Avropa İttifaqına (Aİ) üzv olmaq keçmiş sovet ölkələrinin də əsas hədəflərindəndir. Qurumla yaxından əməkdaşlıq etməyə davamlı cəhdlər göstərilir. Ancaq Aİ ona etibar edənlərin gümanını yanıldır, məyus edir.
Bu il iyunun 6-9-da Avropa İttifaqı Şurası Avropa Parlamentinə (AP) seçkilər keçiriləcək.
AP Prezidenti Roberta Metsola bu siyasi kampaniya ilə bağlı videomüraciətində belə deyib: “Dünya dəyişir və biz də onunla dəyişməliyik”.
Təəssüf ki, Avropa İttifaqında dəyişmə neqativ istiqamətdə gedir.
Qeyd edək ki, Avropa Parlamentində 705 deputat yeri var. Onlar 5 il müddətinə seçilir. AP-nə sonuncu seçki 2019-cu ilin mayında keçirilib.
Təəssüf ki, bu qurum hazırda növbəti rüşvət qalmaqalı ilə üz-üzə qalıb. Belçika Federal Prokurorunun mayın 30-da yaydığı bəyanata əsasən, polis mayın 29-da Avropa Parlamentində “Rusiyanın müdaxiləsi” ilə bağlı reydlər keçirib. Brüsseldəki şəxsi iqamətgahda, Avropa Parlamentinin Strasburq və Brüsseldəki ofislərində axtarışlar aparılıb.
Məlumata görə, Rusiyanın “Avropanın Səsi” internet saytı vasitəsilə təbliğatını aparmaq məqsədi ilə Avropa Parlamentinin deputatlarına qanunsuz pul ödənildiyi iddia edilir. Bu əməli “Russiagate” adlandırırlar. Belçika hüquq-mühafizə orqanlarından bildirilib ki, bu işdə Avropa Parlamenti əməkdaşlarının da əli olduğuna dair əlamətlər var. Ona görə də polis deputatların Brüsseldəki şəxsi iqamətgahlarında, Avropa Parlamentinin Strasburq və Brüsseldəki ofislərində reydlər həyata keçirib.
Belçika polisi ifrat sağçı Almaniya üçün Alternativ Partiyasının (AfD) parlament köməkçisinin əlaqələrini araşdırır. Bu məsələdə Niderlanddan olan deputat, sağçı Marsel Graafın da adı hallanır. Ümumiyyətlə, AfD son aylarda bir sıra qalmaqallarla üzləşib. Bunun nəticəsi kimi, Avropa Parlamentinin baş köməkçisi Maksimilian Kran apreldə həbs olunub. O, Çin və Rusiyaya “xidmət qarşılığında” ödəniş qəbul edib.
Bu baxımdan, Avropa Parlamentində rüşvət və korrupsiya qalmaqallarının artıq adət halını alması qənaətinə də gəlmək mümkündür.
Təxminən bir əvvəl Avropa Parlamentində növbəti korrupsiya qalmaqalı yaşanmışdı. Belçika polisi və almaniyalı müstəntiqlər Almaniyada başladılan istintaq çərçivəsində sağ-mərkəzçi Avropa Xalq Partiyasının Brüsseldəki qərargahına basqın ediblər. Bu siyasi təşkilat Avropa Parlamentində ən böyük fraksiya olaraq, daha çox deputat yerinə sahibdir. İstintaqla bağlı əlavə məlumat verilməsə də, “Thueringer Allgemeine” qəzeti öz mənbələrinə istinadən bildirib ki, basqın Almaniya Xristian Demokratlar Partiyasının lideri Mario Foyqtun 2019-cu il Avropa seçkilərində EPP-nin seçki kampaniyasındakı korrupsiya qalmaqalı ilə əlaqədardır.
İstintaq Foyqtun kampaniya zamanı müqavilə bağladığı bir internet şirkətindən “mükafat” alması ilə bağlı iddiaları araşdırır. Avropa Xalq Partiyasının üzvləri sırasında Avropa Parlamentinin sədri Robert Metsola, Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis, İsveçin Baş naziri Ulf Kristersson kimi tanınmış siyasətçilər də yer tutur.
Xatırladaq ki, bu, Avropa İttifaqının qanunverici orqanında baş verən ilk korrupsiya qalmaqalı deyil. 2022-ci il dekabrın əvvəlində Belçika polisi Brüsseldə onlarla mənzil və ofisdə axtarış aparıb. Avropa Parlamentinin vitse-prezidenti Eva Kaili də daxil olmaqla, dörd nəfəri həbs edib. Belçika prokurorluğunun açıqlamasına əsasən, istintaqa cəlb olunan bütün müttəhimlər Avropa Parlamentinin qərarlarına təsir göstərməyə imkan verən siyasi və strateji mövqelərə malik üçüncü şəxslərə külli miqdarda pul ödəməkdə, yaxud hədiyyələr verməkdə şübhəli bilinirlər.
Həmin axtarışlar nəticəsində şübhəlilərdən birinin evindən 600 min avro, adı açıqlanmayan Avropa Parlamentinin başqa deputatının evindən 150 min avro, Brüsseldəki otel otağındakı çamadanından isə 750 min avro aşkar edilib.
“Allianz” sorğu şirkətinin mayın 29-da açıqladığı nəticələrə görə, Almaniyada respondentlərin çoxu Avropa İttifaqına qarşı olduqlarını bildiriblər.
Fransalı respondentlər qəti “anti-Avropa” mövqeyində qalıblar. Başqa sözlə, altı min nəfərin iştirak etdiyi sorğuların nəticələri Almaniya kansleri Olaf Şolts və Fransa Prezidenti Emmanuel Makronun lehinə deyil. Avropalı mütəxəssislər bu vəziyyətə görə Makron və Şoltsu “axsaq ördək” adlandırırlar.
“Politico”nun təhlillərinə əsasən, 2024-cü ilin Avropa Parlamenti indikindən fərqli olaraq daha çox Rusiyayönümlü siyasətçilərdən və qismən də “yaşıl”lardan ibarət olacaq. Ona görə də ehtimal etmək olar ki, gələn həftə keçiriləcək məlum seçkilər Fransa Prezidentinin məğlubiyyəti ilə nəticələnəcək.
Ukrayna ilə bağlı məsələ də Fransa-Almaniya münasibətlərindəki fikir ayrılıqlarının mühüm elementidir. Bu hal başqa məsələlərdə özünü göstərməkdədir. Odur ki, rəsmi Paris və Berlin Aİ-də lider mövqeyini itirməkdədir. Onları Polşanın Baş naziri Donald Tusk, Estoniyanın hökumət başçısı Kayya Kallas və İtaliyanın Baş naziri Corca Melloni üstələyir.
Belə görünür ki, doğrudan da, Avropa İttifaqının bütün istiqamətlər üzrə siyasətində dəyişikliyə ehtiyac var. O dəyişiklik baş verməzsə, Avropa Parlamentində, o cümlədən, ittifaqın başqa qurumlarında korrupsiya və başqa cinayətlər daha geniş vüsət ala bilər. Bu isə onun iflic olmasına, iflasına və dağılmasına yol açar. O baxımdan, ABŞ-nin sabiq lideri Barak Obamanın “Dəyişək!” (“Change!”) devizini bu gün daha çox Avropa İttifaqına şamil etmək olar.(Report)