Alimlər qarmaqlı qurdu zəhərə qarşı “canlı fabrikə” çevirib

ABŞ və digər ölkələrdən olan tədqiqatçılar genetik mühəndislik vasitəsilə qarmaqlı bağırsaq parazitini təhlükəli zəhərlərə qarşı anticisim istehsal edən canlı bioloji platformaya çeviriblər. Araşdırmanın nəticələri nüfuzlu Nature Communications jurnalında dərc olunub.
Alimlər CRISPR gen redaktəsi texnologiyasından istifadə edərək parazitin genomuna balıq fugu zəhərinin əsas komponenti olan tetrodotoksinə qarşı anticisim kodlayan geni yerləşdiriblər. Genetik dəyişiklik parazitin həyat fəaliyyətini pozmadan onun yeni zülal sintez etməsinə imkan verib.
Təcrübələr zamanı genetik modifikasiya olunmuş parazitlərin sürfələri laboratoriya hamsterlərinə yeridilib. Orqanizmdə inkişaf etdikcə qurdlar anticisim istehsal edərək onları ev sahibinin qan dövranına buraxıblar. Qan analizləri göstərib ki, bu anticisimlər laboratoriya şəraitində tetrodotoksinin təsirini qismən neytrallaşdıra bilir.
Tədqiqatın əsas məqsədi parazitləri insan və ya heyvan orqanizmində dərman maddələri istehsal edən “canlı fabriklərə” çevirməkdir. Qarmaqlı qurdlar təbii olaraq uzun müddət bağırsaqlarda yaşaya bilir və immun sisteminin reaksiyasını zəiflədən müxtəlif molekullar ifraz edirlər. Alimlər bu xüsusiyyətdən istifadə edərək onları terapevtik zülallar istehsal etməyə məcbur ediblər.
Mütəxəssislərin fikrincə, gələcəkdə bu texnologiya yalnız zəhərlənmələrin müalicəsi ilə məhdudlaşmaya bilər. Nəzəri olaraq, genetik dəyişdirilmiş parazitlər iltihabi bağırsaq xəstəlikləri, metabolik pozğunluqlar, 2-ci tip diabet və bəzi qida allergiyalarının müalicəsində istifadə oluna biləcək maddələr istehsal edə bilər.
Bununla belə, alimlər etiraf edirlər ki, müalicə məqsədilə insanın qəsdən parazitlə yoluxdurulması ideyası ilk baxışdan qeyri-adi və mübahisəli görünür. Onların sözlərinə görə, qarmaqlı qurdların həyat dövrü yaxşı öyrənilib, orqanizmdə nəzarətsiz çoxalma qabiliyyəti məhduddur və infeksiya standart antiparazitar preparatlarla asanlıqla aradan qaldırıla bilər.
Tədqiqat müəllifləri hesab edirlər ki, bu yanaşma gələcəkdə dərmanların çatdırılmasının tamamilə yeni üsulunun əsasını qoya bilər. Belə ki, preparatlar inyeksiya və ya həblər vasitəsilə deyil, insan orqanizminin daxilində yaşayan və müalicəvi maddələr istehsal edən canlı orqanizmlər vasitəsilə təmin edilə bilər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.