AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Güzəştli ipoteka kimə düşür və necə götürək?

  • + A
  • - A
  • 10-02-2022, 22:00

    Güzəştli ipoteka kimə düşür və necə götürək?

    Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin fərmanı ilə güzəştli ipotekadan yararlanan şəxslərin siyahısına dəyişiklik edilib. Sözügedən fərmana əsasən, gənc ailənin üzvü olan, azı 5 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxslər, eləcə də, gənc ailənin üzvü olmayan ən azı 15 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxslər güzəştli ipoteka krediti ala biləcəklər.

    AzadMedia.az xəbər verir ki, bu yenilik Azərbaycanda güzəştli ipoteka anlayışının nə olması və kimlərin bu növ ipotekanı ala bilməsi məsələsini yenidən gündəmə gətirib. Mövzunun aktuallığını nəzərə alaraq, güzəştli ipoteka anlayışını və onunla bağlı əsas şərtləri təqdim edirik:

    Güzəştli ipoteka krediti İpoteka və Kredit Zəmanəti Fondu (İKZF) tərəfindən təqdim olunan kreditdir. Güzəştli ipoteka kreditinin maksimal məbləği 100 000 AZN-dir. Müraciət edənlər minimum 10% ödəməklə, maksimum 30 il müddətinə kredit götürə bilərlər. Güzəştli ipoteka krediti üzrə maksimal illik faiz dərəcəsi zəmanət verilməmiş kreditlər üzrə 4%-dir.

    İpoteka kreditləri üzrə güzəştlərdən hansı şəxslər istifadə edə bilər?

    Gənc ailənin üzvü olan aşağıdakı şəxslər:

    Şəhid ailəsinin üzvü (əri/arvadı, övladları);

    Vətən Müharibəsi Qəhrəmanı (özü, əri/arvadı, övladları);

    Azərbaycanın Milli Qəhrəmanı (özü, əri/arvadı, övladları);

    Məcburi köçkün və ya ona bərabər tutulan şəxs;

    Ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;

    Ən azı 3 il dövlət ümumtəhsil müəssisəsində müəllim işləyən şəxs;

    Fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs;

    İdman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı (I, II və ya III yer);

    Elmlər doktoru elmi dərəcəsi olan şəxs;

    Ən azı 15 il dövlət qulluğunda qulluq edən şəxs, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;

    Ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları(“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı, 41.0.7-ci, 41.0.8-ci, 41.0.10-cu, 42.0.3-cü, 42.0.4-cü və 42.0.5-ci maddələrində nəzərdə tutulan hallarda ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular istisna olmaqla);

    Ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxs;

    Ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilər;

    Ən azı 15 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxs.

    Azı 5 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxslər, eləcə də, gənc ailənin üzvü olmayan ən azı 15 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxslər.


    Qeyd edək ki, güzəştli ipoteka kreditindən istifadə etmək hüququ olan ailə və ya şəxs bu hüquqdan yalnız bir dəfə istifadə edə bilər.

    Bəs adi ipoteka almaq istəyən şəxslər üçün şərtlər necədir?

    Güzəştli kateqoriyaya düşməyən şəxslər də ipoteka krediti götürə bilərlər. Bu zaman ipoteka kreditinin maksimal məbləği 150 000 AZN-dir. Şəxslər minimum 15% ödəməklə, maksimum 25 il müddətinə kredit götürə bilərlər. İpoteka krediti üzrə maksimal illik faiz dərəcəsi zəmanət verilməmiş kreditlər üzrə 8%-dir.

    Kredit almaq üçün digər tələblər

    Ümumiyyətlə, ipoteka krediti Azərbaycan manatı ilə verilir. Onu almaq üçün minimal əmək haqqı tələbi yoxdur. Mülkiyyətində yaşayış sahəsi olan şəxslər də ipoteka krediti ala bilər. İpoteka kreditləri fərdi yaşayış evlərinin, bağ evlərinin və 01 yanvar 1970-ci il tarixindən sonra inşa edilmiş çoxmənzilli binalarda yerləşən mənzillərin alınmasına verilir. Kredit götürülərkən alınan, rəsmiləşdirilən yaşayış sahəsinin özü girov qoyulur.

    Qanunvericilikdə müəyyən olunmuş hallar istisna olmaqla, kredit tam ödənilənə qədər kredit hesabına alınmış yaşayış sahəsinin özgəninkiləşdirilməsinə icazə verilmir. Ailə üzvlərinin maddi vəziyyəti imkan verdiyi, hər bir ailə üzvünün saxlanılması üçün xərc ödənildiyi halda ipoteka kreditinin verilməsinə dair heç bir məhdudiyyət qoyulmur.

    Kreditin son ödəniş tarixinə borcalanın və ya birgə borcalanın yaşı qanunvericiliklə müəyyən olunmuş pensiya yaş həddindən (kişilər-65 yaş, qadınlar-65 yaş) çox olmamalıdır. Yəni, kredit müqaviləsi bağlanan borcalanın 50 yaşı varsa, müqavilə 15 ildən artıq müddətə bağlanıla bilməz.

    Vətəndaşlar İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) saytına daxil olaraq ipoteka kalkulyatoru vasitəsi ilə onlara düşən kredit məbləğini hesablaya bilərlər.

    Ötən il vətəndaşlara 350 milyon manatdan çox məbləğdə ipoteka kredit verilib.

