AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Universitet reytinqləri: Həqiqi uğur, yoxsa simulyasiya?

  • + A
  • - A
  • Bu gün, 10:24

    Universitet reytinqləri: Həqiqi uğur, yoxsa simulyasiya?

    Azərbaycanın üç ali təhsil müəssisəsinin ilk dəfə olaraq QS World University Rankings reytinqində dünyanın ən yaxşı 800 universiteti sırasına daxil olması təqdirəlayiq hadisədir. Hər bir beynəlxalq uğur ölkəmizin ali təhsil sistemi üçün müsbət qiymətləndirilməlidir və bu universitetlərin kollektivlərini təbrik etmək lazımdır.

    Lakin bu nəticələr ətrafında yaranan eyforiya fonunda bir sıra ciddi suallar da meydana çıxır.

    Təhsil eksperti Etibar Əliyev dəfələrlə bildirib ki, universitetlərin real səviyyəsini qiymətləndirmək üçün yalnız bir reytinqə istinad etmək düzgün yanaşma deyil. Onun fikrincə, ali məktəblərin elmi fəaliyyəti, akademik nüfuzu, məzunların uğurları və beynəlxalq əməkdaşlığı daha obyektiv meyarlarla qiymətləndirilməlidir.

    Hazırda dünyada ən nüfuzlu universitet reytinqləri kimi Şanxay (ARWU), Times Higher Education (THE) və Webometrics qəbul edilir. Arzu olunardı ki, Azərbaycan universitetləri təkcə bir reytinqdə deyil, məhz bu beynəlxalq reytinqlərdə də yüksək nəticələr göstərsinlər.

    Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov bu uğur münasibətilə Elm və Təhsil Nazirliyini, həmçinin Elm və Ali Təhsil üzrə Dövlət Agentliyini təbrik edib. Burada isə sual yaranır: bu nəticədə həmin qurumların rolu nədən ibarətdir?

    Məlumdur ki, QS reytinqinin bəzi göstəriciləri sorğular və reputasiya qiymətləndirmələri əsasında formalaşır. Bu baxımdan, nazirlik və agentliyin müəyyən koordinasiya və təşkilati dəstəyi mümkündür. Lakin universitetlərin beynəlxalq nüfuzu ilk növbədə onların elmi nəticələri və akademik fəaliyyəti ilə müəyyənləşməlidir.

    Reytinqdə diqqət çəkən başqa məqam isə ADA Universitetinin Xəzər Universiteti, Bakı Mühəndislik Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universitetindən aşağı pillədə qərarlaşmasıdır. Bu fakt belə reytinqlərin metodologiyası ilə bağlı suallar doğurur. Eyni zamanda, Azərbaycan Dövlət Pedaqoji Universitetinin mövqeyi də müzakirələrə səbəb olur. Bu universitetlərdə elmi tədqiqatların və tədrisin real vəziyyəti ilə reytinq nəticələrinin nə dərəcədə üst-üstə düşdüyü ciddi təhlil edilməlidir.

    Məşhur fransız filosofu Jan Bodriyar müasir dövrü "simulyasiya əsri" adlandırırdı. Bu yanaşmanı universitet reytinqlərinə də tətbiq edənlər az deyil. Əsas məqsəd cəmiyyətə təqdim olunan rəqəmlərlə kifayətlənmək deyil, Azərbaycan universitetlərinin həqiqətən dünya elminin və ali təhsilinin aparıcı mərkəzləri sırasına yüksəlməsinə nail olmaqdır.

    Reytinqlər məqsəd deyil, vasitədir. Əsl göstərici isə universitetlərin elmə verdiyi töhfə, məzunlarının rəqabət qabiliyyəti və beynəlxalq akademik nüfuzudur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR