AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ev alarkən nələrə diqqət etməliyik? - Ekspertdən TƏHLİL

  • + A
  • - A
  • 17-11-2022, 16:40

    Ev alarkən nələrə diqqət etməliyik? - Ekspertdən TƏHLİL

    Ev alqı-satqısı zamanı vətəndaşlar haqsızlıqlarla üzləşir. Bəzən 1 mənzil 5 adama satılır, bəzən qeydiyyatda olanlar evi satarkən tezliklə çıxacağını vəd etsələr də, sonradan öhdəliyi yerinə yetirmir, sənədsiz evlərdə isə Etibarnamə verən vəfat etdikdə, boşandıqda qarşı tərəf problem yaşayır. Ev alarkən nələrə diqqət etməliyik?
    Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyevlə suallara cavab verərək oxucularımızı maarifləndirməyə çalışdıq.
    Azadmedia.az Elnur Fərzəliyevin fikirlərini təqdim edir:
    Azərbaycanda daşınmaz əmlakların alqı-satqısı müxtəlif yollarla aparılır. Çıxarışlı mənzillərin alqı-satqısı mütləq şəkildə notarial qaydada aparılır, müqaviləli mənzillərin, yeni tikili binalardakı mənzillərin satışını tikinti şirkəti özü həyata keçirir. Ölkəmizdə çox sayda, xüsusən paytaxt Bakı şəhərində 500 mindən artıq çıxarışı olmayan fərdi həyət evləri var ki, onların da satış prosesləri alan vətəndaşlarla satıcılar satışı özləri bildikləri formada aparırlar.

    Sənədsiz həyət evləri

    Sənədsiz həyət evlərində hər hansı bir rəsmiyyət daşıyan sənəd olmadığına görə hər iki tərəf sadəcə bir-birlərinə olan inam, etibarla məsələni həll edir. Mənzili satan şəxs alıcıya Etibarnamə verir, Etibarnamədə mənzilə sərəncam varsa, orda qeyd olunur ki, mənə məxsus olan ev etibar edilir, yaxud hansısa bir layihə çəkilir, daha sonra həmin mənzildəki qaz, su, işıq sayğacları alıcının adına keçirilir. Əgər mümkündürsə alıcı həmin evə qeydiyyata düşür. Təbii ki, bu alqı-satqı forması tam yanlışdır, çünki Etibarnamə verən şəxs əgər dünyasını dəyişərsə artıq Etibarnamə öz hökmünü itirmiş olur, evin keçmiş sahibi vərəsə kimi sayılır, həmin mülkün üzərində onun hüquqları yaranır. Yaxud Etibarnamə verən şəxsin ailədaxili boşanma məsələsi olarsa, o zaman yenə həmin Etibarnamə öz qüvvəsini itirə bilər və həmin mülk ər-arvad arasında bölünə bilər. O baxımdan bu gün yüz minlərlə fərdi həyət evi var ki, Çıxarışızdır, onların alqı-satqısı baş verir, amma o alqı-satqılarla bağlı heç bir rəsmi addım atılmayıb. Rəsmi addım atılmadığına görə də vətəndaşlar sadəcə çıxarışsız evlərin satışı ucuz olduğuna görə məcburiyyət qarşısında qalıb həmin evləri alırlar.

    Nə etməli?

    Daha yaxşı olar ki, vətəndaş sənədsiz evləri alarkən mütləq şəkildə mülki işləri yaxşı bilən bir hüquqşünas, yaxud vəkillə rəsmi müqavilə bağlasın, mümkün qədər həmin hüquqşünas məlumat toplayıb evalan vətəndaşa tam məlumat verə bilsin. Çünki çıxarışı olmayan həyət evləri alırlar və daha sonra məlum olur ki, həmin fərdi həyət evinin tikildiyi torpaq yaşayış təyinatlı deyil, digər təyinatlı torpaqlar üzərində tikilib, oraya Çıxarışın verilməsi hal-hazırda mümkün deyil. Və yaxud tikinti normativlərindən kənar inşa olunmuş tikinti olduğuna görə yenə də Çıxarış almaq problem yaradır.

    Yeni tikilən binalarda mənzil alınarkək nəyə diqqət etməli?

    Yeni tikili binalardakı mənzillərin satışı zamanı da vətəndaş mütləq şəkildə hansısa bir hüquq şöbəsinə müraciət etməli, hüquqşünasla yaxınlaşmalı, hüquqşünas şərt olaraq, tələb olaraq MTK-dan lazımi sənədləri tələb edib yoxlamalıdır. Keçmiş zamanlarda biz dəfələrlə şahidi olmuşuq ki, yeni tikili binalarda mənzillər 2, 3 hətta 4 nəfərə satılıb. Vətəndaşlar illərlə məhkəmələrdə süründürməçiliklə üzləşirlər ki, bunun da həlli yolu çox çətindir. O baxımdan vətəndaş hansısa bir alqı-satqı prosedurunu bilməyə bilər. Bəzi şəxslər var ki, cəmi ömründə bir dəfə mənzil alıb, onun baş verən proseslərdən məlumatsız olması normaldır.

    Çıxarışlı mənzillərin alqı-satqısı


    Çıxarışlı mənzillərə gəldikdə isə Çıxarışı olan mənzillər notarial qaydada alqı-satqı olunur. Notarius lazım olan bütün sənədləri təqdim edir, alqı-satqı notarial qaydada olduğuna görə pul bank vasitəsilə satıcıya köçürülür. Hər bir əməliyyat rəsmiyyət üzərində aparılır. Yalnız Çıxarışlı mənzillərdə bəzən olur ki, qeydiyyatda qalan şəxslərin ailə üzvləri öhdəlik götürsələr də, uzun müddət həmin mənzildən qeydiyyatdan çıxmırlar. Mənzildən qeydiyyatdan çıxmayanda da vətəndaş həmin mənzili təkrar satarkən mütləq şəkildə keçmiş sakinləri, yəni qeydiyyatda olan həmin şəxsləri natariusa dəvət etməlidir, çünki onların razılığı olmadan həmin alqı-satqı prosesi baş tuta bilmir.

    Bu zaman nə etməli?

    O üzdən vətəndaş mənzil alırsa və həmin mənzildə qeydiyyatda başqa bir adamlar qalıbsa onların qısa müddətdə çıxmağını tələb etsin, onlar qeydiyyatdan çıxdıqdan sonra alqı-satqı etsə, daha yaxşı olar. Yaxud notarial qaydada öhdəlik yazdırsın və həmin şəxslərdən girov olaraq pul saxlasın. Belə olduqda qarşı tərəf öz üzərində məsuliyyət hiss edib qısa müddətdə həmin mənzildən qeydiyyatdan çıxsın.

    Vərəsəlik, yaxud Bağışlanma



    Valideynlər tərəfindən Bağışlanma yolu ilə də mənzillər öz övladlarına verilə bilir. Bu, notarial qaydada vərəsəliklə baş tuta bilir. İstənilən halda vətəndaş Çıxarışlı-Çıxarışsız hər hansı bir mənzil alarkən bu sahənin bilicilərinə yaxud hüquqşünaslara müraciət etsələr, rəsmi müqavilə ilə işi onlara həvalə etsələr, əgər gələcəkdə hər hansısa bir problem baş verərsə, vətəndaşın üzrəndən məsuliyyət uzaqlaşır, həmin işi aparan hüquqşünasın üzərində qalır.
    Hazırladı: Elnurə Abuşova


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR