AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yüzlərlə işçisi işsiz qalan Bakı Dəmir Yolu Xəstəxanası hotelə çevriləcək - YENİ QƏRAR

  • + A
  • - A
  • 20-01-2017, 09:55

    Büdcədən hər il 15 milyon alan xəstəxana geri bir qəpik də ödəmir Hesablama Palatasının "yeyinti” aşkarladığı xəstəxanalar özəlləşdirilir

    "Azərbaycan Dəmir Yolları” QSC-nin tabeliyində olan, Nəsimi rayonu Puşkin küçəsi 26 ünvanda yerləşən Bakı Dəmir Yolu Xəstəxanası tezliklə hotel olacaq. Bu barədə "Bizim Yol” qəzetinə məlumatlı mənbə xəbər verib. Bildirilir ki, xəstəxananın bir korpusu hələlik müvəqqəti olaraq saxlanacaq, tezliklə onun da taleyi həll olunacaq.

    Qeyd edək ki, "Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbərliyi cəmiyyətin Həkim-Sanitar Xidməti və onun tabeliyində olan tibb müəssisələridə çalışan böyük sayda işçi heyyətinin maliyyələşdirilməsində çətinliklərin yarandığını bildirərək kadr potensialının optimallaşdırılması ilə bağlı əmr imzalayıb. Bu səbəbdən də böyük ixtisarların olacağı elan edilib. 2017-ci ilin dövlət büdcəsinin vəsaitləri hesabına maliyyə yardımının dayandırılması ilə əlaqədar həmin xidmət və onun tabeliyində olan tibb müəssisələri yanvarın 1-dən təsərrüfat hesablı idarəetməyə keçib.

    Dəmir Yolu Xəstəxanasının işçiləri qərardan narazıdırlar. İxtisar olunan şəxslərə 2 aylıq müavinət veriləcək, işdə qalanlara isə özləri işləyib pul qazanmalı olacaqlar. Rəhbərlik tərəfindən o da bildirilib ki, "Azərbaycan Dəmir Yolları”na tibb işçiləri vacib deyil. Qalan işçilər öz hesabına işləyir və işlədiyi idarənin icarə haqqını verməlidirlər. Dövlət Dəmir Yolu Xəstəxanasının işçiləri aşağı məbləğdə əmək haqqı aldıqlarını bildiriblər.

    Dəmir Yolunun 22 müəssisəsi özəl əllərə verilir

    Yola saldığımız ilin sonlarında ölkədə investisiya yatırımı baxımından cəlbedici dövlət müəsssələri özəlləşdirilməyə açılıb. Prezidentin dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi ilə bağlı 19 iyul 2016-cı il tarixli Fərmanına əsasən Dövlət Əmlak Komitəsi ümumilikdə 352 müəssisə və obyekti özəlləşdirməyə açıq elan edib. Nazirlər Kabinetinin 21 oktyabr 2016-cı il tarixli 550 s nömrəli Sərəncamı ilə təsdiq edilmiş, orta müddətli dövr ərzində dövlət mülkiyyətində saxlanılacaq dövlət müəssisələrinin tabeliyindən çıxarılaraq özəlləşdirilməsi nəzərdə tutulan qeyri-profil müəssisə və obyektlərin siyahısında QSC-nin 22 müəssisəsi də var. Bakı Vaqon Təmiri Zavodu, Bakı Dəmir Yolu Vağzalının mehmanxanası, Lokomotiv İdman Sağlamlıq Mərkəzinin əmlakı, 1 nömrəli İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsinin əmlak kompleksi, Qızılca Qırmadaş Zavodu, Gəncə Dəmir Yolu Vağzalının mehmanxana kompleksi, Bakı Dəmir Yolu Xəstəxanası, Əncirli Uşaq Dəmir Yolu Xəstəxanası, Mərkəzi Dəmir Yolu Xəstəxanası, 1 nömrəli Bakı Dəmir Yolu Poliklinikası, 2 nömrəli Bakı Dəmir Yolu Poliklinikası, Kürdəmir Dəmir Yolu Ambulatoriyası, Lənkəran Dəmir Yolu Ambulatoriyası, Ucar Dəmir Yolu Ambulatoriyası, Xaçmaz Dəmir Yolu Ambulatoriyası, Yevlax Dəmir Yolu Ambulatoriyası, Gəncə Dəmir Yolu Xəstəxanası, Hacıqabul Dəmir Yolu Xəstəxanası, İmişli Dəmir Yolu Xəstəxanası, Ələt Dəmir Yolu Xəstəxanası, Salyan Dəmir Yolu Xəstəxanası, "Lokomotiv" istirahət düşərgəsi özəlləşdirməyə açılıb. Adıçəkilən müəssisələrin investisiya müsabiqəsi və hərrac yolu ilə səhmdar cəmiyyət, kiçik müəssisələrə çevrilməsi planlaşdırılır.

