AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirildi

  • + A
  • - A
  • 25-09-2023, 17:03

    İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirildi


    Sentyabrın 25-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. Komitə sədri Tahir Mirkişili gündəliyə “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun layihəsinin birinci oxunuşda daxil edildiyini söyləyib.
    Tahir Mirkişili, əvvəlcə, yaxın günlərdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Azərbaycan ordusunun həyata keçirdiyi uğurlu anti-terror tədbirləri ilə bağlı təbriklərini çatdırıb. O, bu uğurun ölkə iqtisadiyyatının da gələcək inkişafına daha geniş imkanlar yaradacağını söyləyib.
    Sonra komitə sədri “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun layihəsi barədə fikirlərini açıqlayıb. O, bazar iqtisadiyyatı şəraitində qiymətləndirmə fəaliyyətinin təşkilinin, qiymətin funksiyasının, qiymətləndirilmənin verdiyi dəyərin əhəmiyyətindən, dövlət mükliyyətinin özəlləşdirilməsi, bazar iqtisadiyyatının formalaşdırılmasının vacibliyindən bəhs edib. Bildirilib ki, ölkəmizdə ilk dəfə 1998-ci ildə “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun qəbul edilib. Bu sənədin o dövr üçün bu sahədə münasibətlərin tənzimlənməsi baxımından mütərəqqi qanun olduğu qeyd edilib.
    Tahir Mirkişili ötən müddət ərzində bu sahədə bəzi boşluqların yarandığını və yeni bir qanuna ehtiyac duyulduğunu deyərək, Azərbaycanda ictimai sektorun bu istiqamətdə fəallığının artırılması, habelə Qiymətləndiricilər Palatasının formalaşdırılması ilə bağlı, digər bir sıra yeniliklərin layihədə öz əksini tapdığını bildirib. O, daşınar və daşınmaz əmlakın alqı-satqısı, girov qoyulması, sığorta, vergi, vərəsəlik məsələlərində qiymətləndirmədən geniş istifadə oldunduğunu, düzgün qiymətləndirmənin aparılmasının və bu istiqamətdə haqlı rəqabətin inkişaf etməsinin qarşıda duran əsas məsələlərdən olduğunu qeyd edib.
    Komitə sədri bildirib ki, ölkə Prezidenti tərəfindən parlamentə təqdim olunan qanun layihəsinin qəbulu bu sahədə yeni mərhələdə qiymətləndiricilərin fəaliyyətinin tənzimlənməsi, onların məsuliyyətinin müəyyən edilməsi, digər məsələlərin həllinə imkan yaradacaq.
    Sonra iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev çıxış edərək, sənədin hazırlanması prosesi barədə məlumat verib. O, qiymətləndirmə sahəsində mövcud problemlərdən, o cümlədən qiymətləndiricinin anlayışının konkret müəyyən edilməməsi, qiymətləndiricilərin peşəkar birliyinin yaradılmaması, mövcud ictimai birliyin statusunun qanunvericiliklə müəyyən edilməməsi, üzvlərinin icbari tədrisə cəlb edilməməsi, onların vaxtaşırı maarifləndirilməməsi, banklar və digər aidiyyəti qurumlar tərəfindən qiymətləndirmə fəaliyyətinə kənar təsirlərin, o cümlədən haqsız rəqabətin mövcudluğu, qiymətləndiricilərin davranış qayda və prinsiplərinin müəyyən edilməməsi və digər məsələlərdən bəhs edib.
    Elnur Əliyev bildirib ki, 6 fəsil 27 maddədən ibarət qanun layihəsində yuxarıda qeyd olunan məsələlər, habelə sənədlə bağlı aparılan müzakirələrdə Qiymətləndiricilər Cəmiyyəti tərəfindən irəli sürülən təkliflər nəzərə alınıb. Layihənin qəbulu qiymətləndirmə fəaliyyəti sahəsində mövcud olan boşluqların və problemlərin aradan qaldırılması, fiziki və hüquqi şəxlərin qiymətləndirmə fəaliyyəti ilə məşğul olması ilə bağlı tələblərin müəyyən edilməsi, ümumilikdə qiymətləndirmə fəaliyyəti ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə xidmət edəcək.
    İclasda iştirak edən Ədliyyə Nazirliyinin Baş İdarə rəisi Adil Əliyev sənədə əks olunan Qiymətləndiricilər Palatasının təsis edilməsi, fəaliyyətinin təşkili və onun orqanları ilə bağlı məsələ barədə danışıb. O, habelə qiymətləndirmə fəaliyyətinin həyata keçirilməsi üçün layihədə təsbit olunan tələblər, ixtisas imtahanının təşkili və keçirilməsi qaydaları, qiymətləndirməyə görə xidmət haqqı və bir sıra digər məsələlərə də toxunub.
    Tədbirdə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Oruc rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verib. O, sənəddə əks olunan məsələlərin haqsız rəqabətin aradan qaldırılması baxımından əhəmiyyətindən danışıb, sertifikatlaşdırma prosesi, qiymətləndirmə sahəsində müvafiq standartlarla bağlı və digər qeydlərini diqqətə çatdırıb.
    Müzakirələr zamanı komitənin sədr müavini Əli Məsimli, üzvləri Vüqar Bayramov, Vahid Əhmədov, Mahir Abbaszadə, Aydın Hüseynov, Məzahir Əfəndiyev, Rüfət Quliyev layihə barədə öz fikirlərini, qeyd və təkliflərini bildiriblər.
    Deputatların qaldırdıqları bəzi məsələlərə aydınlıq gətirildikdən sonra, qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.
    İclasda komitə üzvləri Elnur Allahverdiyev, İmamverdi İsmayılov, Anar Məmmədov, İqbal Məmmədov, Məşhur Məmmədov, Ziyad Səmədzadə və digər rəsmi şəxslər iştirak ediblər.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR