“Folklorumuzu qoruyaq -Tat folklor kollektivlərinə dəstək” layihəsi çərçivəsində işlər davam etdirilir
"“AZƏRİ” Tat Mədəniyyət Mərkəzi İB olaraq hörmətli və dəyərli oxucularımıza məlumat vermişdik ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi “Folklorumuzu qoruyaq – Tat folklor kollektivlərinə dəstək” layihəsinin icrasına başlamış və bir sıra təşkilati işlər həyata keçirmişdir".
Bu sözləri “Azəri” Tat Mədəniyyət Mərkəzi İB-nin sədri Elman Əhmədov deyib.
Azadmedia.az QHT.az-a istinadla açıqlamanı təqdim edir:
"Bu gün isə sizi, dəyərli oxucularımızı, ötən dövr ərzində icra etdiyimiz digər fəaliyyətlərimiz barədə məlumatlandırmaq istəyirik.
Belə ki, may ayının 5-6-da Şabran rayonunun Dağ Bilici kəndində Şabran rayonunun “Xınayaxdı” folklor kollektivinin rəhbəri, peşəkar tarzən, bacarıqlı təşkilatçı və eyni zamanda təvazökar insan Bəhram Ağasiyev və kollektivin üzvləri ilə görüşdük. Kollektivin tərkibinin xeyli cavanlaşdığını gördük.
Layihəmizin məqsədinin kollektiv üzvləri üçün xüsusi geyimlərin hazırlanması olduğunu bildirdik. Bu məqsədlə kollektiv üzvlərinin geyim ölçülərinin vacib olduğunu qeyd etdik və Bəhram müəllim səliqə ilə bu işin öhdəsindən gəldi. Demə, 77 yaşlı Bəhram müəllim dərzilik peşəsinin sirlərini də gözəl bilirmiş.
Kollektiv üzvləri repertuarlarından iki nümunə təqdim etdilər. Təəssüf etdik ki, onların çıxış etdikləri şərait o qədər də ürəkaçan deyildi. Amma qeyd etməliyik ki, Bəhram müəllim və onun yaratdığı kollektiv böyük səylə çalışırlar.
Sonda kollektivlə birlikdə bir neçə şəkil çəkdirib, yenidən görüşmək ümidi ilə onlardan ayrıldıq.
Eyni zamanda qeyd etmək istəyirəm ki, may ayının 14-15-də “Xınayaxdı” kollektivinin qurucusu və rəhbəri Bəhram müəllimlə birlikdə İsmayıllı rayonunda olduq. İlk olaraq layihə çərçivəsində hazırlanması nəzərdə tutulan “Tat folkloru nümunələri” kitabçasının tərtibatçısı, filologiya üzrə fəlsəfə doktoru, hörmətli Dadaş Əliyev və Lahıc folklor qrupunun rəhbəri Maarif Əliyevlə görüşdük.
Folklor nümunələrinin şimal, cənub və mərkəz ləhcələri əsasında toplanması və kitabçada hər üç ləhcə üzrə folklor nümunələrinin çap olunması qərarına gəldik. Lahıc folklor qrupunda yalnız kişi ifaçıların fəaliyyət göstərdiyini nəzərə alaraq, onlar üçün hazırlanacaq geyimlərin ölçüləri götürüldü.
Daha sonra İsmayıllıda milli geyimlərin tikilməsi və xalçaların toxunması sahəsində ixtisaslaşmış “Xoşbəxt-X” Kiçik Müəssisəsinin direktoru Ruqiyə Hüseynova ilə geyimlərin hazırlanması barədə müzakirələr apardıq və onların hazırladıqları geyim nümunələri ilə tanış olduq.
Beləliklə, əziz oxucu, fəaliyyətimizin növbəti mərhələsindəyik. Qarşıda görüləcək xeyli işlər var. Bunlar haqqında növbəti görüşlərimizdə sizə ətraflı məlumat verəcəyik".
Piranə XasiyevaFotolar