AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

15 İyun – Xalqımızın Şanlı Qurtuluş Günü

  • + A
  • - A
  • Bu gün, 11:17

    15 İyun – Xalqımızın Şanlı Qurtuluş Günü

    Azərbaycan xalqının taleyində mühüm dönüş nöqtəsi olan 15 İyun – Milli Qurtuluş Günü ölkəmizin müasir tarixində xüsusi yer tutur. Bu əlamətdar gün Azərbaycan dövlətçiliyinin qorunub saxlanılması, siyasi sabitliyin bərpa edilməsi və müstəqilliyimizin möhkəmləndirilməsi baxımından tarixi əhəmiyyət daşıyır. Məhz 1993-cü il iyunun 15-də ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilmiş və bununla da ölkəmizin inkişafında yeni mərhələnin əsası qoyulmuşdur.

    1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan ilk illərdə ciddi siyasi, iqtisadi və hərbi çətinliklərlə üzləşmişdi. Hakimiyyət uğrunda mübarizə, daxili qarşıdurmalar, idarəetmədə yaranmış boşluqlar və Ermənistanın hərbi təcavüzü ölkədə vəziyyəti son dərəcə ağırlaşdırmışdı. 1993-cü ilin yayında isə ölkə vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qalmış, dövlət müstəqilliyinin itirilməsi real təhlükəyə çevrilmişdi.

    Belə bir mürəkkəb və taleyüklü məqamda Azərbaycan xalqı öz xilaskarını – böyük dövlət xadimi Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Xalqın təkidli tələbi ilə Bakıya qayıdan Heydər Əliyev qısa müddət ərzində ölkədə sabitliyin təmin olunmasına, dövlət idarəçiliyinin gücləndirilməsinə və milli birliyin formalaşdırılmasına nail oldu. Onun uzaqgörən siyasəti nəticəsində Azərbaycan parçalanmaq təhlükəsindən xilas edildi, qanunsuz silahlı dəstələrin fəaliyyəti dayandırıldı və dövlət quruculuğu prosesi sürətləndirildi.

    Milli Qurtuluş Günü yalnız siyasi hakimiyyət dəyişikliyi deyil, həm də Azərbaycan dövlətinin gələcək inkişaf strategiyasının müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Ulu Öndərin rəhbərliyi ilə ölkədə hüquqi, demokratik və dünyəvi dövlət quruculuğuna başlanıldı. Xarici siyasətdə balanslı kurs müəyyən edildi, beynəlxalq əlaqələr genişləndirildi və Azərbaycanın dünya birliyində mövqeyi möhkəmləndirildi.

    1994-cü ildə imzalanan və sonradan “Əsrin müqaviləsi” adlandırılan neft sazişi Azərbaycanın iqtisadi inkişafının əsasını qoydu. Xarici investisiyaların ölkəyə cəlb edilməsi, iqtisadi islahatların həyata keçirilməsi və bazar münasibətlərinin formalaşdırılması nəticəsində Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu. Məhz Milli Qurtuluşdan sonra yaradılan siyasi sabitlik və təhlükəsizlik mühiti ölkənin hərtərəfli tərəqqisini təmin etdi.

    Bu gün Azərbaycan Respublikası Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun uğurla davam etdirilməsi nəticəsində regionun ən güclü dövlətlərindən birinə çevrilmişdir. İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü siyasət ölkəmizin beynəlxalq nüfuzunu daha da artırmış, iqtisadi və hərbi qüdrətini möhkəmləndirmişdir. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması dövlətimizin gücünü və xalqımızın birliyini bütün dünyaya nümayiş etdirmişdir.

    15 İyun – Milli Qurtuluş Günü Azərbaycan xalqının öz dövlətini, müstəqilliyini və gələcəyini qorumaq əzminin təcəssümüdür. Bu gün hər bir vətəndaş üçün dövlətçilik ənənələrinə sədaqətin, milli həmrəyliyin və vətənpərvərliyin rəmzi kimi dəyərləndirilir. Milli Qurtuluş Günü bizə bir daha xatırladır ki, güclü dövlətin əsasında xalqın birliyi, siyasi sabitlik və milli maraqlara söykənən müdrik idarəçilik dayanır.

    Xalqımız hər il 15 İyun tarixini böyük ehtiramla qeyd edir, Azərbaycanı ağır sınaqlardan çıxararaq inkişaf yoluna çıxarmış Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini minnətdarlıqla yad edir. Milli Qurtuluş Günü dövlətçilik tariximizin ən parlaq səhifələrindən biri kimi gələcək nəsillərə ötürülən mühüm tarixi irsdir. Bu günün əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan məhz həmin tarixdən etibarən sabitlik, inkişaf və tərəqqi yoluna qədəm qoymuş, müasir və qüdrətli dövlətə çevrilmək istiqamətində inamla irəliləmişdir.


    YAP Masallı rayon təşkilatının əməkdaşı,
    Eldar Kazımov


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR