İSRAİLİN ZƏRBƏLƏRİ 5 JURNALİSTİ ÖLDÜRÜB
İsrail ordusunun Qəzzanın cənubunda yerləşən Nasser xəstəxanasına endirdiyi zərbələr nəticəsində azı 20 nəfər həlak olub, onlarla insan yaralanıb. Yerli səhiyyə rəsmilərinin məlumatına görə, ilk hücum xəstəxananın yuxarı mərtəbəsinə, ikinci isə hadisə yerinə toplaşan xilasedicilər və jurnalistlərin olduğu əraziyə yönəlib.
Həlak olanlar arasında beynəlxalq media qurumları ilə əməkdaşlıq edən beş jurnalist də var. Onlardan biri Associated Press agentliyi üçün çalışan 33 yaşlı Mariam Dagga olub. Digərləri isə Al Jazeera, Reuters və Middle East Eye ilə əməkdaşlıq ediblər.
İsrail ordusunun sözçüsü, briqada generalı Effi Defrin bəyan edib ki, hadisə zamanı mülki şəxslərə zərər dəyməsi ilə bağlı təəssüf doğuran faktlar var, lakin İsrail müdafiə qüvvələri mülki şəxsləri və jurnalistləri qəsdən hədəf almır. O əlavə edib ki, baş verənlərlə bağlı dərhal istintaq aparılması barədə qərar qəbul olunub. İsrail Baş naziri Benyamin Netanyahunun ofisi isə zərbəni “faciəvi səhv” adlandırıb.
Hadisəyə münasibət bildirən ABŞ prezidenti Donald Trump baş verənlərdən xəbərdar olmadığını qeyd edib, lakin hücumu “narahatedici və arzuolunmaz” adlandırıb. O həmçinin Hamasın əlində saxlanılan girovların bir neçəsinin artıq ölmüş ola biləcəyini iddia edib.
BMT və beynəlxalq təşkilatların məlumatına görə, 22 aydır davam edən münaqişə nəticəsində Qəzzada 62 mindən çox insan həlak olub. Onların təxminən yarısı qadın və uşaqlardır. Jurnalistlərin Müdafiəsi Komitəsi bildirir ki, müharibə ərzində 189 fələstinli jurnalist öldürülüb. BMT həmçinin 1 500-dən çox tibb işçisinin həyatını itirdiyini təsdiqləyib.