Türkiyə Krımın ilhaqını tanımır və ilk gündən bu addımın qeyri-qanuni olduğunu açıq şəkildə bəyan edir.
Azadmedia.az türk mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Krım Platforması”na üzv ölkələrin liderlərinin zirvəsinə ünvanlanmış videomesajında deyib.
O qeyd edib ki, bu, təkcə hüquqi deyil, həm də mənəvi əsasları olan prinsipial mövqedir.
“Ukraynanın ayrılmaz hissəsi olan Krımın ona geri qaytarılması beynəlxalq hüququn tələbidir. Ukraynanın ərazi bütövlüyü, suverenliyi və siyasi birliyinin qorunması təkcə regional deyil, həm də qlobal təhlükəsizlik və sabitlik üçün vacibdir”, - deyə o bildirib.
Ərdoğan, həmçinin, Krımın yerli haqq sahiblərindən biri olan Krım tatar-türklərinin təhlükəsizliyinin və rifahının təmin edilməsinin də Türkiyənin prioritetləri sırasında olduğunu vurğulayıb: “Tarix boyu böyük iztirablara məruz qalan Krım tatarları öz vətənlərində sülh içində yaşamaq üçün mübarizə aparırlar. Türkiyə bu prosesdə Ukrayna hökumətinin və Krım tatarlarının yanında olmağa davam edəcək”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.