Bu gün xalqın həmişə özünə yaxın bildiyi, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın dünyaya gəldiyi gündür. Çoxşaxəli fəaliyyəti Azərbaycan xalqının və dövlətinin mənafeyinə xidmət edən Azərbaycanın Birinci vitse-prezidenti ayrı-ayrı sahələrdə qarşıya qoyulmuş məqsədlərin gerçəkləşdirilməsinə, milli maraqlardan irəli gələn strateji əhəmiyyətli vəzifələrin reallaşdırılmasına xidmət edən səmərəli fəaliyyəti ilə xalqımızın dərin rəğbətini və sevgisini qazanıb.
Hamımıza məlumdur ki, Heydər Əliyev Fondu Mehriban xanım Əliyevanın rəhbərliyi ilə milli-mənəvi dəyərlərin qorunması və Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması ilə bağlı işlərin aparılmasına kömək edib. Fond qarşıya qoyduğu strateji hədəflərə doğru inamla addımlayıb, bir sıra uğurlu nəticələr əldə edib.
UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva əzmkar fəaliyyəti ilə ilk növbədə Heydər Əliyev irsinin təbliğinə və gələcək nəsillərə çatdırılmasına, Ümummilli liderin həyata keçməyən arzu və ideallarının gerçəkləşməsinə çalışmışdır. Bu baxımdan Mehriban xanım Əliyevanın bir sıra xarici səfərlərdə Ulu öndərin yanında olması, onun fitri idarəçilik məktəbini yaxından əxz etməsi xüsusi vurğulanmalıdır.
Mehriban Əliyevanın başlatdığı missiya Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi, onun layiqli siyasi davamçısı - Azərbaycan Prezidenti İlham Əliyevin inamla davam etdirdiyi strateji siyasi kursun həyata keçirilməsinə, bu siyasətin hər bir vətəndaşın həyatında qabarıq hiss olunmasına xidmət edir. Beş il əvvəl - dövlətimizin başçısının 21 fevral 2017-ci il tarixli sərəncamı ilə Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi bu mənada cəmiyyətin sosial sifarişinə əsaslanan tarixi qərar kimi qarşılanmışdır.
Ötən dövrün reallıqları Azərbaycanın Birinci xanımının bu strateji posta ən layiqli namizəd olduğunu bir daha təsdiqləmiş, Dövlət başçısının məlum təyinatı Azərbaycanın inkişaf perspektivləri baxımından cəmiyyətdə yüksək dəyərləndirilmişdir.
Mehriban xanım Əliyevanın doğma Azərbaycana böyük məhəbbətdən qaynaqlanan fəaliyyəti bəhs olunan konkret sahələrin inkişafında müstəsna rol oynayır. Ən əsası, onun fəaliyyəti vətənə, xalqa, dövlətə, milli və bəşəri dəyərlərə böyük sədaqət nümunəsi kimi qəbul olunur. Yüksək işgüzar və mənəvi keyfiyyətləri, dərin təşkilatçılıq və idarəçilik qabiliyyəti olan Mehriban xanımı doğum günü münasibətilə təbrik edir, uğurlar arzulayıram.
İbrahim Cəfərov,
ADAU-nun rektoru
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.