Bakı metrosunda yaşanan problemlə bağlı - RƏSMİ AÇIQLAMA!
Bu gün səhər saatlarında Bakı Metropolitenində qatarlar gecikdiyindən sərnişin sıxlığı yaranıb.
Bununla bağlı Metbuat.az-a açıqlama verən "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib ki, "Nəriman Nərimanov" stansiyasında işarəvermə avadanlığında baş vermiş texniki nasazlıq səbəbindən, saat 08:15-dən etibarən qatarların hərəkət intervalında gecikmə baş verir:
"Lakin sərnişinlərin 25-30 dəqiqə qatarda qalması söhbəti yoxdur. Qatarlar yavaş hərəkət edirdi. Nasazlıq səbəbindən “Nəriman Nərimanov” stansiyasından onlara təyin olunmuş sürətdən keçə bilmirdilər. Mütləq sürətlərini azaldırdılar. Ona görə də, qatarlarda gecikmələr baş verirdi. Biz səhər saatlarından dispetçer mərkəzində oturmuşuq. Qatarların hərəkətini bir-bir müşahidə edirik. Qatarlarda gecikmə vardı. Amma hazırda problem aradan qaldırılıb”.