    Göründüyü kimi, xəstəxanalarda ixtisarların aparılması və təsəsrrüfat hesablı fəaliyyətə keçməsi təsadüfi deyil. Rəsmi qurumlar bildirirlər ki, belə müəssisələrin özəlləşdirilməsi bir neçə məqsədə nail olmağa imkan verəcək. İlk növbədə, başlıca məqsəd dövlət büdcəsinin üzərinə düşən yükün və əlavə dövlət xərclərinin azaldılmasıdır. Digər tərəfdən, onların özəlləşdirilməyə açılması əslində belə sahələrə yeni irihəcmli investisiyaların qoyulmasına zəmin yaradır. Sərmayə yatırımı bu müəssisələrin modern standartlara uyğun yenidən qurulması və müasir şərtlərlə daha keyfiyyətli xidmətlər göstərməsinə imkan verəcək. Bu müəssisələrin gəlirlə işləyəcəyinə ümid edilir, amma təəssüf ki, dövlətin balansında olanda ayaq bağına çevrilmişdilər. Halbuki onlara büdcədən iri pullar ayrılırdı. Yeni müəssisələrin özəllədirilməsi bu əmlakların tabe olduğu iri dövlət müəssisələrinin restrukturizasiyası baxımından da əhəmiyyətli olacaq. Bu isə dövlət büdcəsindən xərclərin azaldılması ilə yanaşı, belə müəssisələrin tam profil üzrə səmərəli fəaliyyətə başlaması və yeni iş yerlərinin açılması deməkdir.

    Sadalanan müəssisələrin özəlləşdirilməsində başlıca məqsəd dövlət büdcəsinin üzərinə düşən yükün və əlavə dövlət xərclərinin azaldılmasıdır. Həqiqətən də bu müəssisələrin çoxunda büdcənin bir xeyli hissəsi "yeyilir”. Misal üçün 2014-cü ildə "Azərbaycan Dəmir Yolları” QSC-nin səhiyyə müəssisələrinə büdcədən 14,2 milyon, 2015-ci ildə 14,8 milyon, 2016-cı ildə də yenə 14,5 milyon manat vəsait ayrılıb. Amma adıçəkilən tibb müəssisələrindən büdcəyə nə qədər pul ödəndiyi hesabatlarda əksini tapmır. Odur ki, onların büdcədən asılılığını aradan qaldırmaq üçün özəlləşdirməni yeganə kimi yol seçiblər. Halbuki, bu müəssisələr dövlət qurumlarının tərkibində ola-ola da ən azından özü-özünü malyyələşdirə bilərdilər. Amma vəsaitlərin necə gəldi xərcləndiyi səbəbindən bunu edə bilməyiblər.

    Hesablama Palatası ciddi maliyyə pozuntuları aşkarlayıb

    Hesablama Palatası dövlət büdcəsindən "Azərbaycan Dəmir Yolları” QSC-nin Həkim-Sanitar Xidmətinə və onun tabeliyində olan tibb müəssisələrinə 2014-2015-ci illər və 2016-cı ilin yanvar-iyun aylarında ayrılmış vəsaitlərin proqnozlaşdırılması və icrası vəziyyəti ilə bağlı auditin nəticələrini açıqlayıb. Audit QSC-nin Həkim-Sanitar Xidməti və onun tabeliyində olan Bakı Dəmir Yol Xəstəxanası, Mərkəzi Dəmir Yol Xəstəxanası, Yol Gigiyena və Epidemiologiya Mərkəzi, Yol Sanitar-Karantin Müfəttişliyi və Taun Əleyhinə Stansiyasında aparılmaqla ümumilikdə 21243,1 min manat məbləğində vəsaiti əhatə edib. Audit zamanı ciddi maliyyə pozuntuları ortaya çıxıb.

