AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Autizmli Uşağa Qarşı Zorakılıq: Hamımızı Düşündürməli Olan Hadisə

  • + A
  • - A
  • Bu gün, 22:22

    Autizmli Uşağa Qarşı Zorakılıq: Hamımızı Düşündürməli Olan Hadisə


    Bir uşaq, bir hadisə və cəmiyyət qarşısında məsuliyyətimiz

    Son günlər sosial şəbəkələrdə yayılan və liftin qarşısında bir uşağın dəfələrlə itələnərək yerə yıxılması ilə nəticələnən görüntülər cəmiyyətdə ciddi narahatlıq doğurub. Hadisənin iştirakçısı olan uşağın autizm spektr pozuntulu olması isə bu məsələnin həm mənəvi, həm də sosial məsuliyyət baxımından daha həssas yanaşılmasını zəruri edir.

    Bu hadisə təkcə bir zorakılıq faktı deyil, eyni zamanda cəmiyyət olaraq övladlarımıza hansı dəyərləri aşıladığımız barədə düşünməyimiz üçün ciddi bir çağırışdır.

    Əsrlər boyu xalqımızın mənəvi dəyərlərinin əsasını böyüyün kiçiyi qoruması, güclünün zəifə dayaq olması, insanın insana mərhəmət və hörmətlə yanaşması təşkil edib. Güc heç vaxt kimisə alçaltmaq, qorxutmaq və ya fiziki üstünlük nümayiş etdirmək anlamına gəlmir. Əsl güc anlayışlı olmaqda, səbir göstərməkdə və köməyə ehtiyacı olan insana dəstək verməkdədir.

    Məktəblər yalnız bilik verən müəssisələr deyil, eyni zamanda şəxsiyyət formalaşdıran mühüm tərbiyə ocaqlarıdır. Burada uşaqlara vicdan, empatiya, qarşılıqlı hörmət və mərhəmət kimi ümumbəşəri dəyərlər də aşılanmalıdır. Valideynlərin üzərinə düşən əsas vəzifə isə övladlarına başqasının zəifliyindən istifadə etməyi deyil, ona dayaq olmağı öyrətməkdir.

    Bir uşağın göz yaşına səbəb olan cəmiyyət güclü hesab oluna bilməz. Güclü cəmiyyət odur ki, hər bir uşaq özünü təhlükəsiz hiss etsin, hər bir böyük isə qarşısındakı uşağa öz övladı kimi qayğı və məsuliyyətlə yanaşsın.

    Pedaqoji fəaliyyətim dövründə yaşadığım bir hadisə bu baxımdan mənim üçün unudulmaz həyat dərsidir. Bakı Slavyan Universitetində çalışdığım illərdə müəllimlərdən biri məcburiyyət qarşısında üç yaşlı qızını işə gətirmişdi. Balaca qız beşinci mərtəbəyə pilləkənlə qalxmaq istəmir, qorxduğu üçün yerindən tərpənmirdi.

    Mən ona yaxınlaşıb gülümsəyərək dedim: “Mənə kömək edərsən? Mən yuxarı qalxmağa bir az çəkinirəm.” O, sakitcə əlimdən tutdu və hər mərtəbədə ona təşəkkür edərək köməyinin mənim üçün nə qədər dəyərli olduğunu bildirdim. Beləliklə, beş mərtəbəni birlikdə qalxdıq.

    Bu hadisədə heç bir möcüzə yox idi. Sadəcə, uşağa təzyiq göstərilmədi, onun hissləri nəzərə alındı, ona dəyər verildi və özünü faydalı hiss etməsi üçün düzgün ünsiyyət quruldu. Bəzən bir uşağın qəlbinə yol tapmaq üçün güc deyil, anlayış, hörmət və sevgi kifayət edir.

    Bu gün baş verən hadisə də hər birimiz üçün təkcə hüquqi deyil, həm də mənəvi məsuliyyət dərsi olmalıdır. Çünki uşaqlar bizim söylədiklərimizi deyil, davranışlarımızı örnək götürürlər.

    Qəddarlıq heç bir canlıya xas olmamalıdır. İnsanlığı fərqləndirən əsas xüsusiyyət mərhəmət, vicdan və başqasının ağrısını hiss edə bilməkdir. Gələcəyimizi formalaşdıracaq gənc nəslə məhz bu dəyərləri aşılamaq hər birimizin ortaq borcudur.

    Binəqədi rayonu 244 nömrəli tam orta məktəbin direktoru Şəfa Qurbanova



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR