Azərbaycan Milli QHT Forumu 2026-cı ildə Bakıda keçiriləcək 13-cü Dünya Şəhərsalma Forumunda (WUF13-də) iştirakı planlaşdırılan xarici QHT-lərin koalisiyasının yaradılması təşəbbüsü ilə çıxış edib.
Bu məqsədlə 3 ölkədən - İsveçrə, İtaliya, Benindən olan QHT-lərlə 2025-ci il fevralın 28-də onlayn görüş təşkil olunub, ilkin məsləhətləşmələr aparılıb.
2024-cü ildə Misirin paytaxtı Qahirə şəhərində keçirilmiş WUF12 Forumunda iştirak etmiş İtaliyanın “City Space Architecture” təşkilatının təmsilçiləri Vija Viese və Egle Pilipaviciute, baş ofisi İsveçrənin Cenevrə şəhərində yerləşən “ITA-AITES” təşkilatının nümayəndəsi Mahak Agraval, Qərbi Afrikada yerləşən Benin dövlətinin “Future for Future” təşkilatının sədri Salem Ayeman Azərbaycan QHT-lərinin təşəbbüsünü yüksək qiymətləndiriblər. Görüşdə təcrübə mübadiləsi aparılıb, xarici QHT-lər Dünya Şəhərsalma Forumlarında vətəndaş cəmiyyətinin iştirakını müzakirə ediblər.
Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli qeyd edib ki, yaxın vaxtlarda WUF13 QHT Koalisiyasının onlayn qaydada təsis toplantısı keçiriləcək. Azərbaycan Milli QHT Forumunun milli eksperti Amin Məmmədov bildirib ki, Forumun xarici QHT platformalarında iş üzrə böyük təcrübəsi var, Forum 2024-cü ildə COP29 QHT Koalisiyası təsis edib, bu platformada 100-ə yaxın ölkədən 500-dən çox QHT toplaşıb, yaxın vaxtlarda bu qlobal şəbəkə Qlobal Cənub QHT Platformasına transformasiya olunacaq.
Görüşdə WUF13 QHT Koalisiyasının ümumi işə böyük töhfə verə biləcəyinə əminlik ifadə olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.