AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Müsahibələr seçilmiş mediaya verilir? Dövlət qurumlarında jurnalistlər arasında ayrı-seçkilik iddiaları artır

  • + A
  • - A
  • Dünən, 12:16

    Müsahibələr seçilmiş mediaya verilir? Dövlət qurumlarında jurnalistlər arasında ayrı-seçkilik iddiaları artır

    Son dövrlər dövlət qurumlarının rəhbərləri ilə keçirilən müsahibələrin təşkili ilə bağlı media cameəsində narazılıqlar artır. Bir sıra jurnalistlər iddia edirlər ki, müsahibələr əsasən əvvəlcədən müəyyən edilmiş informasiya agentlikləri və televiziya kanallarına verilir, digər media nümayəndələrinin müraciətləri isə ya cavabsız qalır, ya da verilən vədlər sonradan yerinə yetirilmir.

    Belə iddialardan biri də jurnalist Məhərrəm Əliyevin sosial media hesabında səsləndirilib. O bildirib ki, Elm və Təhsil Nazirliyinə bir il əvvəl etdiyi müsahibə müraciətinə müsbət cavab verilsə də, sonradan nazirlik rəhbərliyi ilə müsahibə başqa media qurumlarına təqdim olunub. Oxşar vəziyyətin "Bakı Metropoliteni" QSC-də də yaşandığı qeyd olunur. İddiaya görə, əvvəlcə müsahibə üçün razılıq verilsə də, nəticədə yenə agentlik və televiziya kanallarına üstünlük tanınıb.

    Jurnalistlər hesab edirlər ki, belə yanaşma media subyektləri arasında bərabər imkanlar prinsipinə ziddir və peşəkar jurnalistlərin fəaliyyətini məhdudlaşdırır. Onların fikrincə, əvvəlcədən razılaşdırılan və sualları öncədən müəyyən edilən müsahibələr jurnalistikanın əsas prinsipləri ilə uzlaşmır, ictimai maraqlara xidmət edən sərbəst sual-cavab mühitini zəiflədir.

    Tənqidlərdə vurğulanır ki, dövlət qurumları yalnız müəyyən media qurumları ilə işləməyə üstünlük verirsə, bu, digər media nümayəndələri tərəfindən ayrı-seçkilik kimi qiymətləndirilə bilər. Jurnalistlər dövlət qurumlarını bütün media subyektlərinə bərabər yanaşmağa, müsahibələrin təşkili zamanı şəffaf və ədalətli mexanizm tətbiq etməyə çağırırlar.

    Media nümayəndələrinin fikrincə, cəmiyyətin dolğun və müxtəlif mənbələrdən məlumat almaq hüququnun təmin olunması üçün dövlət qurumlarının rəhbərləri müxtəlif media platformalarının suallarını cavablandırmalı, müsahibələr formal xarakter daşımamalıdır. Onlar hesab edirlər ki, bu yanaşma həm jurnalistikanın inkişafına, həm də ictimai etimadın möhkəmlənməsinə töhfə verə bilər.

    Qeyd: Yazıda jurnalist Məhərrəm Əliyevin sosial media hesabında paylaşdığı fikirlərdən istifadə olunub. Yazıda səsləndirilən məqamlar iddia xarakteri daşıyır və adı çəkilən qurumların mövqeyi təqdim olunarsa, materiala əlavə edilə bilər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR