Marşal adalarında toxunulmamış dəniz ekosistemi tapılıb

Sakit okeanın ucqar nöqtəsində yerləşən Marşal adalarında insan fəaliyyətindən kənarda qalmış nadir dəniz ekosistemi aşkarlanıb.
“Frontiers in Marine Science” jurnalında yayımlanan araşdırmaya görə, Bikar və Bokak mərcan atolları təbii bioloji müxtəlifliyini qoruyub saxlayan nadir ərazilər sırasındadır.
Havay Universitetinin alimləri insan məskunlaşmalarından yüzlərlə kilometr uzaqda yerləşən bu ərazilərin dəniz həyatını tədqiq ediblər.
Sualtı aparatların və xüsusi kameraların köməyi ilə aparılan araşdırmalar nəticəsində 38 fərqli ailəyə mənsub 266 rif balığı növü müəyyənləşdirilib. Məlum olub ki, köpəkbalıqları ümumi balıq biokütləsinin 34 faizini təşkil edir. Bu göstərici sağlam və tarazlı okean ekosisteminin əsas əlamətlərindən biri kimi qiymətləndirilib.
Alimlər 275 metr dərinlikdə apardıqları tədqiqat zamanı elmə məlum olmayan 14 balıq növü də aşkar ediblər.
Tədqiqatçılar bildirirlər ki, ərazilərin təcrid olunmuş vəziyyətdə olması onları qlobal istiləşmənin təsirlərindən tam qorumur. Dəniz suyunun temperaturunun yüksəlməsi və mərcanların ağarması bu ekosistemlər üçün də ciddi təhlükədir.
Alimlər daha sonra ABŞ-nin ötən əsrin ortalarında nüvə sınaqları keçirdiyi Bikini Atollunda araşdırmalar aparıblar. Burada radioaktiv çirklənmənin təsiri ilə məhv olmuş riflər və dəniz canlılarının həyatına dəyən zərər müşahidə edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.