AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

AHİK-in yeni göndəriş qaydaları narazılıq doğurur: vətəndaşlar izahat tələb edir

  • + A
  • - A
  • Bu gün, 18:59

    AHİK-in yeni göndəriş qaydaları narazılıq doğurur: vətəndaşlar izahat tələb edir


    Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sanatoriya və kurort müəssisələrinə göndərişlərin verilməsi ilə bağlı tətbiq etdiyi yeni qaydalar bir sıra vətəndaşların narazılığına səbəb olub. Məlumata görə, 2026-cı ilin may ayından qüvvəyə minən dəyişikliklərə əsasən, güzəştli göndərişlər yalnız işləyən şəxsin özünə şamil edilir. Əvvəlki illərdə isə ailə üzvləri üçün müəyyən güzəştlər tətbiq olunur, 18 yaşadək uşaqların göndərişlərdən ödənişsiz və ya güzəştli şəkildə yararlanmasına imkan yaradılırdı.

    Yeni qaydalara əsasən isə yalnız 12 yaşadək iki uşağın ödənişsiz göndəriş əldə etməsi nəzərdə tutulur. Digər ailə üzvləri, o cümlədən həyat yoldaşı və 12 yaşdan yuxarı uşaqlar üçün isə tam ödəniş tələb olunur. Bu dəyişiklik xüsusilə çoxuşaqlı ailələr və aşağı gəlirli vətəndaşlar arasında narazılıqla qarşılanıb.

    Məsələ ilə bağlı səsləndirilən fikirlərdə qeyd olunur ki, icbari təhsil alan məktəb yaşlı uşaqların əvvəlki güzəştlərdən məhrum edilməsi ailələrin əlavə maliyyə yükü ilə üzləşməsinə səbəb ola bilər. Vətəndaşlar hesab edirlər ki, bu qərarın sosial nəticələri daha geniş şəkildə qiymətləndirilməli və ictimaiyyətə ətraflı izah verilməlidir.

    Bununla yanaşı, AHİK-in üzvlük haqları və digər maliyyə mənbələri hesabına formalaşan vəsaitlərin sosial proqramların davam etdirilməsinə kifayət edib-etməməsi ilə bağlı da suallar səsləndirilir. Bəzi vətəndaşlar əvvəlki güzəşt mexanizmlərinin ləğvinin səbəblərinin ictimaiyyətə açıqlanmasını vacib hesab edirlər.

    Mövzu ilə bağlı müxtəlif müraciətlərdə aidiyyəti dövlət qurumlarından və AHİK rəhbərliyindən yeni qaydaların iqtisadi və sosial əsaslandırılması barədə ictimaiyyətə məlumat verilməsi istənilir. Eyni zamanda, qəbul edilmiş qərarların vətəndaşların sosial təminatına təsirinin qiymətləndirilməsi və zərurət yaranacağı təqdirdə yenidən nəzərdən keçirilməsi təklif edilir. Hazırda ictimai maraq doğuran əsas məqamlardan biri də AHİK rəhbərliyinin bu dəyişikliklərlə bağlı rəsmi mövqeyinin və izahatının təqdim edilməsidir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR