İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində təşkil etdiyi mənzil seçimi prosesi başa çatıb.
Bu barədə İKZF və "AzInTelecom" MMC birgə məlumat yayıb.
Belə ki, Azərbaycanda ilk dəfə olaraq İKZF-nin təşəbbüsü ilə yaşayış sahələrinin kütləvi seçimi prosesində "SİMA İmza"nın üztanıma əsasında biometrik identifikasiya texnologiyası tətbiq olunub.
Bildirilib ki, yeni həll sayəsində vətəndaşlar yaşayış sahələrinin seçimi ilə bağlı müraciətlərini "SİMA İmza"nın biometrik identifikasiya funksiyası vasitəsilə təsdiqləyiblər.
Qeyd olunub ki, bu yanaşma seçim prosesinin təhlükəsizliyinin və şəffaflığının artırılmasına, xüsusi proqram təminatlarından istifadə imkanının təmin edilməsinə, həmçinin mümkün sui-istifadə hallarının və kənar müdaxilə risklərinin qarşısının alınmasına xidmət edib.
Məlumata görə, bu gün Bakı şəhərinin Binəqədi rayonu, Cəfər Xəndan küçəsində yerləşən yaşayış kompleksindəki 184 tam təmirli yeni mənzil vətəndaşların seçiminə təqdim olunub.
Yaşayış sahələrinin seçimi "Elektron ipoteka və kredit zəmanət" sistemi üzərindən 16 dəqiqə 22 saniyə ərzində tamamlanıb və bütün müraciətlər müəyyən olunmuş qaydalara uyğun şəkildə yekunlaşdırılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.