    İKZF-dan aldığımız məlumata görə, 2021-ci ildə Fondun vəsaiti hesabina 356,1 milyon məbləğində 5300-ə yaxın vətəndaşa ipoteka krediti verilib. Bu rəqəmin 253,8 milyon manatı adi (71,28%), 102,3 milyon manatı isə güzəştli ipoteka kreditlərini (28,72%-i) payına düşüb. Hazırda Azərbaycanda 23 bank dövlət vəsaiti hesabına ipoteka krediti verir. İpoteka krediti təqdim edən bankların siyahısına buradan baxmaq olar.

    Ötən ilin statistikadan da görünür ki, güzəştli şərtlərlə verilən ipoteka kreditlərinin həcmi adi ipoteka kreditlərindən xeyli azdır. İlin yeni başlamasını və fond tərəfindən müvəkkil banklar üçün ipoteka kreditlərinin yeni ayrıldığını nəzərə alaraq bir sıra banklara zəng edərək güzəştli ipoteka kreditləri ilə maraqlandıq. Əlaqə saxladığımız bankların əksəriyyəti güzəştli ipoteka kreditləri limitlərinin artıq bitdiyini dedilər.

    İqtisadçı millət vəkili Vüqar Bayramov mövzu ilə bağlı saytımıza açıqlamasında bildirib ki, banklar adi ipoteka krediti verməklə bir növ öz risklərini sığortalamağa çalışırlar: “Həmçinin nəzərə almaq lazımdır ki, adi ipotekanı ödəmə qabiliyyəti olan bütün vətəndaşların almaq hüququ var. Lakin güzəştli şərtlərlə ipoteka krediti üçün müraciət yalnız güzəştli kateqoriya üçündür. Güzəştli kateqoriya dedikdə burada əsas gənc ailələrin müraciətindən söhbət gedir. Lakin burada başqa bir nüans var. Məsələn, orta məktəb müəllimlərin güzəştli ipoteka krediti almaq müraciət hüququ var, lakin onların əmək haqları o qədər də yüksək deyil. Onların əmək haqları aşağı olduğu üçün güzəştli ipotekaya müraciətlər çox deyil”.

    Deputat Prezidentin son fərmanını qeyd edərək jurnalistlərə də belə bir hüquq verildiyini xatırladıb: “Lakin bizim apardığımız monitorinqlər göstərir ki, jurnalistlərin də orta aylıq əmək haqları yüksək deyil. Banklar isə daha çox riskləri sığortalamağa çalışır və daha çox gəliri çox, ödəmə qabiliyyəti yüksək olan vətəndaşlara ipotekaları təqdim etməyə çalışır. Onlar bu yolla kreditlərlə bağlı ödənişlərdə problemlərin olmamasını istəyirlər. Düzdür, ipoteka alarkən ailə üzrə borclanma da mümkündür. Məsələn, güzəştli ipoteka almaq hüquq olan jurnalistin əmək haqqı yüksək deyilsə, o həyat yoldaşı və ya valideynləri ilə birlikdə, birgə borclanma formasında kreditin alınması üçün müraciət edə bilər”.

    Bəs İpoteka Kreditini əldə etmək üçün hansı sənədlər lazımdır?

    • İpoteka kreditinin alınması üçün tələb olunan sənədlər:

    Borcalanın (borcalanların) şəxsiyyətini təsdiq edən sənəd və sənədin surəti;
    Nikah (və ya nikahın pozulması) haqqında şəhadətnamə və sənədin surəti;
    Borcalanın (borcalanların) yetkinlik yaşına çatmamış ailə üzvlərinin şəxsiyyət vəsiqələri və ya doğum haqqında şəhadətnamələri və həmin sənədlərin surəti;
    Borcalanın (borcalanların) iş yerini və gəlirlərini təsdiq edən sənədlər;
    Şəxsin güzəştli kateqoriyaya aid olduğunu təsdiq edən sənəd (şəxs güzəştli kateqoriyaya aid olduqda).
    Borcalan (borcalanlar) fərdi sahibkar olduqda:

    Sahibkarın vergi orqanlarında qeydiyyatdan keçdiyi barədə şəhadətnamənin surəti;
    Vergi orqanları tərəfindən qəbul olunmuş gəlir vergisi və ya sadələşdirilmiş vergi bəyannaməsi.

    Tələb olunan sənədlər elektron sistem vasitəsilə, bu mümkün olmadıqda isə kağız daşıyıcılarda təqdim edilməlidir.

    • İpoteka kreditinin rəsmiləşdirilməsindən sonra təqdim olunmalı sənədlər:

    İpoteka müqaviləsinin (Qarışıq müqavilə) və ipoteka kağızının əsli və onların dövlət qeydiyyatından keçməsini təsdiqləyən sənədlər;
    Borcalanın (borcalanların) həyatın ölüm halından və əmək qabiliyyətinin itirilməsinin və ipoteka predmetinin sığortalanmasını və sığorta ödənişlərinin ödənildiyini təsdiqləyən sənədlər.
    Qeyd edək ki, İKZF tərəfindən 2022-ci il ərzində ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara ipoteka kreditlərinin, o cümlədən güzəştli ipoteka kreditlərinin verilməsi üçün limitlər ayrılıb. Limitlərin aktivləşdirilməsi 17 yanvar tarixindən başlayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR