Azərbaycan musiqi məktəbinin yetirmələri beynəlxalq səhnələrdə uğurlarını davam etdirirlər. Əməkdar artist Aybəniz Haşımovanın rəhbərlik etdiyi akademiyanın tələbəsi Nazilə Hacıyeva ABŞ-də keçirilən 10-cu “Florida Keys” Beynəlxalq Musiqi Müsabiqəsində solo vokal kateqoriyası üzrə ikinci yerə layiq görülüb. Gənc ifaçının bu nailiyyəti Azərbaycan musiqi sənətinin beynəlxalq miqyasda tanıdılması baxımından əlamətdar hadisədir. Müsabiqənin qaliblərinin mükafatlandırılması 8 noyabr 2026-cı ildə Nyu-Yorkun məşhur “Carnegie Hall” konsert salonunda təşkil olunan qala-konsert çərçivəsində keçirilib. Nazilə Hacıyeva müsabiqənin diplomuna əsasən, “Second Place – Voice” mükafatı ilə təltif olunub. Bu uğurda gənc ifaçının istedadı və zəhməti ilə yanaşı, onun peşəkar yetişməsində mühüm rol oynayan müəllim əməyinin də xüsusi payı var. Təsadüfi deyil ki, müsabiqə çərçivəsində Əməkdar artist Aybəniz Haşımova da musiqi təhsili sahəsində göstərdiyi xüsusi fədakarlıq və nailiyyətlərə görə ayrıca diplomla mükafatlandırılıb. Bu təltif onun pedaqoji fəaliyyətinə, gənc istedadların yetişdirilməsinə verdiyi töhfəyə beynəlxalq səviyyədə verilən dəyərin ifadəsidir. Qeyd edək ki, onuncu dəfə təşkil olunan “Florida Keys” Beynəlxalq Musiqi Müsabiqəsi görkəmli Azərbaycan bəstəkarı Cövdət Hacıyevin xatirəsinə həsr edilib. Layihənin əsas məqsədi dünyanın müxtəlif ölkələrindən istedadlı musiqiçiləri üzə çıxarmaq, onların ifaçılıq bacarıqlarının inkişafına dəstək vermək və beynəlxalq musiqi mühitində tanınmalarına şərait yaratmaqdır. Müsabiqə Florida Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının təşkilatçılığı, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilir. Qala-konsertdə 50-dən çox gənc musiqiçi Azərbaycan və dünya bəstəkarlarının əsərlərini orkestrin müşayiəti ilə təqdim edib. Nazilə Hacıyevanın bu uğuru bir daha göstərir ki, Azərbaycan musiqi məktəbinin ənənələri yeni nəsil ifaçıların istedadı və müəllimlərin fədakar əməyi sayəsində beynəlxalq səhnələrdə layiqincə təmsil olunur. “Carnegie Hall” kimi nüfuzlu mədəniyyət məkanında əldə edilən bu nəticə təkcə gənc ifaçının şəxsi nailiyyəti deyil, həm də milli musiqi mədəniyyətimizin tanıdılması istiqamətində dəyərli töhfədir. Azərbaycan musiqisinin sorağının dünyanın mötəbər səhnələrindən gəlməsi, gənc ifaçılarımızın beynəlxalq müsabiqələrdə uğur qazanması milli sənət məktəbimizin yaşarlığının və inkişafının göstəricisidir.