01.06.2026-cı il tarixdən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin BP Şirkəti ilə birgə həyata keçirdiyi proqram üzrə “Balans” İqtisadi Maarifləndirmə İctimai Birliyi tərəfindən “Şəki-Zaqatala regionunda meşə arıçılığının inkişafına dəstək” adlı layihənin icrasına start verildi.
Azadmedia.az QHT.az-a istinadla xəbər verir ki, “Balans” İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri və layihə rəhbəri Möhübbəli Nağıyev QHT.az-a verdiyi müsahibədə bildirdi ki, layihə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilmiş sərəncamlar və “2025–2030-cu illər üçün Regionların iqtisadi inkişafı Yol Xəritəsi”nə uyğun hazırlanıb. Layihənin əsas məqsədi ölkədə biomüxtəlifliyin qorunmasına dəstək vermək, eyni zamanda Şəki-Zaqatala regionunda meşə arıçılığının potensial imkanlarını inkişaf etdirməkdir.
Möhübbəli Nağıyev qeyd edib ki, Şəki-Zaqatala regionu meşə arıçılığının inkişafı üçün əlverişli təbii və iqtisadi imkanlara malikdir. Hazırda bölgədə yaşayan əhalinin əhəmiyyətli hissəsi arıçılıq fəaliyyəti ilə məşğuldur və çoxsaylı arıçılıq təsərrüfatları fəaliyyət göstərir. Bu təsərrüfatlarda istehsal olunan məhsullar həm yerli bazarlarda, həm də ölkə üzrə istehlakçılara təqdim olunur.
Layihə rəhbərinin sözlərinə görə, məqsədlərə nail olmaq üçün bir sıra tədbirlər həyata keçiriləcək. Layihə çərçivəsində regionda fəaliyyət göstərən təsərrüfat rəhbərləri, fermerlər və arıçılıqla məşğul olmaq istəyən şəxslər, xüsusilə qadınlar və gənclər üçün 4 təlim təşkil olunacaq. Təlimlərdə iştirakçılar arıçılıq təsərrüfatlarının yaradılması və inkişafı istiqamətində mütəxəssislər tərəfindən maarifləndiriləcəklər.
Bununla yanaşı, layihə iştirakçılarının regionun tanınmış arıçı-fermerləri ilə görüşləri təşkil ediləcək. Təlimlər zamanı “Arılar təbiətin dostudur”, “Arı xəstəlikləri ilə mübarizə üsulları”, “Brendinq, arıçılıq məhsullarının qablaşdırılması və satış bacarıqları” və “Meşə arıçılığının iqtisadiyyata və ekologiyaya təsiri” mövzularında materiallar təqdim olunacaq.
Ekspertlər və mütəxəssislər tərəfindən iştirakçılara biomüxtəlifliyin qorunması və təmin olunması istiqamətində məsləhətlər veriləcək. Layihəyə ümumilikdə 25 nəfər iştirakçının cəlb olunması nəzərdə tutulur.
Möhübbəli Nağıyev regionda arıçılıq sahəsində çalışan və bu sahəyə maraq göstərən təsərrüfat rəhbərlərini, fermerləri, xüsusilə qadın və gəncləri layihə tədbirlərində iştirak etməyə dəvət edib.
Əlaqə məlumatları:
* Ünvan: Azərbaycan Respublikası, Şəki şəhəri, M. Müşfiq küçəsi 45B
* Telefon: (050) 577 98 59
* E-mail:
balans.office@gmail.comQeyd edək ki, “Balans” İqtisadi Maarifləndirmə İctimai Birliyi 2006-cı ilin avqust ayında yaradılıb və 03 iyul 2007-ci ildə dövlət qeydiyyatından keçərək hüquqi şəxs statusu alıb. Təşkilatın əsas fəaliyyət istiqamətləri kənd təsərrüfatının, aqrar sənayenin, turizmin və digər təsərrüfat sahələrinin inkişafına dəstək vermək, əhalinin, xüsusilə qadın və gənclərin təşkilati-hüquqi və sosial-iqtisadi sahələrdə maarifləndirilməsini təmin etmək, həmçinin Azərbaycanın iqtisadi inkişafına töhfə verməkdən ibarətdir.
Fotolar