Təhsil eksperti: Universitet məzunları əlavə hazırlıq olmadan MİQ-də uğur qazanmalıdır

Təhsil eksperti Şəmil Sadiq hesab edir ki, ali təhsil müəssisələri müəllimləri elə səviyyədə hazırlamalıdır ki, məzunlar universiteti bitirdikdən sonra əlavə MİQ hazırlığına ehtiyac duymadan işə qəbul oluna bilsinlər.
Ekspert bildirib ki, MİQ sistemi ümumilikdə uğurlu və şəffaf müəllim seçimi modelidir. Onun sözlərinə görə, müəllimlərin öz bilik və bacarıqları əsasında işə qəbul olunması müsbət haldır. Bununla yanaşı, MİQ nəticələri ali təhsil müəssisələrinin müəllim hazırlığı ilə bağlı müəyyən suallar da yaradır.
Şəmil Sadiq qeyd edib ki, əgər universitetlər dörd il ərzində peşəkar müəllim hazırlayırsa, məzunların sonradan MİQ üçün ayrıca kurslara və hazırlığa ehtiyac duyması ali təhsil proqramlarının əmək bazarının tələbləri və MİQ-in qiymətləndirdiyi kompetensiyalarla tam uyğun olmadığını göstərir.
Ekspertin fikrincə, yüksək nəticə əldə edənlər arasında həm uzun illər məktəbdə və ya kurslarda çalışan müəllimlər, həm yeni məzunlar, həm də fərdi şəkildə hazırlaşan şəxslər var. Bu isə uğurun daha çox şəxsi hazırlıq, davamlı özünüinkişaf və məqsədyönlü fəaliyyətlə bağlı olduğunu göstərir. O vurğulayıb ki, universitet bu hazırlığın əsasını kifayət qədər möhkəm şəkildə formalaşdırmalıdır.
Şəmil Sadiq əlavə edib ki, MİQ imtahanı əsasən müəllimin nəzəri biliklərini qiymətləndirir. Halbuki peşəkar müəllim olmaq üçün pedaqoji ustalıq, psixoloji hazırlıq, metodiki bacarıqlar, sinfin idarə olunması və ünsiyyət bacarıqları da böyük əhəmiyyət daşıyır.
Ekspert bu baxımdan MİQ-dən sonrakı müsahibə mərhələsini vacib hesab etdiyini bildirib. Onun sözlərinə görə, müsahibə peşəkar və obyektiv təşkil olunarsa, namizədin məktəbdə uğurlu fəaliyyət göstərə biləcək səriştələrini daha düzgün qiymətləndirmək mümkün olar.
Şəmil Sadiqin fikrincə, gələcəkdə əsas məqsəd MİQ sistemini ləğv etmək deyil, ali təhsil müəssisələrində müəllim hazırlığını elə səviyyəyə çatdırmaqdır ki, universitet məzunları əlavə hazırlıq kurslarına ehtiyac duymadan həm MİQ imtahanında yüksək nəticə göstərsin, həm də məktəblərdə keyfiyyətli tədris apara bilsinlər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.