AKTİ MDB-nin Birinci Könüllülər Forumunda Azərbaycanı təmsil edib.

Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) nümayəndə heyəti Qazaxıstan Respublikasının Astana şəhərində keçirilən Müstəqil Dövlətlər Birliyinin (MDB) Birinci Könüllülər Forumunda iştirak edib.
20-21 avqust tarixlərində “Könüllülük vasitəsilə birlik: tərəfdaşlıq, etimad, inkişaf” mövzusunda keçirilən forum 2026-cı ilin BMT Baş Assambleyası tərəfindən Dayanıqlı İnkişaf Naminə Beynəlxalq Könüllülər İli elan edilməsi və MDB-nin yaradılmasının 35 illiyi çərçivəsində təşkil olunub. Forumda iştirak Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilib.
Tədbirin əsas məqsədi MDB məkanında könüllülük sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, üzv ölkələr arasında təcrübə mübadiləsinin genişləndirilməsi və birgə könüllülük təşəbbüslərinin təşviq edilməsindən ibarət olub.
Forumun açılış mərasimində Qazaxıstan Respublikasının baş nazirinin müavini, mədəniyyət və informasiya naziri Aida Balayeva Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin forum iştirakçılarına müraciətini səsləndirib.
İki gün davam edən tədbir çərçivəsində panel sessiyaları, müzakirələr və uğurlu könüllülük təcrübələrinin təqdimatları keçirilib. Sessiyalarda ekologiya, sosial və inklüziv dəstək, gənclər arasında könüllülüyün təşviqi, korporativ könüllülük və sosial məsuliyyət, eləcə də beynəlxalq əməkdaşlıq məsələləri müzakirə olunub.
AKTİ-nin sədri Vüqar Əliyev forum çərçivəsində keçirilən “Korporativ könüllülük və sosial məsuliyyət” panel sessiyasında çıxış edib. O, çıxışı zamanı Azərbaycanda könüllülük modelinin formalaşması və inkişafı, bu sahədə əldə olunan nailiyyətlər, eləcə də könüllülüyün beynəlxalq əməkdaşlığın və dayanıqlı inkişafın təşviqində rolu barədə fikirlərini bölüşüb.
İttifaqın sədri, həmçinin forumun bağlanış mərasimində çıxış edərək könüllülük sahəsində regional əməkdaşlığın əhəmiyyətini vurğulayıb və MDB ölkələri arasında təcrübə mübadiləsinin gələcəkdə birgə təşəbbüslərin həyata keçirilməsinə mühüm töhfə verəcəyini qeyd edib.
AKTİ-nin beynəlxalq layihələr üzrə koordinatoru Fidan Şəmiyeva isə “Sərhədsiz könüllülük: Könüllülük cəmiyyəti necə dəyişir?” mövzusunda keçirilən panel sessiyasında iştirak edib. Sessiya zamanı İttifaqın fəaliyyət istiqamətləri, həyata keçirdiyi layihələr və beynəlxalq əməkdaşlıq çərçivəsində reallaşdırılan təşəbbüslər barədə məlumat verilib.
Forumda Qazaxıstan, Rusiya, Azərbaycan, Belarus, Qırğızıstan, Tacikistan və Özbəkistanın dövlət qurumlarının və könüllü təşkilatlarının nümayəndələri, eləcə də fəal könüllülər iştirak edib. Ümumilikdə tədbirə 300-ə yaxın nümayəndə qatılıb.








Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.