Azərbaycanda Məhərrəm ayı və Aşura günü münasibətilə keçirilən dini mərasimlər bu il də geniş şəkildə təşkil olunur. Kərbəla faciəsini, imam Hüseynin (ə) və onun silahdaşlarının fədakarlığını yad edən insanlar məscidlərdə və ziyarətgahlarda bir araya gəlirlər. Bununla yanaşı, mütəxəssislər və dövlət qurumları azyaşlı uşaqların bu cür emosional mərasimlərə cəlb edilməsinin düzgün olmadığını bir daha xatırladıblar.
Bildirilir ki, Azərbaycanda dini etiqad azadlığı tam təmin olunur və Aşura mərasimlərinin keçirilməsinə heç bir məhdudiyyət qoyulmur. Lakin hər il edilən xəbərdarlıqlara baxmayaraq, bəzi valideynlər azyaşlı övladlarını da bu mərasimlərə aparır, hətta onların əzadarlıq ayinlərində iştirakına şərait yaradırlar.
Mütəxəssislərin fikrincə, uşaqların psixoloji və emosional inkişafı hələ tam formalaşmadığından onlar sinəvurma, matəm və digər emosional səhnələri böyüklər kimi dərk edə bilmirlər. Bu səbəbdən dini dəyərlərin uşaqlara aşılanması onların yaş xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməli, valideynlər bu məsələdə daha məsuliyyətli davranmalıdırlar.
Digər tərəfdən, Aşura günü münasibətilə ölkə üzrə ənənəvi qanvermə aksiyası da keçirilir. Səhiyyə Nazirliyinin məlumatına görə, yerli vaxtla saat 10:00-a olan göstəriciyə əsasən aksiyaya 501 nəfər qoşulub və 225,45 litr donor qanı toplanıb. Qanvermə kampaniyası saat 16:00-dək davam edəcək.
Bu il ilk dəfə olaraq aksiya işğaldan azad edilmiş ərazilərdə də təşkil olunub. Şuşa və Ağdam məscidlərində qan toplama məntəqələri fəaliyyət göstərir. Respublika Qan Bankının icraçı direktoru Elxan Nağıyevin sözlərinə görə, ümumilikdə ölkənin 30 şəhər və rayonunda yerləşən 40 məntəqədə – 24 məscid və ziyarətgahda, 15 tibb müəssisəsində və bir təhsil ocağında qanvermə aksiyası keçirilir.
Toplanan donor qanı hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.