AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyənin strateji tərəfdaşlığını və müttəfiqliyini yeni mərhələyə yüksəltdi

  • + A
  • - A
  • Bu gün, 10:08

    Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyənin strateji tərəfdaşlığını və müttəfiqliyini yeni mərhələyə yüksəltdi

    Xanlar Fətiyev,
    Milli Məclisin deputatı


    Azərbaycanın müasir dövlətçilik salnaməsinə Milli Qurtuluş Günü kimi yazılan 15 iyun tarixi həm də “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalandığı gündür. 5 il əvvəl Azərbaycan Prezidenti cənab İlham Əliyevlə Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Şuşa şəhərində imzaladıqları bu Bəyannamə iki qardaş dövlətin tarixin sınaqlarından layiqincə çıxmış münasibətlərini tamamilə yeni mərhələyə yüksəltdi.
    Qeyd etmək lazımdır ki, Türkiyə dövləti 44 günlük Vətən müharibəsinin ilk günündən Azərbaycana mühüm siyasi və mənəvi dəstək verdi, beynəlxalq səviyyədə və bütün platformalarda respublikamızın haqlı mübarizəsini qətiyyətlə müdafiə etdi. Türkiyənin siyasi və hərbi rəhbərliyi respublikamıza birmənalı dəstək ifadə edən bəyanatlarla çıxış etdilər. Bu qətiyyətli, prinsipial və cəsarətli mövqe ermənipərəst dairələr üçün mesaj oldu. Ermənistanın yanında olan, onu açıq və ya gizli müdafiə edən siyasi mərkəzlər gördülər ki, Azərbaycan yalnız deyil. Bu mənada 44 günlük Vətən müharibəsi həm də Azərbaycan-Türkiyə qardaşlığının və dostluğunun təcəssümünə çevrildi.
    2021-ci ilin iyun ayında isə bütün dünya Azərbaycan-Türkiyə qardaşlığının daha bir tarixi təntənəsinə şahidlik etdi. Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri çərçivəsində Şuşaya gəlməsi və burada Azərbaycan Prezidenti ilə keçirdiyi görüş iki ölkə arasındakı münasibətlərin nə qədər möhkəm təməllərə söykəndiyini növbəti dəfə nümayiş etdirdi. Bu hadisə Azərbaycan-Türkiyə strateji tərəfdaşlığının yeni mərhələsinin rəmzinə çevrildi. Xüsusilə qeyd edilməlidir ki, Türkiyə Prezidentinin NATO Zirvə toplantısından sonra, ABŞ, Fransa, Almaniya və Böyük Britaniya kimi nüfuzlu dövlətlərin rəhbərləri ilə keçirdiyi görüşlərin ardınca Azərbaycana səfəri çərçivəsində Şuşaya getməsi mühüm siyasi məna daşıdı. Bununla Türkiyə rəhbərliyi beynəlxalq ictimaiyyətə açıq şəkildə mesaj verdi ki, Türkiyə dünən olduğu kimi, bu gün də, gələcəkdə də Azərbaycanın yanında dayanmağa davam edəcək.
    Bu səfər zamanı imzalanan Şuşa Bəyannaməsi isə Vətən müharibəsində daha da möhkəmlənən Azərbaycan-Türkiyə münasibətlərinin siyasi-mənəvi təntənəsi kimi tarixə yazıldı. Prezident İlham Əliyev həmin gün Şuşada mətbuata bəyanatında səfərin tarixi əhəmiyyətinin olduğunu qeyd edərək Bəyannamənin Azərbaycan-Türkiyə əlaqələrini ən yüksək zirvəyə qaldırdığını bildirdi:
    “Əziz qardaşım Azərbaycanda dəfələrlə olub, ancaq biz ilk dəfə Qarabağ torpağında - Şuşada bir yerdəyik. Bu səfərin tarixi əhəmiyyəti var. Çünki bu gün imzalanmış Birgə Bəyannamə - Müttəfiqlik haqqında Bəyannamə əlaqələrimizi ən yüksək zirvəyə qaldırır. Bəyannamənin adı Müttəfiqlik haqqında Bəyannamədir və bu ad özü-özlüyündə hər şeyi göstərir, hər şeyi deyir. Biz bu gün keyfiyyətcə yeni əlaqələr qurmuşuq və bu Bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək iş birliyimizin təminatçısıdır”.
    Şuşa Bəyannaməsi çox əhatəli bir sənəddir və burada iki dövlət arasındakı əlaqələrə dair olduqca mühüm məsələlər yer alıb. Sənəddə diqqəti çəkən ən vacib məqamlar kimi hərbi sahədəki müttəfiqliyi və əməkdaşlığı göstərə bilərik. Bəyannəmədə qeyd edilir ki, tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, Tərəflər birgə məsləhətləşmələr aparacaq, bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. Bu yardımın həcmi və forması təxirə salınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək, Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaqdır.
    Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq əvvəlki dövrdə də mövcud olub. Şuşa Bəyannaməsi isə bu əməkdaşlığa yeni məzmun gətirib. Belə ki, sənədə əsasən iki qardaş dövlət silahlı qüvvələrinin müasir çağırışlara uyğun şəkildə inkişaf etdirilməsi və modernləşdirilməsi istiqamətində birgə fəaliyyət göstərilməsi barədə razılığa gəliblər. Bu əməkdaşlıq müdafiə potensialının gücləndirilməsi, hərbi təhlükəsizliyin təmin olunması və silahlı qüvvələrin qarşılıqlı fəaliyyət imkanlarının artırılmasını əhatə edir. Eyni zamanda, müasir texnologiyalara əsaslanan silah və sursat sistemlərinin idarə olunması sahəsində əməkdaşlığın genişləndirilməsi, eləcə də aidiyyəti dövlət qurumları arasında əlaqələndirilmiş fəaliyyətin təmin edilməsi nəzərdə tutulur. Bununla yanaşı, hər iki ölkənin Təhlükəsizlik Şuraları arasında milli təhlükəsizlik məsələlərinə dair müntəzəm birgə iclasların keçirilməsi və bu platformada qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirə edilməsi barədə əldə olunan razılıq Azərbaycan-Türkiyə münasibətlərinin strateji xarakter daşıdığını nümayiş etdirir. Bütün bu amillər Azərbaycanla Türkiyə arasındakı sıx müttəfiqlik əlaqələrinin və qarşılıqlı etimada əsaslanan əməkdaşlığın bariz nümunələridir.
    Ümumiyyətlə, Azərbaycanın Vətən müharibəsində yaratdığı yeni reallıqlar Şuşa Bəyannaməsinin ruhunda dayanan əsas faktorlardır. Bu reallıqlardan biri kimi Zəngəzur dəhlizi məsələsinin sənəddə yer alması Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında kommunikasiyaların bərpasını nəzərdə tutan birgə siyasi iradənin göstəricisi olmaqla yanaşı, Bakı ilə Ankaranın regional və qlobal əməkdaşlığa töhfə vermək niyyətlərini bəyan edir.
    Bəyannamədə Azərbaycan və Türkiyənin xarici siyasət davranışları ilə bağlı müddəa da yer alır. Sənədə əsasən, Tərəflər xarici siyasət sahəsində əlaqələndirmənin və müntəzəm ikitərəfli siyasi məsləhətləşmələrin həyata keçirilməsinin vacibliyini qeyd edir və bu istiqamətdə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası çərçivəsində fəaliyyətlərin əhəmiyyətini vurğulayırlar.
    Ötən 5 ilin reallıqları, Azərbaycan və Türkiyənin regional və qlobal məsələlərdə nümayiş etdirdikləri ortaq mövqe, Zəngəzur dəhlizinin açılması istiqamətində göstərdikləri qətiyyət, iki qardaş dövlətin Silahlı Qüvvələrinin davamlı şəkildə hərbi təlimlər keçirmələri və digər məsələlər Şuşa Bəyannaməsi ilə qarşıya qoyulan məqsədlərin həyata vəsiqə aldığını təsdiq edir. Bu baxımdan Şuşa Bəyannaməsi ilk gündən Cənubi Qafqaz regionunun gələcək taleyini müəyyən edən mükəmməl hüquqi sənəd kimi özünü göstərməkdədir.
    Azərbaycan-Türkiyə münasibətləri həmişə strateji məzmun daşıyıb. İndiyədək iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərini müəyyən edən sənədlər imzalanıb. Şuşa Bəyannaməsi isə bu tərəfdaşlığı daha da möhkəmləndirdi və ona yeni siyasi məzmun verdi. Bu baxımdan Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə dostluğunun və qardaşlığının möhtəşəm rəmzidir.
    Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərinin bu gününü və gələcəyini müəyyənləşdirən mühüm siyasi-hüquqi sənəd kimi çıxış edir. Bu sənəd iki qardaş dövlətin birliyinin sarsılmazlığını, strateji müttəfiqliyinin dönməz xarakter daşıdığını və "Bir millət, iki dövlət" fəlsəfəsinin beynəlxalq münasibətlər müstəvisində uğurlu təcəssümünü bütün dünyaya nümayiş etdirir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR