Nazim Eynallı
AAYDA19 saylı Xüsusi Təyinatlı Yol İstismari MMC-nin rəhbəriAzərbaycan xalqının taleyində mühüm dönüş nöqtəsi olan 15 İyun – Milli Qurtuluş Günü ölkəmizin dövlətçilik tarixində xüsusi yer tutur. Bu gün təkcə siyasi hakimiyyət dəyişikliyi ilə deyil, həm də Azərbaycanın müstəqilliyinin qorunub saxlanılması, dövlətçiliyin möhkəmləndirilməsi və gələcək inkişafının təmin edilməsi ilə səciyyələnir.
1987-ci ildə Ulu Öndər Heydər Əliyevin Sovet İttifaqı rəhbərliyindəki vəzifələrindən istefa verməsindən sonra Azərbaycana qarşı təzyiqlər daha da artdı. Qısa müddət sonra Dağlıq Qarabağın Azərbaycandan ayrılaraq Ermənistana verilməsi ilə bağlı iddialar irəli sürüldü və ölkəmiz üçün ağır sınaqlar dövrü başlandı.
Müstəqilliyin ilk illərində Azərbaycan dərin siyasi, iqtisadi və sosial böhranla üzləşmişdi. Dövlət idarəçiliyində ciddi problemlər, silahlı qruplaşmaların fəaliyyəti, separatçılıq meylləri və hakimiyyət daxilində qarşıdurmalar ölkəni vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qoymuşdu. Torpaqlarımızın işğalı davam edir, əhalinin sosial vəziyyəti ağırlaşır, dövlətçilik əsasları zəifləyirdi.
Belə mürəkkəb şəraitdə xalqın yeganə ümid yeri Heydər Əliyev oldu. Azərbaycan xalqının təkidli tələbi ilə 1993-cü il iyunun 9-da Bakıya qayıdan Ulu Öndər ölkənin xilası naminə böyük məsuliyyəti öz üzərinə götürdü. İyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi ilə ölkədə sabitliyin və dövlətçiliyin bərpası istiqamətində mühüm addımlar atıldı. Məhz buna görə də 15 İyun tarixi Milli Qurtuluş Günü kimi qeyd olunur.
Ulu Öndərin rəhbərliyi ilə ölkədə ictimai-siyasi sabitlik təmin edildi, qanunsuz silahlı dəstələrin fəaliyyəti məhdudlaşdırıldı, dövlət idarəetmə sistemi formalaşdırıldı və vətəndaşların dövlətə inamı bərpa olundu. Azərbaycanın beynəlxalq əlaqələri genişləndirildi, iqtisadi inkişafın əsasını qoyan mühüm layihələr həyata keçirildi. Neft strategiyasının müəyyənləşdirilməsi və xarici sərmayələrin cəlb olunması ölkənin gələcək tərəqqisinə yol açdı.
Milli Qurtuluş Günü eyni zamanda Azərbaycanın müstəqil dövlət kimi möhkəmlənməsinin başlanğıcı oldu. Sonrakı illərdə həyata keçirilən siyasi və iqtisadi islahatlar nəticəsində Azərbaycan regionun aparıcı dövlətlərindən birinə çevrildi. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası bu gün də uğurla davam etdirilir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub, Qarabağ və Şərqi Zəngəzur azad edilərək dövlət bayrağımız tarixi torpaqlarımızda dalğalanır. Bu uğurların təməlində isə 1993-cü ildə Milli Qurtuluşla başlanan dövlətçilik yolu dayanır.
Bu gün Azərbaycan xalqı Milli Qurtuluş Gününü böyük qürur hissi ilə qeyd edir. 15 İyun xalqın öz dövlətini qorumaq əzmini, milli həmrəyliyi və Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyasını əks etdirən tarixi gündür. Bu əlamətdar tarix Azərbaycanın müstəqillik salnaməsində əbədi yaşayacaq və gələcək nəsillər üçün dövlətçiliyin qorunmasının mühüm nümunəsi kimi qalacaqdır.