namizəd diqqət cəlb edə bildimi? Bəli, bütün namizədlər diqqət cəlb edə bildilər. Seçicilərin marağına səbəb oldularmı? Mənim fikrimcə, bu suala ancaq Fərəc Quliyevin timsalında mənfi cavab verilə bilər, qalan namizədlərin hər biri özlərinə qarşı ümumən ictimai maraq yarada bildi. Bunu sosial şəbəkələrdən də aydın görmək olar. Bəs, namizədlər təqdim etdikləri ideyalarla seçicilərin istəklərinə cavab verə bildimi? Zənnimcə, televiziyada çıxış edən namizədlərin heç biri Azərbaycan seçicisinin təsəvvüründəki prezident obrazına yerli-dibli yaxın düşə bilmədilər.
– Belə olan halda, namizədlər seçicilərdən hansı ölçüdə dəstək ala bilərlər?
– Bəli, bu qızıl qaydadır, əgər namizəd seçicilərin istəklərinə adekvat deyilsə, onları hərəkətə gətirə, məhz ona səs verməyə sövq edə bilməz. Odur ki, 7 alternativin heç birindən iki rəqəmli nəticə gözləməyə dəyməz.
– Ancaq namizədlərdən Razi Nurullayev son dəyirmi masada elan etdi ki, o, vətəndaşlardan 55 faiz civarında səs gözləyir, ən pis halda isə 30 faiz elektoral dəstək alacağına ümid edir.
– Fikrimcə, bu olduqca qeyri-ciddi bəyanatdır. Hörmətli Razi bəy seçki texnoloqlarının tövsiyyələrindən istifadə etsəydi, bu bəyanatı heç verməzdi. Çünki o da daxil olmaqla prezidentliyə 7 alternativ namizədin və hətta seçkidə iştirak etməyən müxalif partiya sədrlərinin birgə elektoratının cəmi 10 faizdən yuxarı deyil. Seçicilərin xüsusiyyətləri və davranışları bütün dünyada xüsusi elmi tədqiqat sahəsidir. Həm nəzəri, həm də praktiki baxımdan məsələ belədir ki, bir seçki kampaniyası dövründə namizəd öz reytinqini ən yaxşı halda 20 faiz qaldıra bilər. 30 faizə iddia etmək üçün Azərbaycanda ixtiyari namizəd seçki kampaniyası ərəfəsində kobud hesablama ilə ən azı 1 milyon tərəfdara malik olmalıdır. Azərbaycanda YAP xaric heç bir partiyanın heç 10 min fəal tərəfdarı yoxdur, bütün bu cür partiyaların tərəfdarlarının toplamı isə 100 mini keçəcək sayda deyil. AXCP və Müsavat kimi Elçibəy hakimiyyətinin əsas elitası və sosial bazası üzərində təşkilatlanan partiyalar “Məhsul” stadionuna 1500 nəfərdən çox fəal çıxara bilmir. Baxın, bir stadionun uzunu 90, eni 45 metrdir. Qıraq-bucağı ilə birgə qoy olsun 5 min kvadrat metr. Hər kvadrat metrə 1 nəfərdən hesablasaq, “Məhsul”a maksimim 5 min mitinqçi sığa bilər. Halbuki ən gur aksiyalarda sahənin 3/2 hissəsi boş qalır. Ona görə də mənim üçün əsas sual hansı namizədin nə qədər səs toplaması deyil, seçkilərin siyasi mədəniyyətimizə verəcəyi töhfənin ümumi əmsalıdır. Fikrimcə, cəmiyyətə verilən mesajlar , ümumi siyasi hazırlıq və üslub baxımından Qüdrət Həsənquliyev dövlət adına daha faydalı mövqe sərgilədi. Zahid Oruc isə öz iştirakı ilə Azərbaycan hakimiyyətinin mümkün addımları barədə təsəvvürləri genişlətdi. Sərdar Cəlaloğlunun timsalında cəmiyyətə bir daha məlum oldu ki, sərt tənqidi çıxışların müəllifləri nəinki dövlət idarə etməyə qabildirlər, hətta elementar nəzakət qaydalarına riayət etmirlər. Bir namizədin digər namizədə “sən” deyə müraciət etməsi mənim nəzərimdə onun ifadəsidir ki, bu cür etik sorunları olan adamları dövlət aparatına qətiyyən yaxın buraxmaq olmaz.
– Necə hesab edirsiniz; Azərbaycanda seçki mədəniyyəti özünün hansı inkişaf mərhələsindədir?
