AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Təhsildə vəziyyət acınacaqlıdır, “ucuz müəllimlik” modeli təhsili bazara çevirib

  • + A
  • - A
  • 22-03-2025, 19:23

    Təhsildə vəziyyət acınacaqlıdır, “ucuz müəllimlik” modeli təhsili bazara çevirib

    Təhsildə vəziyyət acınacaqlıdır. Xüsusilə də özünü “müəllim” adlandıran, amma cümlə qurmaqda belə çətinlik çəkən insanların artması bu sahənin nüfuzuna ciddi zərbə vurur. Sadəcə 3-4 manat qazanmaqla özünü peşəkar hesab edənlər əslində nə pedaqoji hazırlığa, nə də metodik biliklərə sahibdir. Onları bir az dərin sualla, bir az analitik yanaşma ilə yoxlayanda dərhal “boşluq” görünür – nə elmi baza, nə nəzəri bilik, nə də düşüncə dərinliyi var.

    Bu tip “müəllimlərin” dərsləri əzbərdən ibarətdir. Tənlikləri və ya qaydaları yadda saxlayıb uşaqlara ötürməklə müəllim olduqlarını zənn edirlər. Halbuki müəllimlik əzbərçilik deyil. Müəllim – düşünən, analiz edən, öyrənən və öyrədən insandır. Müəllim – sözün əsl mənasında təfəkkür formalaşdıran, nümunə olan bir şəxsiyyət olmalıdır.

    Bu “ucuz müəllimlik” modeli təhsili bazara çevirib. Valideynlər də bəzən aldanır: kim ucuz qiymətə test öyrədir, onu seçirlər. Amma nəticə nə olur? Testləri əzbərləyən, amma həyat bilgisi sıfır olan gənclər. Cəmiyyətin düşünən beynini yox, sadəcə suallara cavab verən maşınlar yetişir.

    Ən ağrılısı isə odur ki, bu insanlar “müəllim” adına ləkə salır. Peşəsinə hörmətlə yanaşan, ömrünü bu yola həsr edən əsl müəllimlərin əməyini kölgədə qoyurlar. Təhsildə keyfiyyəti yox edən, savadsızlığı sistemləşdirən də məhz bu saxta müəllim obrazıdır.

    Əgər təhsildə keyfiyyət istəyiriksə, bu “əzbərçi, cümlə qura bilməyən, amma çox danışan” kütlədən təmizlənmək vacibdir. Müəllimlik sıradan bir peşə deyil. Müəllim cəmiyyətin gələcəyini formalaşdırır. O gələcək isə saxta biliklərlə, dayaz düşüncə ilə yox, dərin zəka və həqiqi maarifçiliklə qurula bilər.
    Qeyd: Məqalə Kamran Əsədovun sosial media hesabından götürülüb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR