...Bir ixtiyar, müdrik qocaya bənzəyir bizim qədim yurdumuz. Dəmbəlov ucalığı, Viləş çay coşqunluğu, Yanardağ hərarəti yaşadır özündə... Ata misallıdar, ana timsallıdır, cənnət diyarımız. Ulu Tanrı dədə-babalarımızdan miras qalan, taleyimizə yazılan bu yurdu Masallı adı ilə bizə ərməğan edib. İllər, qərinələr zaman-zaman bu yurdun tarixini, gözəlliklərini qələmə alan, mübarək imzaları ilə onun adını zirvələrə qaldıran ziyalı şəxsiyyətlər yetişdirib.
XIX yüzilinin sonu - XX yüzilin əvvəllərində yaşayıb-yaratmış vətənpərvər ziyalı - peşəkar pedaqoq, cəfakeş diyarşünas, folklorşünas, tarixçi- etnoqraf, araşdırmaçı-jurnalist Teymur bəy Bayraməlibəyov da belə şəxsiyyətlərdən biri olub. Onun Azərbaycanda maarifçilik hərakatının inkişafında misilsiz xidmətləri danılmazdır.
Bayraməlibəyovlar nəslinin kökü Azərbaycan Səfəvi hökmdarı, I Şah Abbasın hakimiyyəti dövrünə gedib çıxır. Tarixi qaynaqlara görə, Bayraməlibəyovlar məşhur “Şahsevənlər” nəslinə mənsub olmuş və on altıncı yüzilliyin sonunda Muğana gəlmişlər. (Azərbaycan tarixi, Bakı. 1970, s. 116) Bir müddət Muğanda yaşayan Bayraməlibəyovlar XIX əsrin ortalarında Lənkəran qəzasının Çakirli (indiki Çaxırlı) kəndində maldarlıq və əkinçiliklə məşğul olmuşlar. Bayraməlibəyovlar 4 qardaş olub. Böyük qardaş Məmməd bəy (Teymur bəyin astası) mahalın Yeddioymaq kəndində 9 deyatin (təqribən 10 hektar) torpaq sahəsi alandan sonra, digər qardaşları Qasım bəy, Cəfər bəy və Kərim bəy də orada ev tikib məskunlaşırlar. Məmməd bəy Yeddioymaq kəndində ailə həyatı qurmuş, 6 oğul və 3 qız atası olmuşdur.
Teymur bəy bu böyük ailənin kiçik övladı idi. O, 1862-ci il avqustun 22-də dünyaya göz açmışdı. 7 yaşına çatanda ilk təhsilini əvvəlcə Qızılağac, sonra Yeddioymaq kəndindəki mollaxanada almışdır. Teymur bəy sonralar “Tərcümeyi-hal” adlı xatirəsində yazırdı ki, mollaxanada əvvəlcə Quran oxumağı, sonra Sədinin “Gülüstan” kitabını farca öyrənmişdir. Daha sonra Teymur bəy atasının və böyük qardaşı Cahangir bəyin təkidi ilə Lənkəranda əsası 1852-ci ildə qoyulmuş üçillik iki sinifli rus məktəbinə qəbul olunur. Pullu təhsil verən və əsasən zədagan övladları üçün nəzərdə tutulan həmin məktəbi 1875-ci ildə bitirən Teymur bəy Tiflisdə yeni açılmış feldşerlik məktəbində təhsil almağa göndərilir. 1879-cu ildə tibb təhsilini başa vurduqdan sonra Qori Müəllimlər Seminariyasının 2-ci sinfinə qəbul olur. O, seminariyada təhsil alan ilk üç azərbaycanlı tələbədən biri idi. Seminariyada oxuduğu illərdə Tiflis ədəbi mühiti ilə əlaqə saxlayan Teymur bəy müxtəlif ədəbi -bədii tədbirlərdə iştirak etmişdir.
Teymur bəy Bayraməlibəyov 1881-ci ildə, yəni 19 yaşında seminariyanı bitirərək Lənkəran şəhər rus məktəbinə rus dili və hesab müəllimi kimi əmək fəaliyyətinə başlamışdır. Onun böyük zəhməti nəticəsində dərs dediyi birinci ildə məktəbdə təhsil alan azərbaycanlı şagirdlərin sayı 4 nəfərdən 16 nəfərə, daha sonra 36-ya çatdırılmış, sonrakı illərdə isə bu artım təhsil alanların 90 faizini təşkil etmişdi.
Maarif fədaisi T.Bayraməlibəyov 1884-cü ildə yaratdığı “Xeyriyyə cəmiyyəti”nin xətti ilə şagirdlərə dərslik, yemək, paltar, ayaqqabı verilməsinə, oxumaq haqqının ödənilməsinə yardım etmişdi. Onun təkidilə 2 sinifli məktəbi bitirən və orta təhsil məktəbinə daxil olmaq istəyənlərə “Xeyriyyə cəmiyyəti” yol xərci ödəyir və digər köməkliklər edirdi. “Xeyriyyə cəmiyyəti” şagirdlərin səhnələşdirdiyi tamaşalara bilet satışından yığılan vəsaitlə maliyyələşirdi. T.Bayraməlibəyovun təşəbbüsü ilə yaradılan ilk dram dərnəyində həvəskar artistlərin iştirakı ilə M.F.Axundzadənin "Hacı Qara", N.Nərimanovun "Dilin bəlası", N.B.Vəzirovun "Yağışdan çıxdıq, yağmura düşdük" pyesləri, Ə.B.Haqverdiyevin "Kimdir müqəssir", S.M.Qənizadənin "Axşam səbri xeyir olar" əsərləri tamaşaya qoyulmuşdu. Belə teatr tamaşaları gənclərdə estetik zövqü inkişaf etdirməklə yanaşı, onlarda teatr və səhnə sənəti haqqında təsəvvür yaradırdı.
Teymur bəy 1905-ci ildə istedadlı artistlər Cahangir Zeynalovun və Hüseyn Ərəblinskinin başçılığı ilə Bakıda fəaliyyət göstərən “Müsəlman Artistləri Cəmiyyəti”ni Lənkərana qastrola dəvət etmişdi. Onların iştirakı ilə N.B. Vəzirovun “Müsibəti Fəxrəddin”, M.F.Axundzadənin “Lənkəran Xanının Vəziri” pyesləri səhnəyə qoyulmuşdur.
Lənkəranda tez-tez qarşılaşdığı maneə və müqavimətlərə sinə gərən T.Bayraməlibəyovu təşəbbüsü ilə 1907-ci ildə "Behcət" adlı fars-türk ibtidai məktəbinin, 1909-cu ildə isə “Ziya” adlı ilk rus-tatar (Azərbaycan) məktəbi fəaliyyətə başlamışdı. Fəqət "Behcət" məktəbi 1910-cu ildə uydurulmuş bəhanələr əsasında Bakı qubernatoru Alışevskinin qəzəbinə tuş gəlmişdir. Onun əmri ilə məktəb çar hökumətinin ideyalarının əleyhinə təbliğat işi apardığına, şagirdlərə pis nümunə göstərdiyinə və inqilabi yuva rolunu oynadığına görə bağlanır.
Buna baxmayaraq Teymur bəy Bayraməlibəyovun savadı, bacarığı, təşkilatçılığı onu Lənkəran Dumasına gətirib çıxarır. Dumada fəaliyyəti nəticəsində 1910-cu ildə o, Lənkəranda 4 sinifli ibtidai məktəbin açılmasına nail olur. Daha sonra isə onun ardıcıl səyləri ilə bu məktəb 3 sinifli gimnaziyaya çevrilir. Teymur bəy Lənkəranda işlədiyi müddətdə Masallıda Mirabdulla bəy Talışxanovun dəstəyi ilə yeni tipli məktəblər yaratmağa da müyəssər olmuşdur. O, həmçinin XIX əsrin 1883-ci ildən başlayaraq 1916-cı ilədək müntəzəm olaraq o zaman Bakıda rus dilində çıxan “Kaspi” qəzetində Lənkəran qəzasının bölgə müxbiri kimi çıxış etmişdir. “Teymur bəy”, “Lənkəranlı”, “T.Əlibəyov” və satirik yazılarında “Mozalan” imzaları ilə Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə, Həsən bəy Zərdabi və digərləri ilə yanaşı yazıları tez-tez bu qəzetdə dərc olunurdu. Onun qələmə aldığı yazılar oxucular tərəfindən maraqla qarşılanırdı. Eyni zamanda o, topladığı şifahi ədəbiyyat nümünələrini Tiflisdə nəşr olunan "Sbornik Materialov dlya opisaniya mestnostey i plemen kavkaza" (SMOMPK) məcmusuna da göndərirdi.
1911-ci ildə Lənkəran qəzasında Teymur bəy Bayraməlibəyovun işıqlı ömür yolunun parlaq səhifələrini təşkil edən pedaqoji fəaliyyətinin 30 illiyi təntənəli surətdə qeyd edilir. Yubiley tədbirinə Teymur Bayraməlibəyovun Azərbaycanın, eləcə də Qafqazın və Rusiyanın hər yerindən bütün keçmiş şagirdləri gəlmiş, yerli ziyalılar və hakimiyyət nümayəndələri iştirak etmişlər. “Kaspi” qəzetində həmin yubileylə əlaqədar geniş məqalə dərc olunmuşdur. Lənkəranlı general, həm də folklorçu kimi tanınan Mir Əsəd xan Talışınski isə təbrik teleqramında onun şərəfli əməyini belə dəyərləndirirdi: “Dərin hörmət bəslədiyim, Teymur bəy!
Sizi – Vətənin şanlı oğlunu, qəzada maarifin atası və hamisini, bütün həyatını xalq maarifinə sərf edən vətənpərvər bir insanı ürəkdən təbrik edir, Sizə bu işıqlı dünyada uzun-uzun xoşbəxt illər yaşamağı arzu edirəm. Qoy qüvvənizi, sağlamlığınızı əsirgəmədən 30 il boyunca çalışdığınız müqəddəs işiniz öz meyvələrini versin və Sizi daima yaşatsın”
Teymur bəy qadınların təhsil almasına böyük önəm verirdi. 1917-ci ildə onun ciddi səyi nəticəsində Lənkəranda Ünas (Qızlar) məktəbi açılmışdır. O, xüsusi mülkü olan evinin alt mərtəbəsində özü yaşayır, üst mərtəbəsini şagirdlərin ixtiyarına vermişdi. Ona görə də xalq bura “Bayraməlibəyov məktəbi” deyirdi. Teymur bəy Bayraməlibəyovun inqilabi hərəkatda fəal iştirakı bəhanə göstərilərək, o, 1918-ci ildə Muğan Radası tərəfindən həbs edilmiş və Bakıya göndərilmişdir. Onun işini qızı- Məryəm xanım davam etdirmişdir. Məryəm xanım Bayraməlibəyova 1898-ci ildə Lənkəran şəhərində Teymur bəyin maarif nurlu ocağında dünyaya gəlmişdir. İbtidai təhsilini "Nicat" xeyriyyə cəmiyyətinin hesabına 1905–1911-ci illərdə Bakıda, Hacı Zeynalabdin Tağıyevin qız məktəbində alan Məryəm xanım təhsilini davam etdirmək məqsədi ilə 1911-ci ildə "Müqəddəs Nina" qızlar məktəbinə daxil olmuş və 1917-ci ildə bu məktəbin 8-ci pedaqoji sinfini qızıl medalla bitirmişdir. Oxumağa böyük həvəs göstərən bu xanım ali təhsil almaq üçün Moskvaya gedir və tibb institutuna qəbul edilir. Onun təhsil xərclərini Bakı milyonçusu - xeyriyyəçisi Murtuza Muxtarov öz üzərinə götürmüşdü. Lakin Oktyabr çevrilişi (1917) ilə əlaqədar vətənə dönmüş və müəllimlik fəaliyyətinə başlamışdır.
Böyük maarifpərvər Teymur bəyin səyi və qızı Məryəm xanımın böyük əməyi sayəsində təşkil edilən qızlar məktəbində ali təhsilli müəllimə Nəsibə Bayraməlibəyova və tibb elmləri namizədi Rəhilə Bayraməlibəyova, Azərbaycan Respublikasının xalq artisti, Azərbaycanın ilk opera müğənnisi Həqiqət Pzayeva, əməkdar artistlərdən Münəvvər Kələntərli və Cahan Talışinskaya, Məhbubə Seyidzadə, Dilşad Talışlı, Xanımcan Kərimova, Bacıxanım Axundova, Tacı Zeynalova, Qöncə Axundova, Aliyə Qurbanova, Sərvər Sakayeva və b. bu kimi tanınmış qabaqcıl ziyalı qadınlar yetişmişlər. Məryəm xanım əslən qarabağlı olan 1919-1920 -ci illərdə Lənkəranın general quberantoru vəzifəsində çalışmış Cavad bəy Məlikyeqanovla ailə həyatı qurmuşdu...
Teymur bəy mübariz və vətənpərvər ziyalı idi. Erməni polkovnik Avetisov müsəlman xalqına qarşı cənub bölgəsində qırğınlar törədəndə o, Bakıya gəlib “Metropol” mehmanxanasında ingilis generalı Tomsonla görüşmüşdü və ondan Lənkəran qəzasında erməni silahlı dəstələrinin ləğv edilməsini tələb etmişdi. Sonra ingilis generalın məsələyə ciddi yanaşmadığını görən Teymur bəy türk qoşunlarının komandanı Nuru Paşadan kömək istəmişdi. Nuru Paşanın göstərişi ilə türk sərkərdəsi Camal Paşa beş yüz əsgərlə Lənkəran qəzasındakı camaatın köməyə gəlmişdi. Tezliklə quldurbaşı polkovnik Avetisov Göytəpədə öldürülmüşdü.
...1918-ci ildən Teymur bəy ailəsi ilə birlikdə Bakıya köçür və 1929-cu ilədək pedaqoji fəaliyyətini burada davam etdirir. Tədqiqatçı alimlər mübarizələrlə dolu mənalı bir həyat yaşamış yorulmaz pedaqoq, publisist və ictimai-siyasi xadimin yaradıcılığını əsasən 2 dövrə ayırırlar. Birinci dövr onun Qori Müəllimlər Seminariyasını bitirdikdən sonra - 1881-ci ildən 1918-ci ilədək Lənkərandakı fəaliyyətini, ikinci dövr isə Bakıya köçdükdən sonrakı 1918-1937-ci illəri əhatə edir.
Azərbaycanın görkəmli ziyalısı T. Bayraməlibəyov 1937 -ci il sentyabrın 2-də Bakıda vəfat etmişdir. Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli Mənbələr fondunda Teymur bəy Bayraməlibəyova məxsus bir neçə sənəd və fotoşəkillərlə yanaşı yanaşı onun "Lənkəran - Ərdəbil şosse yolunun tikilməsi layihəsi", "Böyük Aleksandır haqqında Fars əfsanəsi", "Şah Abbas haqqında türk əfsanəsi" və "Azərbaycan qızlarının fala baxmaları" əlyazmaları xüsusu maraq döğurur...
Lənkəran Dövlət Universitetinin müəllimi, filologiya üzrə elmlər doktoru, professor Yədulla Ağazadə əbəs yerə Teymur bəyin mədəniyyət tariximizdəki coxcəhətli fəaliyyətini “Qəhrəmanlığa bərabər ziyallılıq” adlandırmır.
Yuxarıda qeyd etdiyimiz kimi, Bayraməlibəyovlar tanınmış nəsil idi. Teymur bəyin böyük qardaşı Cahangir bəy Bayraməlibəyov (1846-1920) adına-sanına görə çox məhşur adam idi. Oğlu Fətulla bəy Lənkəranda üçillik rus məktəbində təhsil alandan sonra Tiflisdə hərbi məkdəbi bitirmişdi. Çar ordusunun artilleriya general-mayoru idi. Polyak dilini mükəmməl bilirdi. Teymur bəyin qardaşı qızı Züleyxa xanım Cahagir qızı Bayraməlibəyova (1872, Lənkəran-1944, Bakı) Bakıdakı “Müqəddəs Nina” qız məktəbini bitirmişdi. O da əmizi qızı Məryam xanım kimi, müasir dünyagörüşlü qadın idi. Bakı Şəhər Xeyriyyəçi Qadınlar Cəmiyyətinin fəal üzvlərindən biri olmuşdu. O, 1891-ci ildə Krakov şəhərində hüquq təhsili almış, Əlisgəndər bəy Axundovla ailə qurmuşdu. (Əlisgəndər Axundov 1918-ci ilin dekabrında Azərbaycan Cümhuriyyətinin Parlamenti qurularkən Şamaxı qəzası üzrə deputat seçilmişdi.)
