Bir neçə gün öncə məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığı modeli dövlət hesabına maliyyələşəcəyi ilə bağlı məlumat yayılmışdı. Belə ki, Azərbaycan Prezidentinin məktəbəqədər təhsil sahəsində valideyn–dövlət–özəl əməkdaşlığına əsaslanan yeni maliyyələşmə modeli bu sahədə əlçatanlığın artırılmasına yönəlmiş mühüm islahatdır.
Modelə əsasən, övladını özəl məktəbəqədər təhsil müəssisəsinə yerləşdirən valideynlərin aylıq təhsil haqqının müəyyən hissəsi dövlət tərəfindən maliyyələşdiriləcək. Bu yanaşma valideyn, dövlət və özəl sektor arasında əməkdaşlığı gücləndirməklə yanaşı, məktəbəqədər təhsil müəssisələrinin inkişafına da əlavə stimul verəcək.
Artıq Fərmanın icrası ilə bağlı zəruri tədbirlərə başlanılıb.
Bəs özəl bağçalar bu modeldən necə yararlana bilər?
Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə sorğu ünvanladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, məktəbəqədər təhsil sahəsində dövlət–özəl–valideyn əməkdaşlığı modeli çərçivəsində həyata keçiriləcək yeni mexanizmdən yalnız müəyyən tələblərə cavab verən özəl məktəbəqədər təhsil müəssisələri yararlana biləcək.
“Bunun üçün özəl məktəbəqədər təhsil müəssisəsinin müvafiq lisenziyaya malik olması, Elm və Təhsil Nazirliyinin Məktəbəqədər Təhsil Müəssisələrinin İnformasiya Sisteminə (MTİS) qoşulması və uşaq qəbulunu https://www.bq.edu.az/ (Məktəbəqədər Təhsil Müəssisələrinə Elektron Sənəd Qəbulu Sistemi) platforması üzərindən aparması əsas şərtlərdəndir. Bu çərçivədə MTİS-ə hələ qoşulmamış və ya sistemə məlumatlarını tam şəkildə daxil etməmiş özəl məktəbəqədər təhsil müəssisələrinin bunu etmələri zəruridir. MTİS sisteminə qoşulma və sistemə məlumatların tam və düzgün şəkildə daxil edilməsi özəl məktəbəqədər təhsil müəssisələri üçün hüquqi öhdəlikdir.
Bu baxımdan, özəl məktəbəqədər təhsil müəssisələrini qeyd olunan tələbləri təmin etməyə və proqramda iştirak üçün zəruri addımları vaxtında atmağa dəvət edirik. Bu, həm dövlət dəstəyindən faydalanmağa, həm də daha çox ailənin məktəbəqədər təhsilə çıxışına töhfə verməyə imkan yaradacaq.
Lisenziyası olan özəl məktəbəqədər təhsil müəssisələrinin müvafiq siyahısı ilə buradan tanış ola bilərsiniz”.
Qeyd edək ki, Nazirlər Kabineti tərəfindən “Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 19 iyun tarixli 691 nömrəli Fərmanının icrasının təmin edilməsi barədə Sərəncam (https://nk.gov.az/az/senedler/serencamlar/mektebeqeder-tehsil-sahesinde-valideyn-dovlet-ozel-9588) imzalanıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.