Alimlər müəyyən ediblər ki, insanlara hərəkət üçün konkret marşrut verilmədikdə onlar dünyanın müxtəlif ölkələrində – İspaniyadan Yaponiyaya qədər – sistemli şəkildə saat əqrəbinin əksinə istiqamətdə, yəni sola dönərək hərəkət etməyə meyllidirlər. Bu effekt həm fərdi gəzintilərdə, həm də kiçik qruplarda müşahidə olunub. Araşdırmanın nəticələri Nature Communications jurnalında dərc edilib.
Navarra Universiteti və Tokio Universiteti alimlərinin məlumatına görə, bu qanunauyğunluq ilk dəfə pandemiya dövründə insanların davranışlarının müşahidəsi zamanı təsadüfən aşkar edilib. Videoyazıların təhlili göstərib ki, qapalı məkanlarda insan axınları daha çox saat əqrəbinin əksinə istiqamətdə formalaşır.
Sonrakı təcrübələr zamanı iştirakçılardan qapalı və açıq məkanlarda sərbəst hərəkət etmələri xahiş olunub. Nəticələr göstərib ki, insanların əksəriyyəti yenə sola dönməyə üstünlük verib. Maraqlıdır ki, bu meyl cinsdən, sağ və ya solaxay olmaqdan, eləcə də dominant ayaq və ya göz amilindən asılı olmayıb. Yeganə nəzərəçarpan istisna uşaqlar olub – onlarda sola meyl daha güclü müşahidə edilib.
Alimlər virtual reallıq mühitində də əlavə sınaqlar keçiriblər. Lakin nə mədəni vərdişlər, nə də mümkün biomexaniki asimmetriyalar bu davranışı tam şəkildə izah edə bilib.
Tədqiqat müəlliflərindən birinin sözlərinə görə, hər bir insanda dönmə istiqaməti ilə bağlı kiçik fərdi meyl mövcuddur və kütlə içində bu mikromeyllər birləşərək ümumi hərəkət axını yaradır.
Tədqiqatçılar bildirirlər ki, oxşar davranış xüsusiyyətləri heyvanlarda da müşahidə edilir. Məsələn, qarışqalar yeni əraziləri araşdırarkən də müəyyən istiqamətə dönməyə üstünlük verirlər.
Beynin fəaliyyət xüsusiyyətləri, mədəni normalar və hətta Koriolis effekti kimi çoxsaylı fərziyyələr irəli sürülsə də, bu fenomenin dəqiq mexanizmi hələlik məlum deyil.
Alimlərin fikrincə, bu “məkan qərəzi”nin öyrənilməsi metro stansiyaları, muzeylər, stadionlar və digər ictimai məkanlarda insan axınının daha səmərəli idarə olunmasına və layihələndirməyə kömək edə bilər.