Bu gündən Azərbaycanda qadınlarla kişilər üçün pensiya yaşı rəsmən 65-ə bərabərləşdirildi. Rəqəmlərə baxanda bu, gender bərabərliyi kimi görünür. Amma reallıq tamam başqadır. Bu qərarla bağlı insanların verdiyi əsas sual sadədir: Pensiyaya çıxacağıq, yoxsa o yaşa çatacağıq?
İqtisadi baxımdan hökumətin məqsədi aydındır – pensiya ödənişlərini gecikdirmək, dövlət büdcəsinin yükünü azaltmaq və sosial sığorta sisteminə qənaət etmək. Lakin bu qənaətin yükü yenə də vətəndaşın üzərinə düşür.
Azərbaycanda 55-60 yaşını keçən insanların iş tapması onsuz da ciddi problemdir. Bir çox işəgötürən yaşlı əməkdaşları işə götürmək istəmir, dövlət isə onların məşğulluğunu təmin edəcək effektiv mexanizmlər ortaya qoya bilməyib. Nəticədə insanlar nə əməkhaqqı ala bilir, nə də pensiya.
Məmurlar tez-tez Avropa ölkələrində də pensiya yaşının yüksək olduğunu misal göstərir. Amma bir mühüm fərqi demirlər. Almaniya, İsveç, Niderland kimi ölkələrdə yüksək pensiya yaşı yüksək maaşlar, keyfiyyətli səhiyyə, uzun ömür və güclü sosial müdafiə sistemi ilə müşayiət olunur. Azərbaycanda isə həmin təminatlar olmadan yalnız pensiya yaşı artırılır.
Qonşu Gürcüstanda qadınlar hələ də 60, kişilər isə 65 yaşında pensiyaya çıxırlar. Azərbaycanda isə artıq hər iki cins üçün hədd 65-dir. Bu, xüsusilə qadınların pensiya almaq üçün daha uzun müddət işləməsi anlamına gəlir.
Pensiya islahatı yalnız yaşı artırmaqdan ibarət olmamalıdır. Əgər insan 60 yaşında iş tapa bilmirsə, gəliri yoxdursa və sağlamlığı zəifləyibsə, ona "beş il də gözlə" demək sosial siyasət deyil, problemi sadəcə gələcəyə ötürməkdir.
Dövlət üçün pensiya yaşını artırmaq maliyyə göstəricilərini yaxşılaşdıra bilər. Amma vətəndaş üçün əsas göstərici başqadır: 65 yaşına çatana qədər dolanışığını necə təmin edəcək? Bu suala inandırıcı cavab verilmədən pensiya yaşının artırılması cəmiyyətdə narazılıq yaratmağa davam edəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.