Yeniyetməlik bir insanın uşaqlıqdan yetkinliyə keçid mərhələsi kimi müəyyən edilə bilər.
Bu mərhələ güclü dalğalanmalarla yadda qalan çətin bir dövrdür. Bu dövr fırtına-gərginlik dövrü kimi də tanınır. “Yeniyetməlik” həm yeniyetmə, həm də yeniyetmə ailəsi üçün çətin bir dövrdür. Ailə yeniyetməni başa düşməkdə çətinlik çəkdiyi halda, yeniyetmə başa düşülmə hissini tam yaşaya bilməyəcəyini düşünür.
Bu keçid mərhələsində fərd fiziki və emosional olaraq özünün sürətlə böyüyən bədəninə və əqli inkişafına uyğunlaşmağa çalışır. Cins və fərdi fərqlər olsa da, yeniyetməlik dövrü 12-20 yaşları əhatə edir.
Sürətli hormonal dəyişikliklərlə yanaşı, koqnitiv və psixososial dəyişikliklər də emosional reaksiyaları gücləndirir. Bəzən, mühit dəyişikliyi, artan məsuliyyətlər bu dəyişikliklərin başında dayanır. Bəyənməmək, tərk edilmək, valideynlərin təzyiqi bu prosesin çox ağrılı olmasına səbəb ola bilər.
Belə sancılı məsələlər bugün kifayət qədər cəmiyyətdə mövcuddur.
Məhz, bu səbəbdən də bütün cəmiyyətə xas olan bu problemin mahiyyətinə varmaq, onun yaranma səbəblərini öyrənmək, onu önləməyin mümkün yollarına aydınlıq gətirmək üçün
Azadmedia.az olaraq Psixoloqlara üz tutduq. Əziz oxuyucularımız diqqətiniz bizdə olsun!
Çox zaman sevgilərini bildirmək fikri valideynlərdə uşaqlarının ərköyün ola bilməsi qorxusu ilə üzləşir. Lakin ailə sevgisi, xüsusən də ana nəvazişi “Yeniyetməlik böhranı”nın qızıl açarı sayılır.
Bu fikirləri
Azadmedia.az-ın Redaktoru Ülkər Piriyevanın yönləndirdiyi suallara olan açıqlamasında Psixoloq Nübar Bayramova bildirib.
Yeniyetməlik və inkişaf psixologiyası nədir?Ümumilikdə yaş psixologiyasından danışsaq insanın hər bir yaşda bioloji və psixoloji dəyişiklərindən irəli gələn psixoloji dəyişiklərlə nəhayətlənən davranış tərzi, meylləri, maraqları, düşüncələri, xüssiyyətləri və özünü ifadə vasitələridir. Zaman keçdikcə qazandığı həyat təcrübəsi bu cəhətləri korrektə edir, cilalayır və nəhayət ki, müəəyən qədər dəyişdirir.
Əslində elə yaşadığı zamana görə uyğunlaşdırır. Hər bir yaş dövrü özünün spesifikliyi ilə fərqlənir və yaşının mərhələsindən asılı olaraq onu anlamaq, hərəkət və fikirlərinə görə anlam vermək, yaxud izah vermək mümkün olur. İnsanın yaş dövrlərinin yalnız bir mərhələsi daha mürəkkəb və izah olunmaz hesab olunur ki, həmin dövrlərin izahını vermək onun özü üçün də çox çətin və anlaşılmaz olur. Bu dövrü yeniyetməlik adlandırırlar. Bu insanın həyatında vacib və mütləq mərhələ sayılır. Nə qədər dəyişkən hesab olunsa da, hər bir insasnın bu dönəmdən keçməsi vacib və zəruridir. İnsan həyatının gələcəyinin açarı, yaxud da mayakı desək yanılmarıq. Nə qədər təlatümlü dövr hesab olunsa da, məhz, bir çox bacarıqların əsası, formalaşması bu mərhələdən başlayır.
İnsan həyatı boyu bir çox mərhələlərdə böhranlar keçirir, ilkin olaraq doğulduğu zaman-ilk olaraq su mühitindən quru mühitə keçərkən yeni həyat tərzinə alışmaq üçün yaşadığı böhran, ikinci mərhələ 3 yaşında şəxsiyyət kimi formalaşdığı zaman yaşadığı böhran, üçüncü daha çətin mərhələ 5-6 yaş arasında təhsil həyatına daxil olduğu zaman azadlığına qoyulan məhrumiyyətlərlə qarşılaşmağa başlıyan zaman keçirmiş olduğu böhran.