– Seçki mədəniyyəti ümumi siyasi mədəniyyətin, siyasi mədəniyyət isə tarixi, müasir və gələcəklə bağlı bilgi və dəyərlərin toplamıdır. Bu olduqca geniş və əhatəli mövzudur. Sualı bəsitləşdirmək lazım gələrsə, siyasi iştirakçılıq anlayışı üzərində dayanmaq faydalı olar. Məlum olduğu kimi, demokratik rejimlərdə seçicilər siyasətçiləri səsvermə ilə iş başına gətirirlər. Seçicilər öz idarəçilərini seçməklə gələcəkdə onlara təqdim ediləcək dövlət xidmətləri ilə bağlı mövqelərini ortaya qoyurlar. Odur ki, siyasi münasibətlərin mövcud olduğu bütün cəmiyyətlərdə siyasi iştirakılıq və bunun klassik forması olaraq səsvermə ön plana çıxır. Fərdin seçkilərdə iştirak etməsi hökumətləri müəyyənləşdirmək, onun fəaliyyətini qiymətləndirmək və nəzarətdə saxlamaq cəhdidir. Fərdlər seçkilərdə iştirakla bağlı öz mühitindən nə qədər təşviqedici məlumat alarsa, onların səsvermədə iştirakı da o qədər yüksək faizdə olar. Bu cür məlumatların əldə edilməsi və yayılması prosesində vətəndaşlar arasında qızğın müzakirələr gedir. Şəxslər arasındakı bağlar və müzakirələrin hərarəti də vətəndaşların seçkilərdə iştirakını stimullaşdırır. Seçkilərə qatılmaq vətəndaşların sosial mühitdən əxz etdiyi davranışdır, ona görə də bir vətəndaşın səsverməyə getməsi onun həmkarlarının, dostlarının, ailəsinin bu yöndəki təcrübəsinə sıx bağlıdır. Odur ki, 11 aprel seçkiləri Azərbaycanda seçki təcrübəsinin inkişafı baxımından olduqca mühim və pozitiv səciyyə daşıyır.
– Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra ölkəmizdə çoxlu seçkilər keçirilib. Bura prezident, parlament və bələdiyyə seçkiləri daxildir. Həmçinin, ölkəmizdə bir neçə dəfə ümumxalq səsverməsi- referendumlar da baş tutub. Bu mənada seçki institutunun formalaşmasının tam başa çatdığını söyləmək mümkündürmü?
– Doğrusu, Azərbaycanda seçki institutunun formalaşması tam başa çatmış deyil. Məsələn, siyasi partiyalardan zaman-zaman proporsional seçki sistemin bərpası ilə bağlı təkliflər səslənir. Mən də bu təklifləri müdaifə edirəm. Düşünürəm ki, cəmiyyətin təşkilatlanması və siyasi cərəyanların parlamentə daşınması baxımından bu addıma ehtiyac böyükdür. Ancaq bu qəbildən olan bütün təkliflər seçki institumuzun təkmilləşməsinə xidmət edir. Bir şeyin təkmilləşməsi üçün onun bazasının qurulmuş olması lazımdır. Bu mənada Azərbaycanda institutsional baza kifayət qədər güclüdür. Bu bazaya ictimai dəstək də böyükdür. Bunun ən bariz örnəyi isə odur ki, Azərbaycanda heç bir siyasi çevrə, hətta ən radikallar belə hakimiyyətə seçkilərdənkənar yollarla gəlişi istisna edir.
– Aydındır ki, seçkinin taleyi seçki günü deyil, ona bir neçə gün qalmış həll olunur. Dünyanın müxtəlif ölkələrində seçki ərəfəsində aparılan rəy sorğuları hansı namizədin qalib gələcəyini aşkar şəkildə ortaya qoyur. Bu mənada indiyədək aparılan təbliğat-təşviqat kampaniyası hansı namizədin qalib gələcəyini göstərir? Başqa sözlə, seçkinin favoriti kimdir?
– Ümumən seçici davranışı iki əsas mərhələdən keçir. Birinci mərhələdə seçici seçkilərdə iştirak edib-etməyəcəyini qətiləşdirir. İkinci etapda isə seçici səsini kimə verəcəyi barədə qərar verir. Bütün müşahidələr onu göstərir ki, 11 apreldə Azərbaycan vətəndaşları seçkilərdə mütəşəkkil şəkildə iştirak edəcəklər və iştirak edənlərin mütləq əksəriyyəti hazırkı Prezident İlham Əliyevə səs verəcək.
– Siz özünüz bir vətəndaş olaraq seçki prosesində hansı formada iştirak edirsiniz?
– Bilirsiniz ki, mən siyasi partiya mənsubiyyəti olmayan bir vətəndaş olaraq uzun illərdir ki, Prezident İlham Əliyevin siyasi kursunu müdafiə edirəm. Bu seçkilərdə də bir vətəndaş olaraq İlham Əliyevə səs verəcəm. Seçki kampaniyasında iştirakım vətəndaş mövqeyimin ifadəsi və təsir dairəsi ilə müəyyən olunur. Təvazökarlıqdan uzaq olsa da deməliyəm ki, mən ölkəmizdə ictimai rəy yaradıcılarından biriyəm. Hər kəs etiraf edə bilər ki, Qərbdə təşkil olunan söyüş legionlarına qarşı mövqeyimi tərəddüdsüz və heç bir işarə gözləmədən ortaya qoydum. Bir neçə məqalə yazaraq Azərbaycan dövlətinə, prezidentinə, yüksək ranqlı məmurlara və tanınmış siyasi xadimlərə qarşı gerçəkləşdirən bu məkrli bu projenin iflasa uğramasında mənim də az-çox rolum oldu. Odur ki, bu seçkilərdəki vətəndaş fəallığımın milli və ictimai maraqların müdafiəçisi olan insanlar tərəfindən müsbət qarşılandığını zənn edirəm.