Züleyxa xanım Bayraməlibəyovanın Aslan və Əjdər bəy adlı oğlanları, Sona, Ceyran və Leyla xanım adlı qızları dünyaya gəlib. Böyük oğlu Aslan bəy (1893-1957) Estoniyada (Tartu) Universitetini bitirib; Bakıda dəri-zöhrəvi xəstəlikləri üzrə tanınmış həkim idi. Böyük qızı Sona xanım Axundova-Qarayeva (1896-1970) sonralar professor Əbülfəz Qarayevin həyat yoldaşı və dahi bəstəkar Qara Qarayevin anası olub. Kiçik oğlu Əjdər bəy (1897-1963) AXC hökumətinin qərarı ilə Fransaya ali təhsil almağa göndərilib. Uzun illər fransız dili müəllimi işləyib. Leyla xanım (1904-1973) ali təhsilli ev xanımı idi. Ceyran xanım Axundova-Mirqasımova (1905-1985) akadrmik Mirəsədulla Mirqasımovun həyat yoldaşı, Xalq artisti, kinorejissor Oqtay Mirqasımov anası olub...
Bayraməlibəyovlar nəslindən olan Şirəli bəy Ağababa bəy oğlu Bayrəməlibəyov (1884-1933) Kiyevdə Müqəddəs Vladimir Universitetində təhsil almışdır. Lakin onun haqqında müfəssəl məlumat əldə edə bilmədik.
2012-ci ildə bu böyük bir nəslin nümayəndəsi, ziyalı, maarifçi, pedaqoq, publisist, tarixçi-etnoqrafın, folklorşünas T. Bayarməlibəyovun anadan olmasının 150 illik yubileyi demək olar ki, ölkəmizdə səssizliklə qeyd olundu. Yalnız tarix üzrə fəlsəfə doktoru Esmira Cavadovanın tərtibçiliyi altında AMEA-nın Əlyazmalar İnstitutu tərəfindən Teymur bəy Bayraməlibəyovun seçilmiş əsərləri rus dilində işıq üzü gördü (Bakı, 2012),
Bu il - 160 illik yubileyi ərəfəsində "Masal Prodakşın"ın istehsalı olan "NURLU YOL" sənədli filmi ictimai-siyasi xadim Teymur bəy Bayraməlibəyova həsr olunub. Filmin ideya və ssenari müəllifi jurnalist Cəfər Cəfərovdur. Quruluş və təsvir rejissoru Elsevər Əliyevə, montajı Faiq Mirzəyə məxsusdur. Sentyabr ayında sənədli filmin paytaxt Bakı şəhərində, eləcədə Lənkəran şəhərində, Masallı rayonunda təqdimat mərasimi və ölkə televiziyalarda yayımı nəzərdə tutulur...
Teymur bəy Bayraməlibəyovun xatirəsi əbədiləşdirilmiş, Lənkəran və Masallı şəhərlərinin küçələrindən birinə, Lənkəran şəhər 2 saylı və Masallı rayonunun İkinci Yeddioymaq kənd tam orta məktəblərinə adı verilmişdir. Bu il sentyabr ayında xeyirxah insan, millət vəkili Məşhur Məmmədovun maliyə dəstəyi ilə və təşəbbüsü ilə İkinci Yeddioymaq kənd tam orta məktəbinin həyətində Teymur bəyin büstü qoyulacaq və büstün təntənəli açılış mərasimi olacaq...
Son olaraq ümid edirik ki, böyük mütəfəkkir, folklorşünas, pedaqoq, maarifçi, tarixçi-etnoqraf, bir sözlə, Azərbaycanda ziyalılıq zirvəsinin fatehi olan Teymur bəyin 160 illik yubileyi Bakıda, Lənkəranda, doğulub boya - başa çatdığı doğma Masallıda adına layiq şəkildə qeyd ediləcək və AMEA - nın Folklor İnstitutuda xatirəsinə həsr ediləcək elmi konfrans keçiriləcək..
Ruhuna böyük ehtiramla,
Nurəddin ƏDİLOĞLU,
yazıçı-jurnalist. Qeyd: Məqalədə Esmira Cavadovanın “...O həm də görkəmli etnoqra idi” (2009) Yadulla Ağazədənin “Teymur bəy Bayraməlibəyov və folklor” (2013), müəllifin professor Fərahim Sadıqovla birgə yazdığı “Masallı-cənnət misallı” (2013) və M. Mərdanov, Ə.Tahirzadə. “1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar” (2018) kitablarından istifadə olunmuşdur.