Kəlbəcər girovunun oğlu evləndi: "Söz vermişdim..."
Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov ailə həyatı qurub.
Bu barədə AzVision.az-a girovun oğlu özü məlumat verib. O, bildirib ki, atası erməni girovluğunda olduğuna görə özünə toy çaldırmayıb.
"Subaylığa əlvida. Söz vermişdim ki, atam gələndə toy edəcəyəm. Ancaq 8 aydır ki, atamdan məktub gəlmir və bu, məni çox narahat edir. Qərara gəldim ki, gələn dəfə atama məktubda qeyd edim ki, evləndim. Ancaq toy edilməsinə, bir qazanın asılmasına icazə vermədim. Mən Dilqəmin oğluyam. Allahın köməkliyi ilə toy da, bayram da atam gələndə olacaq",- deyə K. Əsgərov söyləyib.
Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.
İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz "məhkəmə” qurulub. "Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.