Göygöldə ötən həftə keçirilən V Milli Yaylaq Festivalı bu dəfə bayram əhval-ruhiyyəsi ilə deyil, baş verən xoşagəlməz hadisə ilə yaddaşlarda qaldı. Göygöl Rayon İcra Hakimiyyəti və Gənclər və İdman Nazirliyinin birgə təşkil etdiyi festival zamanı yüngül konstruksiyalı çardaq çöküb, nəticədə biri 8 yaşlı uşaq olmaqla 8 nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.
Təşkilat Komitəsinin yaydığı açıqlamada bildirilib ki, hadisə səhnənin aşması ilə bağlı olmayıb. Məlumata görə, cıdır meydanının yaxınlığında atlar üçün saman saxlanılması məqsədilə quraşdırılmış, taxta konstruksiyadan ibarət və üstü qarğı ilə örtülmüş çardaq çöküb.
Hadisədən sonra festivalın təşkili üçün ayrılan dövlət vəsaiti və tenderi həyata keçirən şirkət diqqət mərkəzinə düşüb.
Dövlət satınalmaları portalında yerləşdirilən məlumata əsasən, Gənclər və İdman Nazirliyi V Milli Yaylaq Festivalının təşkili üçün 215,2 min manat məbləğində satınalma həyata keçirib. Tenderin qalibi isə "VATA" MMC olub.
2021-ci ilin oktyabrında təsis edilən şirkətin qanuni təmsilçisi Məmmədov Faiq Məhəmməd oğludur.
Açıq mənbələrdə yer alan məlumatlara görə, "VATA" MMC "VATA GROUP" MMC ilə əlaqəli şirkətdir. "VATA GROUP"un qanuni təmsilçiləri Kənan və Vüsal Fuad oğlu Atayevlərdir. Vüsal Atayev Neftçala Rayon İcra Hakimiyyəti başçısının köməkçisi Mirhəsən Seyidovun köməkçisi, Kənan Atayev isə "ATA CONSULTING" şirkətinin rəhbəri kimi tanınır.
Şirkət fəaliyyətə başladığı 2021-ci ildən etibarən müxtəlif dövlət qurumlarının keçirdiyi iri həcmli satınalmalarda qalib olub. Xüsusilə Dövlət Turizm Agentliyinin xarici jurnalistlər, bloqerlər və turizm şirkətlərinin nümayəndələri üçün təşkil etdiyi tanışlıq turlarına dair tenderləri qazanması ilə tanınır.
Bundan başqa, cari ilin əvvəlində "VATA" MMC Gənclər və İdman Nazirliyinin dəyəri 1 milyon 87 min manat olan "Gənclər Həftəsi 2026" tədbirinin təşkili üzrə tenderinin də qalibi seçilib.
Qeyd edək ki, artıq beşinci dəfə keçirilən Milli Yaylaq Festivalının təşkilatçıları sırasında Göygöl Rayon İcra Hakimiyyəti və Gənclər və İdman Nazirliyi ilə yanaşı, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), "Cavad Xan" Tarix və Mədəniyyət Fondu, eləcə də "KAP.AZ" MMC yer alır.
Festival zamanı baş vermiş hadisə təhlükəsizlik tədbirlərinin yetərli olub-olmaması, eləcə də dövlət vəsaiti hesabına keçirilən iri tədbirlərdə məsuliyyət məsələsini yenidən gündəmə gətirib.