Azərbaycanda keçirilən Türk Dünyası Həftəsinin iştirakçıları əməkdaşlığın gələcək inkişaf istiqamətlərini müəyyən edən Xankəndi Bəyannaməsini yekdilliklə qəbul ediblər.
Bu barədə Azərbaycanın Mədəniyyət Nazirliyi məlumat yayıb.
Bəyannamədə türk dövlətləri arasında gələcək əməkdaşlığın əsas istiqamətləri kimi elm, təhsil, dil və mədəniyyət sahələri, eləcə də tarixi irsin qorunması müəyyənləşdirilib.
Sənəddə Azərbaycan Prezidenti İlham Əliyev yubiley tədbirlərinin və Türk Dünyası Həftəsinin keçirilməsi təşəbbüsünə görə təşəkkürlə qeyd olunub. Həmçinin digər türk dövlətlərinin rəhbərlərinə tədbirə ünvanladıqları təbrik müraciətlərinə görə minnətdarlıq ifadə edilib.
Qeyd edək ki, daha əvvəl Bakıda Birinci Türkologiya Qurultayının 1926-cı ildə keçirilməsinin 100 illiyinə həsr olunan genişmiqyaslı Türk Dünyası Həftəsinə start verilib. Azərbaycan Prezidentinin rəsmi təşəbbüsü ilə təşkil olunan tədbirin açılış mərasimində 20 ölkədən 215 nümayəndə iştirak edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.