    Belə ki, Bakı Dəmir Yol Xəstəxanasında və Mərkəzi Dəmir Yol Xəstəxanası üzrə çarpayı günlərinin icra faizinin aşağı olmasına baxmayaraq 1 çarpayı gününə sərf olunmuş faktiki xərcin məbləği 1 çarpayı günü üzrə proqnozlaşdırılmış xərcin məbləğindən çox olub. Büdcə vəsaitləri üzrə proqnozlar tərtib edilərkən tibb müəssisələrinin maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri tam qiymətləndirilmədiyindən, eləcə də əvvəlki illərin icra göstəriciləri nəzərə alınmadığından xərc maddələri üzrə ümumilikdə açılmış maliyyələşmənin 4,9%-i istifadə edilməyərək büdcəyə köçürülüb, həmçinin bəzi hallarda nəzərdə tutulmuş vəsaitin təyinatı dəyişdirilərək xərc edilib.

    Həkim-Sanitar Xidmətin tabeliyində olan tibb müəssisələri tərəfindən qeyri-dəmiryolçulara göstərilən pullu tibbi xidmət üzrə daxil olan büdcədənkənar vəsaitlər üzrə daxilolmaların icra faizi aşağı olub (məsələn Yol Gigiyena və Epidemiologiya Mərkəzi üzrə 2014 və 2015-ci illərdə 54,9%, 2016-ci ilin 6 ayında 15,8% ), bəzi hallarda isə göstərilən pullu tibbi xidmətə görə ödənilən vəsaitin büdcədənkənar xəzinə hesaba köçürülməsi təmin edilməyib.

    Tibb müəssisələrində işçilərə artıq pul yazılırmış

    Əmək haqqının hesablanması və eyni zamanda ödəniş dərəcələrinin düzgün tarifləşdirilməməsi nəticəsində 4 tibb müəssisəsində artıq əmək haqqı ödənilib, həmçinin "Elmi nailiyyətlərin və qabaqcıl iş üsullarının tətbiqinə, əməkdə yüksək nəticələrinə” adı ilə əlavə əmək haqqı verilib.

    Həmçinin, nəqliyyat vasitələri üzrə artıq yanacaq və ehtiyat hissələriin istifadə edilməsi, funksional fəaliyyətinə aid olmadığı halda bayram tədbirlərinə vəsaitin xərc edilməsi, vaxtından əvvəl inventar və avadanlıqların uçotdan silinməsi, imtiyazlı xəstələrə dərman, sarğı ləvazimatları və materiallarının paylanması zamanı mövcud normativ aktların tələblərinə tam əməl edilməməsi nəticəsində artıq ərzaq və dərman silgisinə yol verilib.

    Təmir-tikinti işlərinin aparılması zamanı işlərin dəyərinin artırılması hesabına artıq büdcə vəsaiti ödənilib və təlimatın tələblərinə əməl edilməyərək sosial-mədəni və məişət təyinatlı obyektlərin əsaslı təmirinə sərf olunmuş vəsaitlər uçota alınmadan xərcə silinib.

    Həmin dövrdə tibb müəssisələri tərəfindən ümumilikdə 77 satınalma proseduru keçirilib və müqavilələr bağlanıb, malların, işlərin və xidmətlərin satın alınması zamanı qanunvericilik aktlarının tələblərinə bəzi hallarda əməl edilməyib, satın alınacaq malların və xidmətlərin ehtimal olunan qiyməti müəyyən olunmadan bəzi mallar bazar qiymətindən baha alınıb və müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan satın alınan malların həcmi və vahidinin qiyməti dəyişdirildiyindən əlavə xərclərə yol verilib.

    Bu cür müəssisələrin 15 faizi qanunvericiliyə əsasən güzəştli qiymətlərlə kollektivə satılmalıdır. Amma bu üsul investisiya müsabiqələrində tətbiq olunmur. Odur ki, işini itirəcək kollektivin özəlləşdirmədən də kənarda qalacağı mübahisəsizdir. (Bizimyol.info)


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR