"Təmas" RİİB tərəfindən həyata keçirilən layihə çərçivəsində Gəncə–Daşkəsən iqtisadi rayonunda yerləşən 4 ümumtəhsil məktəbində "Kiberməkanın təhlükəsizlik qaydaları" mövzusunda maarifləndirici seminarlar təşkil olunub.
QHT.az xəbər verir ki, seminarların əsas məqsədi bölgənin həssas məktəb icmalarında rəqəmsal təhlükəsizlik mədəniyyətinin formalaşdırılması, internet mühitində mövcud risklər barədə məlumatlılığın artırılması, hüquqi biliklərin gücləndirilməsi və təhlükəsiz davranış vərdişlərinin inkişaf etdirilməsi olub.
Layihənin rəhbəri Südabə Məmmədova seminarların açılışında çıxış edərək bildirib ki, rəqəmsal texnologiyaların sürətli inkişaf etdiyi müasir dövrdə uşaq və yeniyetmələrin kiberməkanda təhlükəsizliyinin təmin olunması, onların internetdən məsuliyyətli istifadə bacarıqlarının artırılması və hüquqi maarifləndirilməsi xüsusi əhəmiyyət kəsb edir.
Təlimçi-ekspert Kübra Ələkbərova tərəfindən keçirilən sessiyalarda iştirakçılara kiberzorakılıq və onun psixoloji, sosial təsirləri, internetdə mövcud risklər və təhlükələr, şəxsi məlumatların qorunması, sosial şəbəkələrdən təhlükəsiz istifadə qaydaları və kiberdələduzluqdan qorunma üsulları haqqında ətraflı məlumat verilib. Təlim zamanı real həyatdan nümunələr təqdim olunub, interaktiv müzakirələr aparılıb və şagirdlərin sualları cavablandırılıb.
Seminarlarda həmçinin ərazi üzrə Polis Şöbələrinin İctimai Təhlükəsizlik Bölmələrinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktik İşin Təşkili Qrupının əməkdaşları iştirak edib. Onlar kiberməkanda hüquqpozmalardan qorunma yolları, uşaqların rəqəmsal təhlükəsizliyi, internet vasitəsilə törədilən hüquqazidd əməllər, təhlükəli hallarla qarşılaşdıqda müraciət mexanizmləri və aidiyyəti dövlət qurumlarının fəaliyyəti barədə ətraflı məlumat verib. Çıxış zamanı mövzu ilə bağlı real hadisələr əsasında nümunələr təqdim olunaraq iştirakçılara praktik tövsiyələr çatdırılıb.
Qeyd edək ki, seminarlar Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Təmas" RİİB tərəfindən həyata keçirilən " Qərb bölgəsində insan alveri və məişət zorakılığına qarşı mübarizədə yeni yanaşmalar " layihəsi çərçivəsində təşkil olunub.
Fotolar
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.