AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Allahşükür Paşazadə Daşkənddə keçirilən I Beynəlxalq İslam Sivilizasiyası Forumunda çıxış edib

  • + A
  • - A
  • Bu gün, 10:32

    Allahşükür Paşazadə Daşkənddə keçirilən I Beynəlxalq İslam Sivilizasiyası Forumunda çıxış edib


    İyulun 7-də Özbəkistanın paytaxtı Daşkənddə I Beynəlxalq İslam Sivilizasiyası Forumunun açılış mərasimi keçirilib.

    Tədbir Qurani-Kərimdən ayələrin tilavəti ilə başlayıb, daha sonra forumun keçirildiyi İslam Sivilizasiyası Mərkəzi haqqında məlumat xarakterli film nümayiş etdirilib. Ardınca Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin forum iştirakçılarına ünvanladığı müraciət oxunub.

    Açılış mərasimində çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri, Bütün Qafqazın Şeyxi Allahşükür Paşazadə əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyevin forum iştirakçılarına ünvanladığı xoş arzuları çatdırıb.

    Allahşükür Paşazadə çıxışında Azərbaycan və Özbəkistanın islam sivilizasiyasının inkişafına verdiyi tarixi töhfələrdən bəhs edib. O bildirib ki, Daşkənddə fəaliyyət göstərən İslam Sivilizasiyası Mərkəzi dünya miqyasında elm, din və mədəniyyətin vəhdətini özündə əks etdirən mühüm bir ocaq olmaqla yanaşı, müasir texnologiyaların tətbiq olunduğu nümunəvi mərkəzlərdən biridir.

    Bütün Qafqazın Şeyxi qeyd edib ki, mərkəzin yaradılması Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilib. O, həmçinin vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev də islamın sülh, tolerantlıq və humanizm dəyərlərinin beynəlxalq müstəvidə təşviqi istiqamətində ardıcıl fəaliyyət göstərən, islamofobiyaya qarşı qətiyyətli mövqe nümayiş etdirən dövlət lideridir.

    Allahşükür Paşazadə çıxışında Türk Dövlətləri Təşkilatı çərçivəsində müsəlman dini liderlərinin əməkdaşlığının əhəmiyyətini də xüsusi qeyd edib. O bildirib ki, dini liderlər təşkilata üzv ölkələrin dövlət başçılarının mədəni-mənəvi sahədə həyata keçirdikləri təşəbbüslərə dəstək verməyə hazırdırlar.

    Şeyxülislam, həmçinin bu ilin sentyabr ayında Bakıda keçiriləcək Türk Dövlətləri Təşkilatının dini liderlərinin VII görüşü barədə məlumat verərək, tədbir çərçivəsində görkəmli islam mütəfəkkiri Seyyid Yəhya Bakuvinin irsinə həsr olunmuş beynəlxalq elmi konfransın təşkil ediləcəyini bildirib.

    Qeyd edək ki, I Beynəlxalq İslam Sivilizasiyası Forumu iyulun 7–11-də Daşkənd, Səmərqənd və Buxara şəhərlərində keçirilir. İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) Baş direktoru Salim M. Al Malik və Özbəkistan İslam Sivilizasiyası Mərkəzinin direktoru Firdavs Abdulxalikovun dəvəti ilə forumda Qafqaz Müsəlmanları İdarəsinin sədri, Bütün Qafqazın Şeyxi Allahşükür Paşazadə iştirak edir.






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR