Millət vəkili psixoloqun intiharından danışdı: "Sosial vəziyyətin ağırlaşması ..."
Millət vəkili Fazil Mustafa tanınmış psixoloq Dəyanət Rzayevin intihar etməsi xəbərinə reaksiya verib.
Millət vəkili qeyd edib ki, bu hadisə çox düşündürücüdür və bu tip faciələrin qarşısının alınması üçün maarifləndirici tədbirlər gücləndirilməlidir: "Tanınmış psixoloq da intihar edib. İntiharların adiləşməsi cəmiyyətin alt qatlarında çox ciddi problemlərin yaşandığından xəbər verir. Sosioloji tədqiqatlar aparan, rəy sorusu keçirən quruluşların fəaliyyəti də ortada yoxdur ki, tendensiya barədə doğru-dürüst bilgilər əldə etmək mümkün olsun. Hər halda intihar motivləri barədə geniş təhlillər aparılmalıdır. Sosial vəziyyətin ağırlaşması məsələnin bir tərəfidir, ancaq təkcə bir motivlə bu faciəli addımın atılması inandırıcı görünmür.
Dövlət səviyyəsində də bu tendensiyanın qarşısının alınması üçün ciddi işlər görülməlidir. Milli Məclisin müvafiq komitələrində və plenar iclasda bu mövzuda açıq müzakirəyə ehtiyac var. Çox narahatedici bir durumdur, konkret təkliflər vermək də çətindir. Hər halda səbəbləri və motivləri cəmiyyətdə soyuqqanlı şəkildə müzakirə olunmalıdır ki, bundan sonrakı faciələrin qarşısını almaq mümkün olsun".