Lakin yeniyetməlik dövrünün böhranını bütün sadalananlardan fərqləndirən əsas məqam burada yeni bir amilin-hormonların da fəaliyyətə başlamasıdır ki, məhz bu dövrü anlaşılmaz və idarəolunmazlılığını artırır. Daha dəqiq desək böhranı dərinləşdirir. Hormonlar bu dövrü tam idarəsinə aldıqlarından onun başlama və bitmə zamanını dəqiq söyləmək çətin olur. Fiziki və hormonal inkişafın qeyri-mütənasib inkişafı yeniyetməlik dövrünü çətin və problemli edir.
Onsuzda məktəb həyatının yazılmayan qanunları, dərs materiallarının ağırlaşması, qaydaların və qadağaların çoxalması daima gərginlik yaradır ki, hormonlar bu gərginliyi daha da alovlandırır. Maraqlı tərəfi də ondadır ki, ozünü böyümüş kimi hiss etsə də, əslində hansı kateqoriyadan, böyüklərə yoxsa uşaqlara aid olub-olmamasını tam dəqiqləşdirə bilmir. Bu da onu hövsələsiz edir. Müstəqil olmaq hissi ilə əlində olan imkanlar üst-üstə düşmədiyindən bu vəziyyət onu daha da aqresivləşdirir.
Yeniyetməlik dövrünün psixoloji problemləri - Dövrün çətinliyi əslində, uşaqların yeni fiziki və psixoloji əlamətlərin qazanılması ilə başlayır. Yeniyetməlik dövrünü fiziki və hormonal dəyişikliklərin təzahür səviyyəsinə görə üç mərhələyə ayırmaq mümkündür. Xüsusən uşaqların həm xarici, həm də daxilində yaranan yeni əlamətlər-boyun uzanması, çəkinin dəyişməsi, bədənin bəzi bölgələrində tüklərin çıxması, oğlanlarda bığ və saqqalın formalaşması, tər ifrazının artması, əzələlərin güclənməsi, səsin dəyişməsi, bədən quruluşundakı cinsi dəyişikliklər, cinsi hormonların ifrazı onların özlərini özlərinə fərqli hiss etdirir.
Bu sadalanan bioloji dəyişikliklər onlarda heç vaxt hiss etmədikləri yeni duyğular yaradır. Nəzərə alsaq ki, hormonlar stabilləşmədiyindən bu duyğuları tənzimləmək çətin olur. Gün ərzində gecə və gündüz qədər fərqlənən hiss və emosiyaları nümayiş etdirərək tez də yorulurlar. Danışarkən jest və mimikalardan bol istifadə edir, daima xəyallar aləmində olurlar.
Yeniyetmə nə hiss edir, necə davranmaq istəyir?Gözləntiləri bacarıqlarından böyük olduğuna görə bəzən qarşılaşdıqları kiçik uğursuzluqlar onları tez də ruhdan sala bilir. Bu zaman onlar daha çox təkliyə meylli olur, özlərinə qapanır, müstəqil qərarlar verməyə çalışır, xüsusən də valideynlərinin qərarlarına qarşı gedirlər. Bu dövr, yeniyetmə ilə valideynlərin ən çox gərginlik yaşadığı zamanlar hesab edilir.
Üsyankar bir yeniyetmə ilə necə davranmaq olar?Yeniyetmələrlə çox həssas davranmaq lazımdır. Əslində yeniyetmələri təkliyə təşviq edən səbəb onlarda valideynlərinin onları anlamaması fikrinin formalaşmasıdır. Düşünürlər ki, valideynləri onları başa düşmür və nəticədə ehtiyac duyduqları ünsiyyəti kənarda axtarırlar. Ailədən uzaqlaşır, bəzəndə yanlış insanların təsirinə düşür, valideylərinin yox, kənar insanların məsləhətləri ilə addım atırlar. Bu onların valideynlərini qıcıqlandırır, qadağalarını artırır, övladlarına təzyiqlər edir. Təbii ki, bütün bunlar heç də uğurlu nəticələr vermir.
Lakin valideynlər bir vacib məqamı gözdən qaçırırlar. Övladlarının “mən”, “mənim” sözlərini leksikonlarında çox işlətməsi əslində onlarda “ideal mənin” formalaşması ilə bağlıdır. Çünki, məhz yeniyetməlik dövründə onların gələcək həyatlarının təməli qoyulur. Həssas yanaşma onların ünsiyyət qurduqları, münasibətdə olduqları insanlara qarşı da olmalıdır. Valideynlər bilməlidirlər ki, övladları kimlər ilə dostluq edir və niyə? Onları başqalarına möhtac edən səbəbləri araşdırıb tapa bilsələr, o zaman uşaqları öz ehtiyac duyduqları dostluğu kənarda deyil, onlarda tapmış olacaqlar.
Yeniyetmələrin özgüvənlərini möhkəmlətmək üçün onlara dəstək olmalı, təriflər etməklə onlara uğursuzluqlarını dəf etməkdə yardımçı olmalıdırlar. Əks halda, yeniyetmələr depressiyaya meylli olur, bəzən də intihara əl atırlar. Valideynlər onların seçimlərinə əks getmək əvəzinə doğru yola yönəltmək üçün məsləhətlər, istiqamətlər verməlidirlər. Yanaşmalarında onların müstəqil seçim etmək istədiklərini bəyəndiklərini, sadəcə seçimin daha yaxşı olması üçün tövsiyyə vermək istədiklərini bildirsinlər. Bu cür yanaşma, yeniyetmələri valideynlərdən uzaqlaşdırmır, əksinə yaxınlaşdırır.
Valideynin məsləhət və tövsiyyələrini anlayışlı və nəzakətli formada verməsi onun övladı ilə problemlərinin həlli yolunda ən güclü silaha çevrilir. Valideynlər bu dönəmlərdə verdikləri sevgiyə də diqqət yetirməlidirlər.
Belə ki, çox zaman sevgilərini bildirmək fikri valideynlərdə uşaqlarının ərköyün ola bilməsi qorxusu ilə üzləşir. Lakin ailənin sevgisi, xüsusən də ananın nəvazişi yeniyetməlik böhranının qızıl açarı sayılır.
Yeniyetməlik yaşı nə zaman bitir?Bu sualın cavabı induvidual olaraq yeniyetmənin bioloji inkişaf səviyyəsi, sağlamlığı və yeniyetməlik dövrünü hansı şərtlər daxilində keçirməsindən asılıdır. İstər oğlan, istərsə də qızlarda orqaniza hormonların ifrazını tənzimlədiyi andan böhran zəifləməyə başlıyır. Təbii ki, bu proses cinsiyyətdən daha cox, yeniyetmələrin sağlamlığından asılıdır. Lakin ümumən götürsən 12-15 yaş arası ən təlatümlü dövr sayılır ki, 15-dən başlayaraq zəifləməyə başlayır. Bioloji dildə decək fiziki və hormonal inkişaf səviyyələri bərabərləşdikcə yeniyetməliyin psixoloji təzahürləri də azalır. Lakin əgər yeniyetmə bu dövrü çətin keçiribsə, xüsusən ailəsi ilə münaqişəli olubsa böhran bioloji cəhətdən keçsə belə psixoloji təzahürləri qalmaqda davam edir. Bəzən də bütün həyatı boyu itmir, sanki gələcək həyatının taleyini həll edir.
Yeniyetməlik dövründə kimə müraciət edilməlidir?
Təbii ki bu dövrdə yeniyetmələr ailə üzvlərindən çox kənar insanların məsləhətlərinə daha çox üstünlük verirlər. Bu məqamdan yararlanan valideynlər yeniyetmələrin psixoloq məsləhətlərindən yararlanmasına çalışmalı, hətta özləri də bu şansı qaçırmamalıdırlar. Bu hər iki tərəfin aqressiv davranışlarının yumuşalmasına köməklik edəcəkdir.
Yeniyetməlik dövründə ailənin üzərinə düşən vəzifələr?
“Ailə” hər bir problemin həllində olduğu kimi, yeniyetmələrin problemli davranışlarının yumuşaldılmasında da “universal” mühitdir.
Ailə yeniyetmələrin problemlərinin həlli, yaxud əksinə dərinləşməsi üçün münbit mühit ola bilər. Ailənin hər bir üzvünün yeniyetmələrə qarşı anlayışlı olması, doğru yolu tutmalarına dəstək olması, daima ruhlandırması çox vacibdir.
Belə bir kəlam vardı: Ailə hər şeydir, məhz yeniyetməlik dövrü bunu göstərməyin ən universal məqamıdır.
Qeyd: Yeniyetmə ilə fikir mübadiləsi aparılmalıdır; Yeniyetmə ailə məsələlərindən kənarda qalmamalıdır. Müxtəlif problem və məsələlərdə yeniyetmələr obyektiv şəkildə hörmətlə dinlənilməli, ortaq məxrəclər axtarılmalıdır.
Məsləhət çox vaxt işə yaramır, sadəcə olaraq yeniyetməni bu anda valideynə qulaq asmağa məcbur edir, bu, uzunmüddətli həll yolu deyil.
Yeniyetmənin dostlarını qınamaq olmaz, valideynlər bu mövzuda yeniyetmənin dostlarını tanımalı və övladına bunu hiss etdirməlidir. Daha sonra xoşagəlməz bir vəziyyət yaranarsa, bu, yeniyetmə ilə paylaşıla bilər. Ancaq fərqinə varmadan tənqid etmək, yeniyetmənin valideynini haqsız hesab etməsindən başqa bir işə yaramaz. Sevgi əksik edilməməlidir. Evdə ümumi atmosferin gərgin olmamasına diqqət yetirilməlidir.
Əgər yeniyetməlik dövrü ziddiyyətli və gərgindirsə, mütəxəssisdən dəstək almaq lazımdır.Ülkər Piriyeva