AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Abşeronda "Sədaqətin sükutu" adlı tədbir keçirilib

  • + A
  • - A
  • Bu gün, 16:01

    Abşeronda "Sədaqətin sükutu" adlı tədbir keçirilib


    Abşeron rayonunun Saray qəsəbəsində yerləşən şəhidlik məzarlığında Vətən müharibəsi şəhidi Hüseyn Nəcəfzadənin xatirəsinə həsr olunmuş "Sədaqətin sükutu" adlı tədbir keçirilib.

    Azadmedia.az QHT.az-a istinadla xəbər verir ki, tədbir "Əsgər Ailəsi Cəmiyyəti"Vətənpərvərliyin Təbliği İctimai Birliyinin təşəbbüsü və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəsdəyi Agentliyinin xətti ilə keçirilib.

    "Əsgər Ailədi Cəmiyyəti" VTBİ-nin üzvləri və Saray qəsəbə tam orta məktəbinin müəllim və şagird kollektivi əllərində üçrəngli Azərbaycan bayraqları ilə şəhidliyi ziyarət edib, Vətən uğrunda canından keçən qəhrəmanların əziz xatirəsini ehtiramla yad ediblər. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə şəhidlərin ruhu bir dəqiqəlik sükutla anılıb.

    Tədbiri giriş sözü ilə açan QHT sədri,Qarabağ müharibə veteranı Roza Əliqızı bildirib ki, tədbirin əsas məqsədi şəhidlərimizin əziz xatirəsini yaşatmaqla yanaşı, onların nişanlılarının və həyat yoldaşlarının göstərdiyi sədaqət nümunələrini ictimaiyyətə çatdırmaq, milli-mənəvi dəyərlərimizi təbliğ etməkdir.
    Çıxış zamanı şəhid Hüseyn Nəcəfzadənin nişanlısı Atlas Nəcəfzadənin göstərdiyi vəfa və sədaqətdən bəhs olunub. Qeyd edilib ki, bir zamanlar Atlasın cehizi ilə bəzədilən bəy otağı toy sevincini gözləyirdi. Həmin evə xonça gəlməli olduğu halda, Hüseynin tabutu gəldi. Arzular yarımçıq qaldı, toy hazırlığı görülən otaq isə sonradan şəhidin xatirəsini yaşadan ev muzeyinə çevrildi.

    Tədbirdə vurğulanıb ki, Atlas Nəcəfzadə illər keçsə də, şəhid Hüseyn Nəcəfzadənin adını yaşatmağı özünə mənəvi borc bilir. Onun "Nə qədər ki ömrüm var, Hüseynin adını yaşadacaq və onu dünyaya tanıdacağam" fikri iştirakçılar tərəfindən böyük ehtiramla qarşılanıb.
    Çıxışlarda qeyd olunub ki, bu sədaqət nümunəsi müasir dövrdə ailə və mənəvi dəyərlərin qorunmasının ən gözəl örnəklərindən biridir və gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasına mühüm töhfə verir.

    Tədbirdə çıxış edən Saray qəsəbə tam orta məktəbinin direktoru Asəf Bayramov məktəbin fəxri məzunlarından olan Hüseyn Nəcəfzadənin həyat yolundan danışıb. O, şəhidin son görüşlərindən birində hərbi formasını məktəbə hədiyyə etməsini qürur hissi ilə xatırladıb.
    Daha sonra şəhidin anası Könül Nəcəfzadə oğlunun vətən sevgisindən, döyüş yolundan və qəhrəmanlığından bəhs edib.
    Tədbirin bədii hissəsində Saray qəsəbə tam orta məktəbinin şagirdləri şəhid Hüseyn Nəcəfzadənin xatirəsinə həsr olunmuş şeirlər səsləndirib, onun əziz xatirəsini ehtiramla yad edərək kompozisiyalar ediblər.

    "Sədaqətin sükutu" tədbiri şəhidlərimizin xatirəsinin yaşadılması, milli-mənəvi dəyərlərimizin təbliği və Azərbaycan qadınının vəfa və sədaqət nümunəsinin gənc nəslə tanıdılması baxımından böyük əhəmiyyət daşıyıb.








    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR