Azərbaycan-İsrail münasibətlərinə həsr olunmuş kitab İsraildə yenidən nəşr edilə bilər

Azərbaycan-İsrail əlaqələrindən bəhs edən “Dostumuz, müttəfiqimiz” kitabının müəllifi, siyasi elmlər doktoru, professor, sabiq deputat Vaqif Abdullayev İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ronen Krausz ilə görüşüb.
Vaqif Abdullayevin verdiyi məlumata görə, görüş İsrailin Azərbaycandakı Səfirliyində səfirin dəvəti ilə baş tutub. Səfir müəllifə Azərbaycan-İsrail münasibətlərinə həsr olunmuş “Dostumuz, müttəfiqimiz” kitabının nəşrinə görə təşəkkürünü bildirib və nəşrin Səfirliyin kitabxanasında xüsusi yer tutduğunu qeyd edib.
Görüş zamanı Azərbaycan və İsrail arasında tarixi dostluq münasibətləri, iki xalqı birləşdirən mədəni və tarixi bağlar, eləcə də siyasi, iqtisadi, sosial və humanitar sahələrdə əməkdaşlığın mövcud vəziyyəti müzakirə olunub.
Səfir Azərbaycan-İsrail əlaqələrinin inkişafında Heydər Əliyev və İlham Əliyevin rolunu xüsusi vurğulayıb. Həmçinin Mehriban Əliyevanın humanitar və mədəni diplomatiya sahəsində fəaliyyətinə diqqət çəkilib.
Ronen Krausz bildirib ki, bu cür nəşrlər Azərbaycan və yəhudi xalqları arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsinə, gələcək nəsillər arasında qarşılıqlı etimadın güclənməsinə mühüm töhfə verir.
Onun sözlərinə görə, kitabın İsrail Səfirliyinin təşəbbüsü ilə ivrit və ingilis dillərinə tərcümə edilərək yenidən nəşr olunması nəzərdən keçirilir. Eyni zamanda, nəşrin İsraildə, Azərbaycanın həmin ölkədəki diplomatik nümayəndəliyinin və ictimai-siyasi dairələrin təmsilçilərinin iştirakı ilə təqdimatının keçirilməsi planlaşdırılır.
Görüşün sonunda səfir müəllifə imzalanmış təşəkkür məktubu təqdim edib.
Vaqif Abdullayev ona göstərilən diqqət və etimada görə minnətdarlığını ifadə edərək, bunu Azərbaycan və yəhudi xalqları arasında mövcud olan möhkəm dostluq münasibətlərinə verilən yüksək dəyərin göstəricisi kimi qiymətləndirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.