NVİDİA YENİ “ROBOT BEYNİ” SATIŞA ÇIXARIB
Dünyanın aparıcı çip istehsalçılarından olan Nvidia Jetson AGX Thor adlı ən son robotika modulunu satışa çıxarıb. Şirkət bu çipi “robot beyni” adlandırır. Developer dəstləri 3 min 499 dollar qiymətində təqdim olunur və ilk göndərişlər gələn ay başlayacaq.
Şirkət bildirib ki, istehsalçılar əvvəlcə Jetson Thor dəstləri ilə robot prototiplərini hazırlayacaq, daha sonra isə istehsal üçün nəzərdə tutulan Thor T5000 modullarını ala biləcəklər. Min ədəd və daha çox sifariş verildikdə hər modulun qiyməti 2 min 999 dollara endiriləcək.
Jetson Thor çipləri Blackwell qrafik prosessoru əsasında hazırlanıb və əvvəlki nəsilə nisbətən 7,5 dəfə sürətlidir. Bu çiplər generativ süni intellekt modellərinin işlədilməsi, böyük dil modelləri və vizual interpretasiya sistemləri üçün optimallaşdırılıb. 128 GB yaddaşa malik olması humanoid robotlar üçün genişmiqyaslı süni intellekt modellərinin tətbiqinə imkan verir.
Nvidia-nın məlumatına görə, Jetson texnologiyasından Amazon, Meta, Agility Robotics və Boston Dynamics kimi şirkətlər istifadə edir. Şirkət həmçinin robotika sahəsinə strateji sərmayələrini artırmaqda davam edir.
Hazırda robotika biznesi Nvidia-nın ümumi gəlirinin yalnız 1 faizini təşkil etsə də, sürətlə böyüyür. Bu ilin may ayında avtomobil və robotika bölməsinin satışları 567 milyon dollar olub ki, bu da illik müqayisədə 72 faiz artım deməkdir.
Nvidia bildirir ki, Jetson Thor çipləri həmçinin avtomobillərdə, xüsusən Çin istehsalı özünüidarə edən nəqliyyat vasitələrində tətbiq oluna bilər. Şirkət avtomobil seqmentində Drive AGX platformasını təqdim edir ki, bu platforma avtomobil əməliyyat sistemi üçün optimallaşdırılıb və robotika çipləri ilə eyni texnologiyaya əsaslanır.