AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Titanik” sərnişini Lüsi Daff-Qordonun brilyant qaşlı üzüyü 145 min dollara satılıb

  • + A
  • - A
  • Dünən, 23:18

    “Titanik” sərnişini Lüsi Daff-Qordonun brilyant qaşlı üzüyü 145 min dollara satılıb


    “Titanik” gəmisinin ən tanınmış sərnişinlərindən biri, britaniyalı modelyer Lüsi Daff-Qordona məxsus brilyant qaşlı üzük hərracda 110 min funt sterlinqə (145 min dollar) satılıb. Bu barədə TASS-a Henry Aldridge & Son hərrac evi məlumat verib.

    Hesab olunur ki, zinət əşyası Lüsi Daff-Qordona nişan hədiyyəsi olaraq verilib. Üzük onilliklər ərzində ailədə qorunub saxlanılıb və nəsildən-nəslə ötürülüb. Adı açıqlanmayan alıcı üzük ilə yanaşı, onun mənşəyini təsdiqləyən məktub və Birmingem Əyar Palatası tərəfindən verilmiş brilyant sertifikatını da əldə edib.

    Bundan əlavə, hərracda Londonun Asprey şirkətinə məxsus siqaret qabı 24 min funt sterlinqə (31 min dollar) satılıb. Bu əşya “Titanik” faciəsindən sonra Daff-Qordon ər-arvadını xilas edən “Karpatia” gəmisinin xəzinədarı Ernest Brauna göstərdiyi köməyə görə minnətdarlıq əlaməti olaraq hədiyyə edilmişdi.

    Lüsi Daff-Qordon (1863–1935) XIX əsrin sonu – XX əsrin əvvəllərində Britaniyanın aparıcı modelyerlərindən biri olub. Onun Londondakı nüfuzlu moda evinin Paris, Nyu-York və Çikaqoda filialları fəaliyyət göstərib.

    Gəminin batması zamanı ledi Daff-Qordon və həyat yoldaşı 1 nömrəli xilasedici qayığa minərək xilas olublar. 40 nəfərlik tutuma malik qayığa cəmi 12 sərnişin yerləşdirilmişdi. Sonradan ər-arvad ekipaj üzvlərinə rüşvət verməkdə və digər sərnişinləri gözləmədən gəmini tərk etməkdə ittiham olunublar. Lakin onlar bu ittihamları təkzib edə biliblər.

    Qeyd edək ki, bundan əvvəl “Titanik” sərnişinlərindən biri, maliyyə maqnatı İsidor Ştrausa məxsus qızıl cib saatı hərracda rekord qiymətə – 2,3 milyon dollara satılmışdı.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR