AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Hüceyrədən kristala:Təbiətin Təkrarlanan Naxışları - ÖZƏL

  • + A
  • - A
  • Bu gün, 17:49

    Hüceyrədən kristala:Təbiətin Təkrarlanan Naxışları - ÖZƏL


    Bakı, 20 iyun - Azadmedia.az


    Hüceyrədən kristala:Təbiətin Təkrarlanan Naxışları

    Təbiətdəki harmoniyanı araşdıran alimlər adətən dünyaya yalnız maddi obyekt kimi deyil, əlaqəli bir sistem kimi baxmağa başlayırlar. Əlbəttə ki, bu insanın daxili keyfiyyətlərinə təsir edir. Nizamlı naxışların "sirri" elmi baxımdan təbiətin enerji sərfiyyatını minimuma endirən və sabitliyi artıran strukturlar yaratmasındadır. Hər bir düzülüş misal üçün kristallar, arı pətəyi, qar dənəsi və yarpaq düzülüşü müəyyən qanunauyğunluqlara tabedir ki, bu qanunauyğunluqları araşdıran insan səbrli olmağı öyrənir. Çünki, təbiətdə baş verən hər bir hadisə öz vaxtında formalaşır. Həmin insanlar kainatın mürəkkəbliyi qarşısında öz məhdudluğunu görərək təvazökar olur. Həmçinin harmoniya hissi inkişaf edərək, xaosun içində belə bir nizam olduğunu kəşf edir. Buna görə təbiətdəki harmonik strukturlar insanlarda sakitlik və estetik zövq hissi formalaşdıra bilir. Təbiətin nizamını dərk etdikcə insan öz daxilində də nizam axtarmağa başlayır. Buna görə bir çox böyük alimlər elmlə məşğul olduqca yalnız bilik deyil, həm də hikmət qazanmışlar.
    Belə hikmət sahibi olan, dəyərli alimlərdən biri Azərbaycan Dövlət Mükafatı (2020), həmçinin fundamental elmlər sahəsində verilən ən nüfuzlu beynəlxalq mükafatlardan biri olan “Elmin sərhədləri” mükafatının laureatı (2023) İmaməddin Əmiraslanovdur. Azərbaycanlı kristalloqraf-alim, professor Xudu Məmmədovun layiqli davamçısı İ.Əmiraslanov 1949-cu ildə Qubada anadan olub. O, 1973-cü ildə Bakı Dövlət Universitetinin fizika fakültəsini bitirib, “Kristalloqrafiya, rentgen quruluş analizi” ixtisası üzrə tanınmış mütəxəssisdir. Fizika elmləri doktoru, professor 1998-2009-cu illərdə Tayvan, "Academia Sinica", Molekulyar Biologiya İnstitutunda “Zülal kristalloqrafiyası” laboratoriyasında çalışıb. Son dövrlərdə olan tədqiqatları topotronika, spintronika, kvant kompüterləri üçün smart materialların dizaynı sahələri ilə bağlıdır.
    Bu yaxınlarda onun elm sənət dünyasına, Quba şəhərində yerləşən “Tessellation və nano sənət muzeyində” qonaq olduq. Dəyərli alimimizlə görüşdə Bakı Dövlət Universitetinin Nanoaraşdırmalar Mərkəzinin direktoru, professor Mustafa Muradov, AR ETN Fizika İnstitutunun professorları Şakir Nağıyev, Əli Məmmədov, Dürdanə Araslı, Ü.Hacıbəyov adına Bakı musiqi akademiyasının dosenti, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü Xatirə Həsənzadə, eləcə də bir çox tədqiqatçı alimlər, doktorantlar iştirak edib.
    Muzeydə həmçinin tarixi məlumatlar və eyni zamanda alimlərimizin dəyərli araşdırmaları bizlər üçün çox faydalı oldu. Hələ Xudu Məmmədovun araşdırmalarına görə eramızdan çox-çox əvvəl türklərin məskunlaşdığı ərazilərdə tapılan sənət nümunələrində simmetriya elementlərindən istifadə olunmasını kristalloqrafiya elmimizin, qədim türk tayfalarında, müxtəlif sənətkarların yaratdığı əşyalarda müşahidə olunması bu elmin yaradıcılarının özümüzə məxsusluğunu yüksək səviyyədə əsaslandırırdı. Qədim əşyaların üzərində ornamentlərin köçürülmə simmetriyasına tabe olması və Bərdə türbəsinin (1322-ci il) silindr formalı səthinin dördtərtibli simmetriya elementini saxlamaqla "Allah" kəlməsi ilə doldurulması və s. Qədim ornamentlərimizdə müəyyən kristallik maddələrin quruluşu ilə eynilik müşahidə edən X. Məmmədov əcdadlarımızın quruluş təsəvvürlərinə malik olmalarını söyləyib. Bu gün professor İmaməddin Əmiraslanovun həmin elmi və mənəvi irsi uğurla davam etdirməsi böyük qürur hissi doğurur. Onun fəaliyyəti yalnız kristalloqrafiya elminin inkişafına deyil, həm də tariximizin, mədəniyyətimizin və sənətimizin yeni baxış bucağından təqdim olunmasına xidmət edir. Beləliklə, hüceyrədən kristala, təbiətin ən kiçik quruluş vahidindən ən möhtəşəm həndəsi naxışlarına qədər uzanan bu nizam dünyası bizə göstərir ki, kainatın gözəlliyi məhz təkrarlanan harmoniyada gizlənir. Səbrli, təmkinli, dəyərli alimimizə möhkəm can sağlığı və tədqiqatlarında uğurlar arzulayırıq.

    AR ETN Fizika İnstitutunun
    dosenti Suma Sakit qızı Hüseynova














    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR